Bakı, 1 may — Azadmedia.az
Xəbər verdiyimiz kimi, 1-3 may tarixlərində Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə gerçəkləşir.
Rəsmi açılış mərasimindən sonra Bakı Konqres Mərkəzdə Forumun I plenar sessiyası keçirilib. “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusuna həsr olunan sessiyadan əvvəl UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosa açılış nitqi ilə çıxış edib.
Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru professor Mayk Hardinin moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev çıxış edib. O, Forumun beynəlxalq sülhü təşviq edəcəyinə əminliyini bildirib.
Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Konqonun paytaxtı Brazzavildə baş məsləhətçi Jan Kristof Bas 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da iştirak etdiyini diqqətə çatdırıb: "Biz ilk Forumda iştirak edəndə bu təşəbbüsün qlobal müstəvidə qəbul olunacağını təxmin etmirdik. Ancaq zaman göstərdiyi “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlər arasında dialoq üzrə yeganə qlobal platforma kimi edilir. Bu inkişaf məni müsbət mənada çox təsirləndirdi”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov çıxışında dini müxtəliflik mövzusuna toxunub. Bildirib ki, Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrə xüsusi diqqət yetirmək istəyirəm. Fond tərəfindən Azərbaycanda və bir sıra ölkələrdə bu sahə üzrə müxtəlif layihələr həyata keçirilib.
Soltan Məmmədov Heydər Əliyev Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vandalizmə məruz qalmış, dağıdılıb talan edilmiş tarixi-mədəni və dini irsin bərpasına və yenidən qurulmasına da öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin Forumun əhəmiyyətini yüksək qiymətləndirib. O, ölkəsinin Şərqlə Qərb arasında bağlantı rolunu oynadığını bildirib.
Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson söyləyib ki, biz hamımız bəşəriyyətin bir hissəsiyik: Dünyada qütbləşmə və etimad çatışmazlığının artdığı bu zamanda biz elə bir sülh mədəniyyəti formalaşdıra bilərik ki, o, əməkdaşlığa yol açsın, hər bir insanın mövqeyi dəyərləndirilsin. Bu mənada, Forum unikal bir platformadır. Bəşəriyyət bu gün öz yumşaq qüvvəsi ilə fərəhlənməlidir".
ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka deyib ki, Forum çərçivəsində dialoqun sülh və qlobal təhlükəsizlikdə rolunu müzakirə etməliyik. Cəmiyyətdə gənclərin və qadınların rolundan danışan səfir bildirib ki, sülh quruculuğunda qadınların iştirakı cəmiyyətlər üçün fayda verə bilər: “Biz ahəngdar dinc şəraitdə yaşayan cəmiyyət haqqında danışırıqsa, orada gənclərin rolu mütləq qeyd olunmalıdır”.
“Satyarthi” Qlobal Şəfqət Hərəkatının icraçı direktoru Asmita Satyarthi çıxışında Forumun zəngin proqramı olduğunu, aktual məsələlərin müzakirə olunacağını deyib: “Hazırda biz sivilizasiyalar böhranın ortasındayıq. Təəssüf ki, hazırda dünyada uşaq əməyindən istifadədə xeyli artım var. Gəlin, bu məsələlərə qarşı mübarizədə səylərimizi birləşdirək”.