AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva: Prezident İlham Əliyevin Vaşinqton Səfəri – Yeni Strateji Əlaqələrin Konturları

  • + A
  • - A
  • Dünən, 21:55

    Politoloq Ülkər Piriyeva: Prezident İlham Əliyevin Vaşinqton Səfəri – Yeni Strateji Əlaqələrin Konturları
    Bakı, 7 avqust — Azadmedia.az

    Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri, post-qlobal dönəmdə formalaşan yeni dünya nizamında Azərbaycanın geosiyasi çəkisinin artmaqda olduğunu bir daha sübut edir. Bu səfər sadəcə ikitərəfli münasibətlərin texniki baxımdan təhlili deyil, həm də böyük güclər arasında mövqelərin yenidən bölüşdürüldüyü bir dönəmdə Azərbaycanın öz diplomatik manevr imkanlarını genişləndirməsinin bariz nümunəsidir.

    Prezident İlham Əliyev - Donald Tramp görüşü həm də Avrasiya coğrafiyasının geosiyasi “oyun taxtasında” Cənubi Qafqazın strateji əhəmiyyətinin yenidən aktuallaşdığını göstərir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və regiondaxili sabitlik məsələləri ABŞ-ın maraq dairəsinə çevrilmişdir. Bu mənada Prezident Əliyevin səfəri, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin uğurla davam etdiyini və Bakı-Vaşinqton xəttində yeni səhifələrin açılacağının göstəricisidir.

    Əgər bu mühim səfər çərçivəsində, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutarsa, bu, Cənubi Qafqazda sülh prosesinə beynəlxalq legitimlik qazandırmaq üçün mühüm addım ola bilər. Vaşinqton platforması vasitəsilə baş tutacaq bu cür təmaslar, sülh sazişinin əldə olunması üçün qlobal səviyyəli təzyiqləri və təşviqləri özündə birləşdirir. ABŞ-ın bu formatda iştirakı regionda Avropa İttifaqı və Rusiya ilə rəqabətdə balans yaradacaq və danışıqların neytral zəmində davam etməsinə şərait yaradacaq.

    Əlavə olaraq, Donald Trampın dəvətinin siyasi simvolizmi də unudulmamalıdır. ABŞ-ın daxili siyasətində mühüm oyunçu olaraq qalan Tramp, öz xarici siyasət prioritetlərinə uyğun olaraq, enerji müstəqilliyi, yeni ticarət yollarının açılması və s. kimi məsələlərdə Azərbaycanın potensialına böyük önəm verir. İlham Əliyevin bu səfəri isə Azərbaycanın bu strateji komponentlərdəki rolunu daha da gücləndirə bilər.

    Hesab edirəm ki, bu səfər Azərbaycanın yalnız regional yox, qlobal proseslərdə də aktiv oyunçuya çevrildiyinin təsdiqidir. Diplomatik həssaslıq tələb edən bu cür yüksək səviyyəli təmaslar ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın sabit, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi dəyərləndirilməsi isə Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və xarici siyasət kursunun növbəti təntənəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR