Əmanətlərin tam sığortalanması dövrü uzadılmazsa… – Ekspert həyəcan təbili çalır…
2016-cı ildən tətbiqinə başlanılan “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtı bu ilin mart ayında bitəcək. Bu müddət uzadılmazsa, bank sektorunda böhran yaşana bilər.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da musavat.com-a açıqlamasında bildirdi ki, ötən dövrdə bu qanun bağlanan banklarda əmanətləri olan insanların vəsaitlərinin qaytarılmasını təmin etdi: “Milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyasından sonra bank sistemində yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə atılan ən mühüm addımlardan biri də 2016-cı ilin mart ayının 1-də banklarda yerləşdirilən əmanətlərin 3 il müddətinə tam sığortalanmasını nəzərdə tutan yeni qanunun qəbul edilməsi oldu. Bu qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarət idi. Ölkə Prezidentinin atdığı bu addım əhalinin bank sisteminə olan güvənin saxlanmasına imkan yaratdı. Qanunun qüvvədə olduğu müddətdə maliyyə vəziyyətinin çətinləşməsi səbəbindən 10-dan çox bankın bağlanmasına baxmayaraq, bağlanan banklar əmanətlərin sahiblərinə qaytarılmasını təmin edə bildilər. Bir sözlə, qanun nəzərdə tutulan öhdəliklər tam yerinə yetirildi”.
F.Yusifovun sözlərinə görə, bunun nəticəsidir ki, son dövrdə banklara milli valyutada qoyulan əmanətlərin əsaslı artımı qeydə alınmağa başladı: “Yola saldığımız 2018-ci ilin yanvar ayı ilə müqayisədə dekabr ayında banklarımıza milli valyutada yerləşdirilən depozitlərin həcmi 2,1 milyard manat və ya 38% artıb. Hesab edirəm ki, bu olduqca yaxşı bir nəticədir və manata olan etibarın ən əsas göstəricilərindən biridir. Bu ilin mart ayının 1-də banklarda əmanətlərin 3 il müddətinə tam sığortalanması müddəti başa çatır. Bundan sonrakı gözləntilər nədən ibarət ola bilər? Əmanətlərin həcminin son bir ildə bu qədər artmasını stimullaşdıran bir başqa reallıq isə manatın artıq uzun müddətdən bəri dayanıqlıq göstərməsidir. Digər tərəfdən həm hökumət və həm də Mərkəzi Bank yaxın və orta perspektiv üçün sabitlik kursunun davam edəcəyini bəyan etdilər. Beləliklə, Hökumətin və Mərkəzi Bankın bundan sonrakı dönəm üçün kursu manatın sabit qalacağına əsas verir. Əmanətlərin yenidən sığortalanması barəsində qərar da bu durumla əlaqələndirilərək qəbul ediləcəkdir”.
Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər.
Ekspertlər isə qanunun müddətinin uzadılması ilə bağlı həyəcan təbili çalaraq, əks təqdirdə bank sektorunda böhran yaşanacağı ilə bağlı xəbərdarlıq edirlər.