“Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim” – Nazim Süleymanov
Komanda 11 oyuna 5 qırmızı vərəqə aldı. Səhhətimlə bağlı rəhbərliyə müraciət etdim. Məğlubiyyətlər və bu kimi hallar məni əsəbiləşdirir, səhhətimdə problemlər yaranırdı.
Bunu “report”a açıqlamasında “Sumqayıt” klubu ilə yollarını ayıran Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis “gənclik şəhəri” təmsilçisindəki fəaliyyəti dövründə futbolçuların çoxlu qırmızı vərəqə almalarına diqqət çəkib: “11 oyuna 5 qırmızı vərəqə aldıq. Bu qədər qırmızı vərəqə həddindən artıq çoxdur. Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim. Ayrı bir baş məşqçinin gəlməsi komanda üçün yaxşı olar. Ümidvaram ki, bu addımım komandaya xeyir verəcək”.
N.Süleymanov komandanın futbolçuları ilə münasibətinin yaxşı olmaması ilə bağlı yayılan iddiaları təkzib edib: “Belə məlumatlar düzgün deyil. Çempionatın əvvəlində yaxşı çıxış edirdik. Necə oldu ki, qələbə qazananda yaxşı idi, uduzanda pis? Bütün xırdalıqları rəhbərliklə danışdım. Bu gün toplantı oldu. Özüm yaxınlaşıb dedim ki, səhhətimlə bağlı ayrılmaq istəyirəm. Bu, komandanın xeyrinə olacaq. Bir az istirahət etmək istəyirəm. Ondan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm”.
Qeyd edək ki, Nazim Süleymanov “Sumqayıt”a mövsümün əvvəlindən rəhbərlik edirdi.