Dünən sosial şəbəkələrdə yayılan görüntülər bir daha sübut edir ki, yollarda təhlükəsizlik qaydalarına əməl olunmaması faciəvi nəticələrə gətirib çıxarır. Qəzanın videosundan da aydın görünür ki, hadisənin baş verməsinə bir neçə amil səbəb olub: yüksək sürət, düzgün bərkidilməmiş yük və məsuliyyətsizlik.
Azadmedia.az sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq xəbər verir ki, nəlumata görə, yük maşınının arxa hissəsində daşınan dəmir borular bağlanmayıb. Bu da döngədə hərəkət zamanı boruların yerdəyişməsinə və maşının tarazlığını itirərək çevrilməsinə gətirib çıxarıb. Belə hallarda yükün düzgün bərkidilməməsi yalnız sürücünün deyil, bütün yol hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.
Hadisə nəticəsində yük maşınının sürücüsünün həyatını itirdiyi bildirilir. Lakin məsələ yalnız bununla bitmir. Qəzaya görə məsuliyyət daşımalı tərəflər kifayət qədərdir:
Yükü düzgün şəkildə yerləşdirməyən və bərkitməyən şəxslər;
Belə təhlükəli vəziyyətdə maşının yola çıxmasına icazə verənlər;
Yükün daşınma qaydalarına nəzarət etməli olan qurumlar.
Yük maşınlarının günün müxtəlif saatlarında yola buraxılması, xüsusilə də insanların sıx hərəkət etdiyi vaxtlarda dövriyyəyə çıxması ayrıca müzakirə mövzusudur. Bu məsələyə nəzarət gücləndirilmədikcə, hər an faciə ilə nəticələnəcək oxşar hadisələrin baş verməsi qaçılmazdır.
Mütəxəssislər də dəfələrlə xəbərdarlıq ediblər ki, təhlükəli yüklərin daşınması xüsusi nəzarət tələb edir. Bu nəzarət olmadığı halda, insanların həyatına qəsd deməkdir. Təəssüf ki, bu qəza da həmin məsuliyyətsizliyin acı nəticəsini göstərdi.
Cəmiyyətin gözləntisi isə aydındır: məsələ diqqətlə araşdırılmalı, yalnız sürücü deyil, bütün məsul şəxslər cavab verməlidir. Əks halda, bu cür hadisələr təkrarlanmaqda davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.