İqtisadi aqibətimizin "qara qutuları" - Cəmiyyət onların "deşifrə" olunmasını gözləyir...
İqtisadçı millət vəkili Əli Məsimli ötən həftəsonu moderator.az-a müsahibəsində ölkənin bank sektorundakı mövcud durumun geniş analizini verdi. Xüsusən də Beynəlxalq Bank ətrafında yaranan son durumu şərh edərək heç də hər şeyin sona çatmadığını və imkanların tükənmədiyini bildirdi, bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının atmalı olduğu addımları göstərdi.
Həmin müsahibə bu linkdə--- moderator.az/news/179634.html
Amma deputat vəziyyətin qənaətbəxş olmadığını və təkliflərinin heç olmasa bundan sonra nəzərə alınacağına o qədər də inanmadığını da üstüörtülü şəkildə etiraf etdi:
“Bəlkə də kimlərsə bunu görmürdü, bəlkə də kimlərəsə sərf edirdi, yaxud da “harda qırıla-qırıla” prizmasından yanaşırdı…Amma biz görürdük və daim deyirdik… həm də istər Milli Məclisdəki, istər mətbuatdakı çıxışlarımızda bank sahəsindəki vəziyyətə dair fikrimizi çox sərt ifadələrdən istifadə etməklə deyirdik ki, bəlkə təsir edə…Nə düşmüşdü ki, biz axına qarşı çıxıb özümüzü hamı ilə pis edirdik?...Bunu ona görə edirdik ki, qaldırdığımız problemlər bank sektorunu indiki vəziyyətə gətirib çıxarmasın…
Hökumət və aidiyyatı qurumlar bundan nəticə çıxarmalı və arada yad hesab etdikləri fikirləri də vaxtında dəyərləndirməyi öyrənməlidir. Amma bunu da nəzərə almaq lazımdır ki, artıq olan olub,…qorxduğumuz baş verib”.
Bəli, doğrudan da ölkənin maliyyə və bank sektorunun ayaqda qalmasına cavabdeh olan qurumlar və səlahiyyətli şəxslər bu günədək proseslərə “harda qırıla-qırıla” prizmasından yanaşdıqlarından qorxduğumuz baş verib. Amma onu da nəzərə almaq lazımdır ki, dünyanın sonu deyil və düşmüş olduğumuz böhrandan çıxmaq üçün Azərbaycanın kifayət qədər resursları var, yetər ki, yeni yanaşmalar sərgiləməklə bu günədək buraxılan kobud səhvlərdən imtina edilsin. Səhvlərsə kifayət qədərdir. Kimlərinsə cinayətkar səhlənkarlığı və dövlətin pulunu dədəsinin malı kimi qamarlaması nəticəsində ölkəyə milyardlarla zərər dəyib. Ona görə "kimlərinsə" ifadəsindən istifadə edirik ki, rəsmi olaraq yalnız Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev həbsxanaya salınıb, halbuki təkcə talanan milyardların izinə düşən istintaqçılar deyil, aşağı-yuxarı hamımız kimlərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bilirik. Amma hələlik cəmiyyətin gözlədikləri reallaşmır, çünki vəziyyət hələ nəzarətdən çıxmayıb deyə həmin "kimlərsə" azadlıqlarını sadəcə müvəqqəti satın alıblar...
Biz ötən yazımızda istənilən an həbsxanaya Beynəlxalq Bankın keçmiş sədrinin yanına göndərilə biləcək şəxslərin mövcudluğundan bəhs etmişdik.
(Həmin yazı bu linkdə-- moderator.az/news/179574.html)
Onu da vurğulamışdıq ki, hələ ki, istər Cahangir Hacıyevin özü, istər Mərkəzi Bankın “əbədiyaşar” sədri Elman Rüstəmov, istərsə də maliyyə naziri Samir Şərifov və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı maksimum dərəcədə susmağa üstünlük veriblər. Halbuki onların hər biri rəhbərlik etdiyi sahələrin "qara qutuları" hesab olunur və bu böhranın kimlər tərəfindən və hansı ssenari ilə törədildiyini gözəl bilirlər, nəyin necə baş verməsindən asılı olmayaraq özlərinin də günahkar olduqlarını anlayırlar deyə məsələlərə Əli Məsimlinin təbirincə desək, harda qırıla-qırıla prizmasından yanaşırlar. Eyni zamanda onu da anlayırlar ki, böhran artıq qırılma həddindədir. Odur ki, qarşılıqlı ittihamlardan, aşkar-gizli “torbatikmə” kampaniyasından imtina edərək ən qısa zamanda böhranın önünə keçilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsinə çalışılmalıdır. Heç də təsadüfi deyil ki, müstəqil iqtisadçılar haqlı olaraq Azərbaycanı intəhasız imkanlar ölkəsi adlandırırlar və Azərbaycanı istənilən iqtisadi kataklizmlərdən xilas etmək üçün çoxsaylı iqtisadi alətlərin, resursların olduğunu vurğulayırlar. Yetər ki, yersiz intriqaları, bankların saf-çürük edilməsində ögey-doğmalığı bir kənara qoyaraq gerçək saflaşdırma prosesinə başlanılsın. O zaman məsələlər tezliklə həllini tapa bilər və ölkənin bank sektorundakı bu xaos xeyli səngimiş olar.
Biz ötən yazıda oxuculara verdiyimiz sözü tutaraq bank sektorundakı ikitirəliyin acı nəticələri haqqındakı araşdırmamızı davam etdiririk və tezliklə maraqlı materialı sizlərin mühakiməsinə təqdim edəcəyik. Bizi izləıyin...