Lənkəranda qazilərin iştirakı ilə baş verən xuliqanlıq olayı ictimai qəzəb doğurub.
Məlumata görə, oktyabrın 28-də gecə saatlarında Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
Araşdırmalarla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb. Orada o, dostları — 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədov ilə birlikdə Şirməmmədovu döyərək ona xəsarət yetirib.
Hadisə zamanı C.Şirməmmədovun köməyə gələn dostu da A.Şükürzadə tərəfindən döyülüb.
Polis əməkdaşları tərəfindən hər üç şəxs saxlanılıb. Araşdırma zamanı onların sərxoş vəziyyətdə olduğu müəyyən edilib.
Qeyd olunur ki, saxlanılan şəxslər II Qarabağ müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.
Hadisə ilə bağlı sosial şəbəkələrdə “qazilik adına kölgə salan bu kimi hərəkətlərin yolverilməz olduğu” qeyd olunaraq məsuliyyətin sərtləşdirilməsi tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.