Azərbaycanda eşitmə və nitq əlilliyi olan şəxslərin sayı açıqlanıb
Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov "Azərbaycan Jest Dili Tətbiqi" layihəsinin təqdimatında çıxışı zamanı məlumat verib.
O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir:
"Ölkədə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə olunub. Eşitmə və nitq əlilliyi olan şəxslər də digər kateqoriyada olanlar kimi dövlət tərəfindən çoxşaxəli dəstəklə əhatə olunub və müxtəlif sahələrdə çalışırlar".
Nazir müavini qeyd edib ki, inklüziv yanaşmanın gücləndirilməsi və əlçatanlığın artırılması məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq genişləndirilir:
"Bu da xüsusi qayğıya ehtiyacı olan şəxslərin layiqli həyat şəraitinə malik olmaları üçün zəmin yaradır".