“AAAF Park” ev alanları necə peşman edir? - müdhiş fırıldaq faktları
"2013-cü ildə "AAAF Park”-ın 22-ci küçəsindən həyatımın ən böyük səhvlərindən birini edib ev aldım”
Redaksiyamız Politika.Az-a istinadən xəbər verir ki, bunu mənzil sahibi Vüsal Haqverdiyev şikayət məktubunda bildirib.
Onun sözlərinə görə, belə bərbad, məsuliyyətsiz, sakinləri vecinə almayan bir kompleksdən ev aldığına peşmandır: "Mənzili dedikləri vaxtdan 1 il gec təhvil verdilər, əgər buna təhvil vermək demək olarsa. Plastik pəncərələrim hələ də qırıqdır, binanın fasad üzlük emusiyası, yağış novalçaları görüntü xətrinədir, bir az yağış yağan kimi divarlar suyun içində qalır”.
Payçı qeyd edir ki, binada istilik üçün yeganə mənbəyimiz elektrikdir: "Binaya mərkəzi istilik sistemi xətləri çəkilsə də, ümumiyyətlə verilməyəcək deyirlər. Keçən qış aylarından may ayına qədər istilik olmadığı üçün qohumlarda qalmışam.
Qaz məsələsi isə böyük bir problem olub, aylardır həll oluna bilmir. Ən son o vəziyyətə gəlib ki, sayğac almağa pulumuz yoxdur deyirlər. İşıq isə demək olar ki, hər gün sönür və 10 dəqiqə bəsdir ev buz kimi olsun. Deyilən təklif və şikayətlərə baxan yoxdur”.
V.Haqverdiyevin sözlərinə görə, alqı-satqı müqaviləsində binanın qabağında villalar göstərilib: "Sonradan villaları söküb binalar tikməyə başlayıblar. Aylardır ki, bina qalıb tikintinin ortasında…Səs-küy, palçıq, toz-torpaqdan yaşamaq olmur.
Mənzilin sahəsinin hesablanmasına gəlincə, qanunun tələbləri pozulub. Mənzillərin sahəsini divarların çölündən hesablayırlar. Bu da mənzilimdə 13 kv fərq edir.
Bu qədər problemin ortasında artıq 1 ilə yaxındır ki, sakinlərdən mənzilin hər kv.m-i üçün 20 qəpik tələb olunur. Bir neçə gün qabaq rəhbərlikdən əlaqə saxladılar, amma heç bir məsələ həll edilmədi”.
Bakıda yeni tikilən binalardan mənzil alan vətəndaşlar o qədər problemlərlə üzləşiblər ki, indi "novostroyka”da ev almaq istəyənlər xeyli tərəddüd yaşayırlar.
Bəzi binaların çox keyfiyyətsiz tikilməsi, bəzilərində qiymətlərin bahalığı, bəzilərində isə mənzil alan müştərilərə verilən vədlərin yerinə yetirilməməsi mənzil almaq istəyənlərin arzusunu ürəyində qoyur.
Hər gün telekanallarda reklamı verilən tikinti komplekslərinin çoxu haqqında araşdırma apardıqda isə vəziyyətin həqiqətən də çox acınacaqlı olduğu üzə çıxır.
Mənzil alınan zaman müştərilərlə bağlanan müqavilələrdə mənzilin sakinlərə təhvil veriləcəyi vaxt göstərilməyib. Ancaq AAAF Parkın satış ofisində müştərilərə mənzillərin təhvil veriləcəyi vaxt və binalardakı kommunal xidmətlər haqqında geniş məlumat verilir.
Sakinlər bildirirlər ki, mənzil alınan zaman müqavilə imzalanmazdan öncə AAAF Park-ın hüquq şöbəsinə də yaxınlaşırlar.
Orada da bildirilir ki, mənzillər deyilən vaxtda sakinlərə təhvil veriləcək, burada heç bir aldadılmadan söhbət gedə bilməz. Amma vətəndaşlar vaxtında mənzili təhvil ala bilmir.