Şuşaya gedən yollar da müqqədəsdir
Nurəddin Ədiloğlu yazır:
“Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm.”
Prezident İlham Əliyev
Vətən yolu - haqq yolumuzdur. Sonunda müqəddəs məbədgahlar görünən bütün yollar bizə müqəddəs və əzizdir. 30 ilə yaxın idi ki, düşmən Şuşaya gedən yollara kötük diyirlədib, “Çin səddi” kimi sipər çəkmişdi. Özümüzün gedə bilmədiyimiz, həsrətlə boylandığımız o müqqədəs yollarda xəyallarımız, arzularımız, xatirələrimiz qanad açırdı. Şuşa həsrəti ilə çırpınan və qovrulan qəlblərin harayı hopmuş kövrək xatirələr... Şuşa da oğuz igidlərinin nərəsinə qəribsəmişdi. Zəfər günü - düşmənlə əlbəyaxa döyüşlərdə Şuşanı bir anda Kərbala meydanına döndərən igid oğullarımızın nərəsi dağlarda-daşlarda əks-səda verdi. Ali Baş Komandanın Qələbə müjdəsi, Gövhərağa məcidinin uca minarəsindən azan verən Azərbaycan əsgərinin səsi-sədası başımızı göylərə ucaltdı, Şuşa nisgilimizə son qoydu. Belə bir deyim var ki, bütün qələbələr inamdan, daxili gücdən mayalanır. Axı, bizim əsgər və zabitlərimizin də daxili gücü Vətən eşqindən, yurd məhəbbətindən, ocaq müqəddəsliyindən, Tanrı sevgisindən yoğrulmuşdu...
O müqəddəs məbədə - Şuşaya aparan yollara neçə-neçə şəhid əsgərlərimizin al qanı işıq saçıb. Dövlətimizin başçısı İlham Əliyev təkcə paytaxtdakı Prezident iqamətgahından Şuşa şəhərini mədəniyyət paytaxtı elan etməklə kifayətlənmədi, xanımı və qızı ilə Şuşaya səfər etdi. Orada erməni vandalları tərəfindən dağıdılmış bu qədim şəhəri həm Şuşanın, həm də müasir Azərbaycanın adına layiq şəkildə bərpa etmək üçün göstərişlər verdi. Axı, Şuşa Azərbaycanın hələ xanlıqlar dövründə şəhərsalma mədəniyyətinin tərcümanı olmuşdu.
Müzəffər Ali Baş Komandanın Qarabağın mənəvi paytaxtı Şuşaya səfərindən sonra hər bir yüksək post tutan dövlət məmurunun ilk növbədə Şuşanı müqəddəs Məkkə və Mədinə kimi ziyarət etmək
arzusunda olduğunu düşünürdüm. Sən demə, Mərkəzi Bank, AZAL, Dövlət Sərhəd Xidməti, Fövqaladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və başqa dövlət qurumlarının rəhbərləri dövlət hesabına “mənim burada bir iqamətgahım olsun” və ya “Özüm üçün bir ofis yaradım” xəyallarına düşüblərmiş...
Prezident dəfələrlə Şuşada tarixi binaların bərpasının vacib olduğunu bildirdiyi halda vəzifə başında təcrübədən başqa hər şey qazanan məmurun korafəhmlik edib, xəcalət çəkmədən belə məntiqsiz, dövlət başçısının da səbrini tükəndirən, “ prinsipcə bu absurd, ziyanlı fikirlər”ə düşməyinə necə təəccüblənməyəsən?!
Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezidentin “Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur”, “Heç kim özbaşınalıq edə bilməz”, “Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin" sözləri elə həmin məmurların üzünə vurulan şillədən də beş betərdir. Bu ifadələr mənə qədim müdrik sərkərdələrin “Şillə olan yerdə qılınca əl atmazlar” kəlamını xatırlatdı. Düşmənin başına endirilən “dəmir yumruğun” nəfsini cilovlamayan milli məmurlarımızın üzünə çırpılan şilləsi də dəmir olar! Bəs görəsən Prezidentin bu ciddi xəbərdarlığından sonra təkcə Şuşada deyil, işğaldan azad olunan digər şəhərlərdə özlərinə komfort şərait yaratmaq niyyətinə düşən məmurlar o torpaqlarda şəhid olan əsgər və zabitlərimizin ruhuna, onların valideynlərinə, övladlarına əbədi borclu olduqlarını heç ağıllarına gətirirlərmi? İnanmıram. Əgər halal –haram bilsəydilər, gətirərdilər. Belələri xalqla öz aralarına nə qədər hündür hasarlarla sədd çəksələr də mənəvi yoxsulluqları uzaqdan görünür.
Azərbaycan Prezidentinin qətiyyətli göstəriş və sərəncamları ilə Şuşada fövqaladə, təxirəsalınmaz işlər başlayıb, “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri bərpa edilib, Şuşaya xüsusi nümayəndə təyin edilib. Şuşaya çəkilən müasir, keyfiyyətli, rahat yollar, sözün hər mənasında, Qarabağda üfüqlərimizi genişləndirir.
Vəzifədən özünəxidmət vasitəsi kimi bəhrələnən məmurlarsa qoy unutmasınlar, Şuşa kimi məbədgahlara gedən müqəddəs yollara yalnız o yolların kənarında əkiləcək ağaclar kölgə sala bilər. Onların nəfsində, ruhunda cücərən, günbəgün “pöhrə verib şaxələnən” tamah ağacları yox!.. Bu gün vəzifəli-vəzifəsiz hər bir Azərbaycan vətandaşının borcu Şuşaya və Qarabağın digər şəhərlərinə gedən yollarda qanları axan şəhidlərimizin xatirəsinə sayğı göstərməkdir.
Fəqət o igidlərin sayəsində qazanılan Qələbədən sonra Şuşaya torpaq zəbt etmək üçün “hücuma hazırlaşan”, mənəviyyatı çapıb-talamaq mərəzinə yoluxan məmurlarımız düşünmürlər ki, dünya Qafqazın incisi hesab olunan Şuşanın qədim Azərbaycan şəhəri olduğunu onların orada tikdirmək istədiyi villalara görə deyil, dövlətimizin bərpa və təmir edəcəyi Şuşa qalası, Xan qızı Xurşidbanu Natəvanın sarayı, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi və başqa tarixi abidələrlə tanıyacaq! Bir sözlə, Prezidentin Şuşa səfərində dediyi kimi: “Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.”
Qəribə də olsa, yazımın bu yerində son 20-25 ildə Kəbə ziyarətinə dəfələrlə gedən, pul-parasını orada hazırın naziri olan ərəb şeyxlərinə “xərcləyib”, bahalı otellərdə qalan, qurbanlar kəsib, ehsanlar verən azərbaycanlı iş adamları, məmurlar və başqa təbəqədən olan saysız-hesabsız zəvvarlar yadıma düşdü. Deyirəm, yəqin bundan sonra onlar da otuz ilə yaxın həsrətində olduğumuz Şuşamızı ziyarət edəcəklər, Qızıl qayada, Qiblə bulağında, Qırxqızda, Cıdır düzündə, Ərgünəşdə, Şuşa qalasında, Gövhərağa məscidində xalqımıza, dövlətimizə, müzəffər ordumuzun əsgər və zabitlərinə dualar edəcəklər.
Bizi Şuşaya aparan yollar kaman kimi gərilib. Qoy, o müqqədəs yollar millətimizin bəxt yolu kimi böyük uğurlara vəsilə olsun!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR