Bakı, 26 iyun — Azadmedia.az
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil olunub. “26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür" adlı tədbirdə Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin, eləcə də “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları iştirak etmişlər. Giriş sözü ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova qoruq əməkdaşlarını salamlayaraq bildirmişdir ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də böyük inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi sayəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Daha sonra çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov qeyd etmişdir ki, tarixin bütün dövrlərində ordu dövlətin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında, regionda və dünyada söz sahibi olmasında xüsusi rola malik olub. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları Naibə Məmmədova, Zaur Cəfərov, Yusifli Emin, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Kompleksin əməkdaşları Ülkər Zeynalova, Səriyyə Abidova çıxışlarında ordu quruculuğunun tarixinə nəzər salaraq bildirmişlər ki, Azərbaycan hərb meydanında hər zaman öz sözünü söyləmiş, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirib və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycan ordusunun son yüzillikdə qazandığı ən böyük zəfərdir.
Tədbir mövzu ətrafında müzakirələrin aparılması ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.