"Qışqırıb qonşuları çağırmaq istəyəndə atam məni bıçaqla hədələdi" - Ata 19 yaşlı qızını....
Yeganə övladını öldürmək istəyən ata törətdiyi əməli 19 yaşlı qızının oğlanlarla görüşüb-danışması, işdən evə gec qayıtması ilə əsaslandırıb
Əlini doğma balasının qanına buladıqdan sonra isə ölkəni tərk etmək üçün Qazax istiqamətinə yollanıb. Amma Qazax-Gürcüstan sərhəddində saxlanılaraq polisə təhvil verilib.
On yeddi bıçaq zərbəsi alan, möcüzə nəticəsində sağ qalan gənc qız isə içki düşkünü olan atasının ona şər atdığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində 60 yaşlı Sərdar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Sərdar Səmədov onunla rəsmi nikahda olan, lakin faktiki olaraq ayrı yaşayan həyat yoldaşı Baysaba Səmədova və qızı Nigar Səmədova ilə aralarında yaranan münaqişəyə görə onlardan qisas alaraq öldürmək qərarına gəlib. Bu məqsədlə 9 yanvar 2017-ci ildə axşam saatlarında Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsindəki mənzilə gələrək hasardan aşıb, pilləkənlərin arxasında gizlənərək qızının işdən qayıtmasını gözləyib. N.Səmədova həyətə daxil olub evin qapısını döymək istədikdə onun üstünə hücum çəkib, bıçaqla çoxsaylı xəsarətlər yetirib. Səs-küyə qızının köməyinə gələn arvadı Baysabaya da bir neçə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ana-balanı Kliniki Tibbi Mərkəzə aparıblar.
“Evdə ər kimi, ata kimi məni sayan yox idi”
Təqsirləndirilən şəxs qismində dindirilən Sərdar Səmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində 1970-ci illərdən Rusiyanın Çita vilayətində yaşadığını, orada olduğu müddətdə cinayət törətdiyini və 7 il cəza aldığını, SSRİ-nin süqutundan sonra Azərbaycana qayıtdığını göstərib: “Əvvəllər tikintidə kran maşinisti işləyirdim. Baysaba ilə 1997-ci ildə ailə qurmuşam. Birgə nikahdan Nigar adlı qızımız var. Tikinti işləri dayanandan sonra öz avtomobilimdə taksi sürücüsü işləyir, ailəmi dolandırırdım. 2015-ci ilin yay aylarında yoldaşım dedi ki, darıxıram, qardaşımın dükanında işləmək istəyirəm, razılaşdım. Sonra qızım da işləməyə başladı. Bir neçə ay keçdikdən sonra evdə məni ər kimi, ata kimi sayan olmadı”.
“Məni evə buraxmırdılar, maşında gecələyirdim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, dəfələrlə qızına və arvadına iradını bildirsə də, onun sözlərinə məhəl qoymayıblar: “Nigar axşamlar işdən evə gec qayıdırdı. Bir dəfə gecə saat 2-də rəfiqəsinin toyundan içkili vəziyyətdə gəlmişdi. Baysaba isə ana olaraq bunlara göz yumurdu. Kənardan qızımı izləməyə başladım. Oğlanlarla telefonla danışdığını öyrəndim, görüşdüyü şəxslər barədə bəzi şeylər mənə məlum oldu. Bununla bağlı evdə arvadımla aramızda mübahisə düşdü, bıçaqla ona xəsarət yetirdim. Yoldaşımın şikayəti əsasında Abşeron Rayon Polis İdarəsində işə baxılsa da, aramızda barışıq olduğundan cinayət işinin başlanılması rədd edildi”.
S.Səmədovun dediklərindən belə məlum olur ki, bu hadisədən sonra həyat yoldaşı onu evə buraxmayıb. O, gah maşında, gah dost-tanışın evində, gah da Dərnəgül ərazisindəki “gecəqondu evlər”də gecələyib. Gündüzlər Xırdalan ərazisində taksi fəaliyyəti ilə məşğul olub, mütəmadi olaraq qızının işlədiyi marketə gedib-gəlib, kənardan onu izləyib: “İstəyirdim ki, həmin ərazidə olduğumu bilsin, özündə məsuliyyət hiss eləsin. Amma yenə də öz bildiyi kimi hərəkət edirdi. Ona bu işlərdən əl çəkməyəcəyi təqdirdə öldürəcəyimlə hədələmişdim. Hadisə baş verən gün Nigarın maşına əyləşib Masazır istiqamətinə tərəf getdiyini gördüm. Bundan daha da əsəbləşib onu öldürməyi qərara aldım”.
“Qızımı öldürmək istəmişəm, arvadımı yox”
S.Səmədov ifadəsində qızını öldürmək niyyətində olduğunu bir daha açıqlayıb: “Ona qabaqcadan xəbərdarlıq etmişdim. Bu yoldan çəkinmədiyinə görə öldürmək qərarına gəldim. Arvadımı isə öldürmək niyyətim olmayıb. Onu qızını pis yoldan çəkindirmədiyinə görə vurmuşam”.
Qızını öldürməyi planlaşdıran S.Səmədov axşam saatlarında özü ilə bıçaq götürərək həyat yoldaşı və qızının yaşadığı ünvana yollanıb. Hasardan aşaraq həyətə keçib. Pilləkənlərin arxasında gizlənərək Nigarın evə qayıtmasını gözləyib. Saat təxminən 21 radələrində Nigar darvazanı açıb həyətə keçərkən S.Səmədov gizləndiyi yerdən çıxaraq ona hücum çəkib: “Bıçaqla üstünə gələndə vəziyyəti başa düşdü. Qaçmaq istədikdə arxadan boynuna, kürək nahiyəsinə zərbələr endirdim. Səs-küyə qonşular gəldi. Baysaba da qışqırır, köməyə adam çağırırdı. Bıçaqla Baysabaya da zərbə endirdim. Qızımın öləcəyini, özümün isə həbs olunacağımı düşünüb ölkəni tərk etmək qərarına gəldim. Bu məqsədlə taksi ilə Qazax-Gürcüstan sərhədinə yola düşdüm. Sənədləri təqdim edəndə məlum oldu ki, ölkəni tərk etməyimə “stop” qoyulub. Sərhəddə saxlanıldım və sonradan Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildim”.
“Atam içkiyə, dava-dalaşa meylli adam idi”
Zərərçəkmiş qismində dindirilən Nigar Səmədova ifadəsində atasının dava-dalaşa meylli adam olduğunu, evə daim sərxoş vəziyyətdə gəldiyini göstərib: “Atam heç bir səbəb olmadan evdə söz-söhbət salır, mübahisə edirdi. Ümumiyyətlə, içkiyə, davaya meylli adam idi. 2014-cü ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olmuşdum, 2-ci kursa qədər oxudum. Təhsil pullu olduğuna görə davam etdirə bilmədim. Həyat səviyyəmiz zəif idi deyə, anam dayımın mağazasında, mən də marketdə işləyirdim. Dəfələrlə atam evə sərxoş gələrək məni, anamı döyüb, amma polisə şikayət etməmişik. Ötən ilin sentyabr ayının 12-də işdən evə gələndə anamın üst-başı qan içində uzandığını gördüm. Qışqırıb qonşuları köməyə çağırmaq istəyəndə atam məni də bıçaqla hədələdi, həkim çağırmağa imkan vermədi. Anam yaralı halda həyətə çıxıb qonşunu köməyə çağıranda onun saçından tutub evə gətirmək istədi, amma qonşu qapını açdıqda anamı buraxıb qaçdı. Qonşunun köməkliyi ilə anamı xəstəxanaya apardıq. Bu barədə polisə bildirdik. Sonradan həmin iş bağlandı. Atam notariusa ərizə yazaraq Xırdalan şəhəri, 26-cı məhəllədəki fərdi yaşayış evinə dair gələcəkdə heç bir iddiası olmamasını bildirdi. Həmin ərizə notariusda təsdiq edildi. Bundan sonra onun bizimlə bir yerdə yaşamasına icazə verməmişik”.
“Boğazıma, sinəmə zərbələr endirdi”
Zərərçəkmiş ifadəsində hadisə baş verən gün işdən evə qayıdarkən həyət darvazasını açıb içəri keçərkən atası ilə rastlaşdığını göstərib: “Əlində bıçaq üstümə sarı gəldiyini görüncə qışqırıb “ana, qapını açma” deyib darvazaya sarı qaçdım. Məni yaxalayıb bıçaqla boğazıma, sinəmə zərbələr endirdi. Səs-küyə qonşular köməyə gəldi. Atamın anama bıçaqla vurduğunu görmədim. Qonşu bizi maşınla xəstəxanaya apardı”.
N.Səmədova ifadəsində həmçinin göstərib ki, atası özünü müdafiə etmək üçün onlara şər atır, onun ifadəsində göstərdikləri həqiqəti əks etdirmir.
Məhkəmə prosesi iyunun 8-də davam edəcək. (azpolitika)