Paytaxtı “Türk dönəri”, “Halal dönər” adı ilə mənşəyi bilinməyən, qoca, xəstə ətdən hazırlanmış, xərçəng riski daşıyan manatlıq dönərxanalar bürüyüb; toyuq dönərinə qadağaya isə 13 ildir məhəl qoyulmur…
Bakının hər tin-bucağında “Türk dönəri”, “Halal dönər”, “Super dönər” və s. bəlağətli sözlərlə elanı vurulmuş dönərxanalara rast gəlirik. Bununla satıcılar bizi inandırmağa çalışırlar ki, onların təqdim elədiyi dönərin əti halal, təmizdir. Amma ölkədə sümüklü ətin kilosunun 10 manat 60 qəpik olduğu bir halda ət dönərinin 1 manat, 1 manat 20 qəpikdən satılması həyəcanlanmağa əsas verir: görəsən bu, hansı ətdən hazırlanmış dönərdir?
Həkimlər, bu qidanın dadına baxanlar dəfələrlə yeməməyi məsləhət görsələr də, həm valideynlər özləri üçün alır, həm də övladlarına yedirirlər. Hələ bu azmış kimi, 2006-cı ildə Səhiyyə Nazirliyinin rəsmi qərarı ilə toyuq dönərinin satışı qadağan edilsə də, Bakının bütün dönərxanalarında toyuq dönəri satılır. Üstəlik, müştərilərin çoxu toyuq dönərinə üstünlük verirlər…
Həftə sonu baş çəkdiyimiz bir neçə dönərxanada apardığımız müşahidələr, həmsöhbət olduğumuz dönərçilər, qiymətlərlə bağlı araşdırmamız bir qənaət hasil elədi ki, təcili surətdə bu ayaqüstü yeməkdən uzaq durmaq lazımdır. Çünki dönərxanalarda qızardılan ətlərin keyfiyyəti birmənalı olaraq aşağıdır, Braziliyadan, Hindistandan gətirilən məhsullardır. Onların arasında zebr ətinə daha çox rast gəlindiyini öyrənirik.
Dönərçilər bildirirlər ki, bu malın satışına yasaq yoxdur, amma reallıqdır ki, qiyməti ucuzdur. Yəni sizin aldığınız dönərin ətinin kilosu obyekt sahibinə 4 manat 50 qəpiyə, ən yuxarısı 6 manata başa gəlir. O da sirr deyil ki, qoca, südsüz heyvanların ətini rayonlardan paytaxta daşıyırlar. Dönərçilərdən biri deyir ki, başqa cür mümkün deyil: “Ətin kilosu 10-11 manatdır, biz o ətdən dönər eləsək, ziyana düşərik, ya da gərək qiymətini qaldıraq. Onda da müştərilər qaçacaq. İnsanlar ayaqüstü 1-2 manata dönər yemək istəyir, sən də deyirsən ki, 10 manatlıq ət sat, bəs dönəri 4 manata satım?”
Onun sözlərinə görə, Bakının məşhur “Qoç ət” restoranlar şəbəkəsi, mərkəzdə yerləşən bahalı obyektlərində 4-5 manata dönər tapmaq olar. Lakin hamının imkanı yoxdur ki, 5 manatlıq dönər yesin. İndi ortabab dönərin qiyməti 2 manat 50 qəpik – 3 manat arasında dəyişir. Amma şəhəri bürüyən ən çox 1 manatlıq dönərxanalardır ki, bəziləri çəkiliş apararkən obyektivimizin lentinə tuş gəldi.
Bu dönərlərdən isə qaçmağa çalışın: mədə-bağırsaq xəstəlikləri, qastrit, öddə həzm kimi problemləri yaradır. Ən dəhşətlisi budur ki, paytaxtı kütləvi şəkildə əhatə edən 1 manatlıq dönərxanalarda nə monitorinqlər aparılır, nə gigiyenik şəraitinə baxış keçirilir. Əksinə, hər ay şəhərin müxtəlif ünvanlarında belə dönərxanaların sayı artır. Söhbətləşdiyimiz dönərçilər isə kinayə ilə deyirlər ki, bu ölkədə hər yerindən duran dönərçi olub: “Necə ki, kimin maşını var taksi işləyir, hər əli bıçaq tutan, ət kəsən də dönərçi olub. Bu işin öz peşəkarı, başbiləni var. Bizdə isə pul verib bir obyekt açır, birini də ora qoyur ki, dönər bişirib satsın”.
İnsanların sıx toplaşdığı yerlərdə cəmi 1.50-yə mal ətindən dönər satırlar. Halbuki bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır. Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaq mümkündür. Bu isə 16 manat pul edir. Belə olduqda isə bu ətin haradan gətirildiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur.
Dönərin közdə və ya işıq istisində bişməsində də fərqlər var. Amma ikisi də insan sağlamlığı üçün böyük təhlükə yaradır. Deyilənə görə, kömürdə bişən dönərin odla təması halında kanserogen (xərçəng xəstəliyini törədən amillər) riski yaradır. Gün boyunca bişməyən dönərin bir gün sonra təkrar satılması isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilikdən 15 sm uzaq olmalıdır.
Dönərin hazırlanmasında 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Belə duzları yemək üzərinə əlavə etmək yolverilməzdir. Bu, insan həyatı üçün çox təhlükəlidir. Di gəl, dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.
Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində askarid və digər qurd yumurtaları olur. Bu haqda publika.az yazmışdı ki, askarid qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər. Bir sözlə, dönər çiy olarsa, askarid yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen (xərçəng) xəstəliyi yaradır.
Bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demişdi ki, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığına təhlükəlidir: “Mərkəzi Avropa ölkələrində dönərlər ”tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur. Dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır”.
Dövlət qurumları yollarda Bakıya gətirilən, mənşəyi məlum olmayan tonlarla əti aşkar edir, məhv edir. Amma həmin qurumlar araşdırmır ki, bu ətlər hara gətirilir, kimlərə təhvil verilir və hansı obyektlərdə istifadə olunur. Tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, amma hara gətirildiyi açıqlanmır. Yəni tələb var ki, təklif meydana çıxır.
Məsələ ondadır ki, ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkənin də dönərxanalara ət verib-vermədiyi məlum deyil. Bütün bu araşdırmalar, səslənən fikirlər, şəhəri 1 manatlıq dönərin bürüməsi Qida Təhlükəsizliyi Agentliyinin hərəkətə keçməsi, monitorinqlər aparması zərurəti yaradır. (musavat.com)