CBS: İran İordaniyadakı ABŞ aviabazasına zərbə endirib – hərbi təyyarələrə ziyan dəyib

İranın çərşənbə gecəsi İordaniyada yerləşən ABŞ-ın Müvəffəq Səlti aviabazasına endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsinin zədələndiyi bildirilir.
Bu barədə CBS telekanalının jurnalisti Cennifer Ceykobs sosial şəbəkə hesabında mənbələrinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 Thunderbolt II hücum təyyarələrindən biri ciddi zədələnib və onun qanadlarından biri qopub.
Bundan başqa, təxminən 8 ədəd F-15 qırıcısının yüngül zədələndiyi, lakin daha sonra yenidən istismara qaytarıldığı qeyd olunur.
Ceykobsun məlumatına əsasən, hücumu dəf etmək üçün ABŞ hava hücumundan müdafiə qüvvələri 30-dan çox “Patriot” raketindən istifadə edib.
Jurnalist bildirib ki, aviabazaya dəyən zərərin ABŞ-ın bundan əvvəl İrana məxsus beş tankerə hücumu ilə əlaqəli olduğu ehtimal edilir. Həmin hücumun isə İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisinə qarşı hücumuna cavab olaraq həyata keçirildiyi vurğulanıb.
Qeyd edək ki, CBS-in yaydığı məlumat hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.