Bu 50 qəpikləri Mikayıl Cabbarov da yığa bilməyəcək… – VİDEO
Bazar günü “Sədərək” ticarət mərkəzindəydik. İstirahət günü olduğu üçün bazarda “iynə atsan yerə düşməzdi”.
Amma ticarət mərkəzində müştəridən çox, avtomobil vardı desək yalan olmaz. “Sədərək”də avtomobil saxlamağa yer tapmaq möcüzə idi.
Minlərlə maşın harda boş yer tapırsa orda saxlayırdılar. Qazanan isə “Sədərək” rəhbərliyidir. Çünki yarmarkanın çıxışında qoyulan şlaqbaumların qaldırılması 50 qəpikdir.
Tamamilə bir qanunsuzluq. Tam bir özbaşınalıq. Hər şlaqbaumun yanında köşk qoyulub. Köşkdə oturan gözgörünməz işçilərin yalnız əl açmalarını görmək mümkündür.
Heç bir sorğu-sualsız, əlini açaraq 50 qəpik alır, şlaqbumu açır və gedirsən. Buna görə nə sürücüyə qəbz verilir, nə də pulu niyə aldıqları əsaslandırılır.
Yəni, qanunsuz biznes qurulub. Ən azından ərazidə parkomatlar quraşdırmaq və yaxun indi yeni cihazlardan istifadə etmək olar.
Di gəl hər gün minlərlə “Sədərək”ə gələn maşınlardan alınan 50 qəpiklər bazar rəhbərliyinə ağılasığmaz dərəcədə pullar qazandırır.
Halbuki, ticarət mərkəzinə gələrək alış-veriş edənlər bazara onsuz da xeyir verirlər. Təbii olaraq, müştərilər maşınlarını ərazidə saxlamalıdırlar. Adi məntiqdir.
Sürücülər deyirlər ki, hansısa marketə girib çörək alanda çıxışda dükan sahibinə avtopark pulu ödəmirlər. “Sədərək” TM-dən bazarlıq etmək də oxşar vəziyyətdir.
Amma “Sədərək” rəhbərliyinin deyəsən, gözü döymür və hər sürücüdən 50 qəpik alınmaqla bazarda milyonlar dövr edir. Nəticədə vergidən böyük pullar yayındırılır.
Vergilər naziri Mikayıl Cabbarov isə qəbzsiz, qanunsuz giriş haqqı ilə bağlı hələ ki tədbir görməyib. Hərçənd, ötən il bazarda vergi yoxlamaları aparılmışdı və icarə haqları qaldırılmışdı.
2015-ci ilin payızında keçmiş MTN-də aparılan səs-küylü həbslərdən sonra bazar rəhbərliyi 2-3 ay sahibkarlardan icarə haqqı yığmamışdı.
Səbəbi izah edilməsə də, bunu “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin keçmiş MTN rəhbərliyi ilə yaxın münasibətlərilə bağlayanlar olub.AzEuroNews.com