AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokuror polkovnik Oktay Babayev üçün 3 il 1 ay həbs cəzası istəyib

  • + A
  • - A
  • Bu gün, 10:24

    Prokuror polkovnik Oktay Babayev üçün 3 il 1 ay həbs cəzası istəyib

    Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    İclas zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

    Məhkəmədə zərərçəkmiş kimi tanınan mayor Ruhin Tağıyev də çıxış edib. O, dəymiş ziyanın tam ödənilməsi halında Oktay Babayevlə barışmağa hazır olduğunu bildirib.

    Cinayət işi üzrə ittihama əsasən, Babayev Ruhin Tağıyevdən 30 min manat pul alıb. İstintaqın versiyasına görə, bu vəsait Tağıyevin hərbi xidmətdə qalmasına və sərəncama göndərilməməsinə köməklik göstərilməsi vədi ilə verilib.

    Babayevə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxs isə ittihamı qəbul etmir.

    Məhkəmədə Ruhin Tağıyev pulu Zaur adlı şəxsin iştirakı ilə verdiyini və vəsaiti borc götürdüyünü deyib.

    İş üzrə şahidlərin ifadələri də araşdırılıb. Polkovnik-leytenant Kamil Cəlilovun məhkəmədə verdiyi ifadələrlə bağlı onun yalan ifadə verməsi ehtimalının araşdırılması üçün xüsusi qərardad qəbul edilib.

    Məlumat üçün bildirək ki, Oktay Babayev uzun müddət Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. O, Naxçıvan Muxtar Respublikası Hərbi Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.

    2026-cı ilin mayında Babayev Baş Tibb İdarəsi rəisinin müavini vəzifəsindən azad olunaraq yaş həddinə çatması ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılıb.

    Məhkəmənin yekun qərarı açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR