General jurnalisti təhqir etdi - “Sənin var-yoxunu...”- SƏS YAZISI
Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.
Bizim yol xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.
Xəbərdə Nəciməddin Əliyevin kimliyi ilə bağlı unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.
Məsələ ilə bağlı bizim yol-un əməkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O jurnalistə bu barədə açıqlama vermək və verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir edib, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə edib.
Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub. Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.Polis general-mayorudur.