AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kifayət Əliyeva - Ana Dilim! Mənim Dilim! - ÖZƏL

  • + A
  • - A
  • 21-02-2023, 22:49

    Kifayət Əliyeva - Ana Dilim! Mənim Dilim! - ÖZƏL



    ANA DİLİM - MƏNİM DİLİM !
    Laylay dedim yatasan,
    Qızılgülə batasan,
    Qızılgülün içində,
    Şirin yuxu tapasan.
    Laylay beşiyim laylay,
    Evim eşiyim laylay.

    Ana laylasından axan dilim.

    Ana dilim!

    Nə qədər rəfiq və nə qədər ali ürək hisləri oyandıran bir varlıq.
    Nə qədər möhtəşəm, müqəddəs, uca bir qüvvə!

    Beşiyimizdən ruhumuza dolan, qəlbimizə iman gətirən, qollarımıza qüvvət, damarlarımıza coşğu, salan dilim. Dosta sədaqət, düşmənə nifrət öyrədən dilim. Böyüyünə hörmət, kiçiyinə qayğı ilə yanaşan dilim. Zalımlara aman verməyən, məzlumlara yar olan dilim.
    Əzizim vətən yaxşı,
    Geyməyə kətan yaxşı,
    Gəzməyə qürbət ölkə,
    Ölməyə vətən yaxşı.


    Deyərək ruhumuza vətən sevgisi dolduran dilim. Dədəm Qorqudun dilindən tökülərək “Ana haqqnn Tanrı haqqı” olduğunu öyrədən dilim. Tarixin ən qədim səhifəsindən gələn, keçmə-keçli yollardan, enişli-yoxuşlu cığırlardan keçən, məğrur bir millətin məğrur kimliyini özündə təcəssüm etdirən dilim. Qədim dövrlə orta dövrün qovşağında İzzəddin Həsənoğlunun, Zülfüqar Şirvaninin lirikasından süzülüb axdı bu dil.
    Könlümü bir xöş qəməyüz, cənfəza dilbər apardı deyənlərə,
    Nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər, - dedi Həsənoğlu bu dildə.
    Dərisi soyulan Nəsimi-
    Zahidin bir barmağını kəssən, dönüb haqdan qaçar,
    Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz, - deyərkən, Şah babam paytaxtı Təbriz olan bütöv və qüdrətli Azərbaycan qurdu bu dildə.
    “Bir millətin dilini bilməmiş onun dərdinə dəva etmək olmaz”, - dedi Nəriman Nərimanov. Böyük dramaturq öz komediyaları ilə sinəsini sipər çəkdi bu dilə.
    “Ey mənim türk qardaşlarım, sizi deyib gəlmişəm”,- deyən dahi sənətkarımız
    C.Məmmədquluzadə “ölüsüylə farsca, dirisiylə rusca danşan həmvənlilərinə” müraciət etdi bu dildə.
    Daş qəlbli insanları neylərdin, ilahi?!
    Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
    Deyən böyük satirik bir millətin dərdinə haray çəkdi bu dildə. Bu dildə gülmədi Sabir, güldürmədi Sabir. O yandı, bu millətin dərdinə yandı bu dildə.
    Hər millətin edir səhfeyi-dünyada tərəqqi, Biz də edirik aləmi-röyada tərəqqi.
    Vətən sevdası doldu könlümüzə bu dildə, aldı ağuşuna dedi:
    Deyir, göydə bağçalar var,
    Orda çiçəklər nur saçar,
    İnsan mələk kimi uçar, İstəməm, xəyaldır onlar,
    Mən vuruldum yalnız sana Vətən, ah, sevgili ana!
    Cavidlərin, Cavadları, Müşfiqlərin, Almazların Vətən eşqi vücudumuza damla-damla nəqş edərkən, Cabbarlının ana sevdası ana dilində gilə-gilə ruhumuza pərvaz etdi.
    Ana! Ana! O adın qardaşında bir qultək, Həmişə səcdədə olmaq mənə fəxarətdir.
    Onun əliylə bəla bəhrinə yuvarlansam Yenə xəyal edərəm bəzmi istirahətdi.
    Vətən həsrətiylə yanan Almazımın
    Azərbaycan, mənim eşsiz yurdum oy!..
    Ölməz eşqim, içimdəki dərdim oy!.. – harayından. Şərqin ilk müstəqil dövlətinin banisi ola
    M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarından. Dahi Üzeyirin “Koroğlu” nərəsindən ilham alıb qanadlandı mənim dilim... Səmalara uçdu, günəşlə qoşalaşdı, şimşəklə yarışdı, ildırımla çaxdı, göylə gurladı, yağışla yağdı – mənim Babəkimin qılıncının qəzəbindən od alan, Mübarizimin məktubunun əzmindən düşməni lərzəyə salan dilim. Sən mənim fəxrim, sən mənim kimliyim, sən mənim özümsəm.
    Bu gün mən bu çıxışa hazırlaşarkən dönüb sənin tarixini varaqladım. Çox yox, bir əsrlik. Cəmi bir əsrlik tarixini. İlahi bir əsrdə beş dəfə adı dəyişdirilmiş dilim nə qədər qəzəblidir, qəzəbli olduğu qədər də məğrurludur, inamlıdır. Bir gün bütün yad ünsürlərdən qurtulacağına, özünün gözəlliklərini, incəliklərini, zənginliklərini dünyaya car çəkəyinə inamlıdır. O zaman anladım Bəxtiyarımın həyacanın səbəbini:
    ​​​ Sən dərdə bax,
    ​​​ Vətən də var,
    ​ Millət də var,
    Ancaq onun dili yoxdur.
    Elə bil ki,
    Güzgü kimi hamar, şəffaf röyalın var, dili yoxdur.
    İndi söylə,
    Necə azadsan ki, komalarda dustaq olub ana dilin?
    Böyük Ulutürk o şəxslərə cavab verir: Kim qoruya bilməyirsə öz yurdunu-yuvasını
    Udmasın yurd havasını.
    Kim qorumur öz dilini
    İtsin qoy mənim gözümdən ilim-ilim!
    Bu gün Güneydə mənim yoldaşlarım bu sevimli dilin həzinliyinə həsrət qalarkən susmurlar.
    Onlar üsyan edirlər;
    Su deyibdir mənə əvvəldən anam, “ab” ki yox,
    Yuxu öyrətdi uşaqlıqda mənə, “xab” ki yox.
    İlk dəfə ki çörək verdi mənə, “nan” demədi.
    Əzəlindən mənə duzdanə nəməkdən deməyibdir.
    Anam “əxtar” deməyibdir mənə, ulduz deyibdir o.
    Bir gün bu tayda olduğu kimi o tayda da ana dilimin azad olacağına, artıq komalarda deyil, böyük-böyük məclislərdə, yüksək tribunalarda səslənəcəyinə inanıram. İnanıram adıım kimi, dilim kimi. Əgər bu gün mən hünərlə şərəfimdən, şanımdan, namusumdan – qeyrətimdən, dünənimdən, bu günümdən, gələcəyimdən Ana dilimdə danışıramsa, qoy eşitsin cahan məni –

    ​ Mən insanam.
    ​​​​ Vətənim var,
    ​ Elim var.
    Ən böyük həqiqəti Azadlığı, məhəbbəti, nifrəti
    Söyləməyə qadir olan dilim var!
    Dilim var!


    S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat kafedrasının rəhbəri ƏLİYEVA KİFAYƏT



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR