Amerikalını döyən azərbaycanlı futbolçuya daha bir cəza
Rusiyanın “Spartak” futbol klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevin sürücülük vəsiqəsi əlindən alınıb.
Teleqraf.com xəbər verir ki, müvafiq qərarı Krasnoselski Rayon Məhkəməsi qəbul edib.
Səbəb kimi A.Quliyevin növbəti dəfə qırmızı işıqdan keçməsi göstərilir. Məhkəmə zamanı futbolçu işıqforu görmədiyini sübut etməyə çalışsa da, onun arqumentləri inandırıcı olmayıb.
Xatırladaq ki, aprelin 10-da futbolçu Moskvanın Krasnoprudnıy küçəsindəki piyada keçidində “Mercedes” markalı avtomobili ilə ABŞ vətəndaşı Maykl Ellini vurub. Daha sonra avtomobildən düşərək dava edib, Ellinin burnunu sındırmışdı.
A.Quliyev barəsində yol hərəkəti qaydalarını pozması ilə bağlı inzibati iş açılmışdı. Zərərçəkən M.Koul idmançıdan şikayət etməkdən imtina etmişdi.