Yol qəzaları nə zaman baş verir və niyə? – MÜNASİBƏT
Türkiyədə aparılan araşdırmalara görə, qəzalar daha çox yay aylarında, həftənin çərşənbə axşamı, saat 17.00-18.00 radələrində baş verir. Müşahidələrə görə, qəzalara daha çox sürət həddi səbəb olur. Manevr qaydalarının pozulması, qəzada ölüm səbəbi araşdırılarkən təhlükəsizlik kəmərinin taxılmaması, sükan arxasında mobil telefondan istifadə edilməsi, diqqəti yayındıran söhbətlərin edilməsi, qəzalara səbəb olan amillər arasındadır.
Maraqlıdır, Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda yol-nəqliyyat hadisələri, əsasən, həftənin şənbə və bazar günləri, saat 20:00-dan 24:00-a qədər baş verir.
O qeyd edib ki, 2018-ci il ərzində yol qəzaları, əsasən Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, şəhər şosesi, Zığ şosesi, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.
V.Əsədovun sözlərinə görə, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.
Nəqliyyat eksperti Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, avtomobil qəzaları daha çox həftənin iş günləri Bakı şəhərində, bazar günləri isə bölgələrdə baş verir. Bu qəzalar da sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin iştirakı ilə baş verən qəzalardır.
E.Muradlının sözlərinə görə, avtomobil qəzaları günün səhər və axşam saatlarında, yəni daha çox pik saatlarda baş verir: “Bu saatlarda daha çox sıxlıq olduğu üçün sürücülərdə aqressiya, psixi gərginlik yaranır və əksər sürücülər qayda pozmağa meyllənirlər. Bu da çox zaman avtomobil qəzaları ilə nəticələnir”.
O qeyd edib ki, əksər qəzalar Moskva, Qara Qarayev, Nobel və Heydər Əliyev prospektlərində baş verir. Prospektlərin əksəriyyətində, xüsusən də kənar dairəvi yolda sürət həddi yüksək olduğu üçün qəzaların ağırlıq dərəcəsi də yüksək olur.
“Çox zaman da qəzalar ölümlə nəticələnir. Keçən il imzalanan “Yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramına əsasən, həmin ərazidə baş verən qəzaların səbəbləri araşdırılmalı və ona dair adekvat addımlar atılmalıdır. Çünki söhbət insan həyatından gedir. Hər bir qəza ocağının müayinəsi aparılmalı, nəticəsi də cəmiyyətə açıqlanmalıdır. Bununla bağlı maarifləndirmə, təbliğat işləri aparılmalıdır ki, sürücülər qəzaların baş vermə səbəbini bilsin” – Muradlı deyib.
Psixoloq Fərqanə Mehmanqızı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil qəzalarına daha çox diqqətsizlik, sərxoş halda avtomobil idarəetmə, sürət həddi, yol hərəkəti və digər psixoloji pozuntular da səbəb ola bilər: “Avtomobil idarə etməyə bədənlə yanaşı ruh da hazır olmalıdır. Yuxusuz, yorğun halda avtomobil idarəetmə diqqətin dağılmasına səbəb olur və bu da güclü qəzaların baş verməsi ilə nəticələnir”.
Psixoloq qeyd edib ki, qəzalar daha çox 31-35 yaşlı şəxslər tərəfindən törədilir: “Çünki bu yaşlarda insanların ailəvi problemləri daha çox olur. Və yollarda qarşılaşdıqları problemlərə qarşı daha aqressiv olurlar. Bundan əlavə, yorğunluq, fikrin başqa yerdə olması, diqqətsizlik yol qəzalarına səbəb ola bilər”.
Psixoloq, həmçinin deyib ki, bəzi qəzalar uzun yollarda daha çox baş verir: “Çünki yollarda çəkilmiş xətlər insanları hipnoz edir, sürücülər sürət həddini itirir və qəza baş verir. Bu kimi hallar daha çox axşam saatlarında baş verir”.