“Aprel şəhidi”nin sevdiyi xanım: “Babəkə görə neçə elçiyə “yox” demişdim” — Nakam sevginin DASTANI
Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...
Ölkə.Az xəbər verir ki, Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Babək Abidovun istəklisi olmuş xanımdır.
Qısa arayış: Babək Vəfadar oğlu Abidov 3 may 1992-ci ildə Şabran rayonunda anadan olub.
Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında baş vermiş şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salınıb. O, ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Baş tutmayan elçilik
Babək Abidovun sevdiyi xanımla söhbət o qədər də asan deyildi. Leyli xanım öncə atasının razılıq vermədiyi evliliyə, sonradan Allahın da icazə vermədiyini təəssüflə qeyd edib.
“Babəklə bir-birimizi sevməyimizin 4-cü ili tamam olacaqdı. Amma bizim sevgimizə atam heç cür razılıq vermirdi. Babəkin hərbçi olmağı atamın ürəyincə deyildi. O da bunu bilirdi. Babəkin ailəsi bizə elçi gələndə atam onun ordudan tərxis olunmasını rica etmişdi. Babəkin ordudan birdəfəlik tərxis olunub qayıdacağı gün bizim nişanlanmağımıza icazə verəcəyini demişdi. Atam Babəkin orduda olmasından çox qorxurdu. Babək də söz vermişdi ki, 5 illik müqaviləsi bitən kimi ordudan ayrılıb aramıza dönəcək. Biz də uzun mücadilədən sonra atamı yola gətirdik. Elə oldu ki, bizim elçiliyimizin “hə” mərasimi başqa səbəbdən təxirə salındı. Babəkin ana nənəsi rəhmətə getmişdi. Nənəsinin 40-ı çıxan kimi elçilik olmalı idi. Yenə elə alındı ki, müharibə mövzusu ortaya atıldı. Aprel hadisələri ərəfəsində Babək mənə zəng edib dedi ki, “ay Leyli, bu elçilik məsələsi hələ qalsın. Biz o tərəflərə getməliyik”. Hətta mənimlə halallaşaraq, “mənə bir şey olsa, qorxma” dedi. Babək çox ağır döyüşlərdə olub. Heç vaxt bu cür ümidsiz olmamışdım. 2016-cı ilin 27-si martında mənimlə halallaşdı. Amma heç getmək istəmirdi. Elə hey baxırdı. Soruşdum “Babək niyə getmirsən?”. “İçimdə nəsə bir qorxu var” cavabını verdi. Mən də narahat olmamasını, tezliklə qayıdacağını söylədim. Sonuncu gedişi zamanı çox ümidsiz idi. Hətta mənə söylədi ki, “mənə bir şey olsa, telefonu arxadakı uşaqlara verəcəm”. Çünki telefonunun koduna mənim adımın baş hərfi və doğum tariximin ilini yazmışdı. Sonradan döyüş yoldaşı danışırdı ki, Babək ona nəsə olacağı təqdirdə həmin kodla telefona cavab vermələrini rica edib”.
“Siyahıda başqa Babək adını görəndə sevindim”
Şəhidimizin sevdiyi xanım “təki Babək şikəst gələydi, ama həyatda qalaydı” arzusunu dilə gətirib.
“Babək şəhid olanda ata-anası ilə dalaşdım ki, niyə tabutu açıb baxmadız?! Bəlkə heç Babək deyildi. Babəkin cənazəsi gətiriləndən 2 saat sonra rayona getdim. Gördüm ki, hər yerə qərənfillər düzüblər, hər tərəf qaraya bürünüb. Həmin vaxt özüm də hiss etmədən qəbri qazmışam. Bibisi də torpaqdan bir ovuc götürüb kürəyimə töküb ki, özümə gəlim. Danışdıqca, o günlər yadıma düşür. 2016-cı ilin 31 martından 3 aprelinə qədər gözümə yuxu getmədi. Nə yemək yeyir, nə də su içirdim. Hər namaz vaxtı üzü qibləyə dayanıb Allaha yalvarırdım ki, heç olmasa Babək üstümə şikəst gəlsin, ya qolunu, ya da ayağını itirsin. Amma nəfəsi gəlsin. Sonra bacısının yoldaşı ilə əlaqə saxladım. İş yoldaşımı da götürüb hospitala yollandım. Siyahıya baxanda Babək adında başqa birisi vardı. Sevindim. Amma əlaqə yarada bilmədikcə, narahatlığım daha da artırdı. Dərhal rayondakı bibim oğluna dedim ki, Tərtərə getsin və mənə Babəkin sağ olması xəbərini desin. Heç demə, Babəkin şəkli şəhid olanların siyahısında imiş. Həyatın yazılmamış qanunları varmış. Tez-tez Babəkin ata-anasından “Babəkdən xəbər yoxdumu” deyə soruşurdum. Hətta bir dəfə əsəbləşib dedim ki, “necə ata-anasınız. Gedin oğlunuzu axtarın da!””.
“Bəs Allah sevən ürəyə necə qıydı?!”
Leyli xanım Babəkin ürəyinə dəyən qəlpə yarasını heç vaxt unuda bilməyəcəyini bildirir.
“İnsan çox vaxt çarəsiz qalır. Babəkin meyiti düşmənlə aramızdakı neytral zonada. Digər xüsusi təyinatlı döyüşçümüz Mühüd də onun yanında həlak olmuşdu. Onları götürə bilmirdilər. Çünki oralar minalı ərazi olduğundan kimsə o meyitlərə yaxın gedə bilmirdi. Babəkin əli-ayağı yerində olub. Sadəcə, ürəyinə erməni qəlpəsi dəymişdi. Mənə indi də təsir edən Babəkin ürəyinin yaralanmasıdır. Qurban olum Allaha, bəs onun o boyda sevən ürəyini niyə belə yaraladı?! Amma onun şəhidlik zirvəsinə yüksəldiyini düşündükcə, qürur duyuram.
Babək şəhid olan günü - aprelin 3-ü gecə yuxu gördüm. Babək üçrəngli bayrağımızı götürüb qarın üzərində hərbi geyimdə dayanmışdı. Məni də çağırırdı. Həmin yer çox hündürdəydi. “Leyli bax, gör, hardayam” söyləyirdi. Gah bayrağı götürür, gah da qarın üzərinə uzanıb bayrağı üstünə örtürdü. Mənə baxıb “niyə sevinmirsən?!” deyirdi. Yuxudan ayılanda ürəyimə damdı ki, Babək şəhid olub”.
Yarımçıq qalan xəyallar
Şəhidimizin istəklisi Babəklə olan arzularından da söz açıb. Nə arzular yarımçıq qalıbmış...
“Babək sağlığında mənə bir gəlincik almışdı. Onu hələ də şkafımda saxlayıram. Mənim də ona aldıqlarımın hamısı otağında durur. Babəklə bir-birimizi az-az görürdük. O, daim səngərlərdə, təlimlərdə olurdu. Onu az-az görsəm də, elə bilirdim ki, 5-10 dəqiqəmiz 10 ilə bərabərdir. Heç sevgimiz başacan olmadı. Yarımçıq qaldı. Fevralın 14-də gedib mətbəx mebeli sifariş edib gətizdirdi. Mənə demişdi ki, evin dizaynını sən ver, mebeli özüm yığaram. Mətbəx mebelinin şəklini mənə çəkib göndərdi ki, “bəyəndin?!”. Ordudan tərxis olunub evlənəcəkdi. Qismət olmadı. Həmin mətbəx mebeli heç bağlamadan açılmayıb. Babəkdən ötrü o qədər çox darıxıram ki! Bilsəm ki, o, qayıdacaq, hər şeyimi qurban verərəm. Onu çox sevirdim. Həyatda ancaq onu axtarıram. Babəkə olan sevgim günü-gündən artır. Silahlı Qüvvələr günündə, doğum günündə gedib onu məzarı üzərində yad etmişəm. Bununla sakitlik tapıram. Hətta anam deyir ki, özünü bu sevgi ilə xəstəliyə salma. Amma nə edim ki, alınmır. Bu sevginin qovuşmasına o dərəcədə ehtiyacım var ki! Atam mənə görə çox əzab çəkir. Yuxumda da Babəkin adını sayıqlayıram. Axı, onu canımdan çox sevmişdim. Niyə belə oldu?! Onun telefonu da məndədir. Bir dəfə yuxuda gördüm ki, telefonunun niyə məndə olmadığını soruşur. “Sənə zəng edirəm, cavab vermirsən” deyirdi. Yuxudan ayılan kimi gedib ailəsindən telefonunu aldım. Babəkin bir sözü mənə çox pis təsir edir. Həmişə deyirdi ki, “bir sənə, bir də anama yazığım gəlir. Bacım-qardaşım nəyləsə başını qatacaq, amma siz yox”. İnsan itkisini 3-cü dəfə yaşadım. Qarabağlı olduğumdan 2 əmim oğlu şəhid olub. Birinin qız toyu olmuşdu. Qırmızı yaylığı məzarının başına bağlamışdılar. Atamın gözü ona görə qorxmuşdu”.
İlk tanışlıq, ilk sevgi...
Leyli xanım deyir ki, ilk vaxtlarda bu sevgiyə etiraz edib.
“Tibb Universitetini yenicə bitirib həkim kimi fəaliyyətə başlamışdım. Babək də həmin vaxtlarda ilk xəstəm olub. Həkim yoldaşım onların ailə həkimi idi. Babək də müayinəyə gələndə ultrasəs həkimi olduğumdan o, Babəki mənə yönləndirmişdi. Heç demə, Babək mənə elə o gün aşiq olubmuş. Amma heç xəbərim olmamışdı. Bir müddətdən sonra sevgi etirafını bildirəndə, mən etiraz etdim. Məndən yaşca kiçik olduğunu söylədim. Aramızda 8 yaş fərqimiz vardı. Amma Babək sözündən dönmədi. “Həkim hara, hərbçi hara!. Uyğunluq yoxdur” desəm də, alınmadı. Ondan uzaqlaşmağa çalışsam da, Babək əl çəkmədi. Babək xarici görünüşcə iri gövdəli olmaqla yanaşı, fikirləri və dünyagörüşü də daha zəngin idi. Ona görə də o, xüsusi təyinatlılarda xidmət edirdi. Həm də Babək fərqli xarakterə, yüksək tərbiyəyə malik idi. Böyük-kiçik yerini çox yaxşı bilirdi.
Bu yaxınlarda Babək üçün xalça sifariş vermişəm. Həmin xalçanı rayona-anasıgilə aparacam. Babək Şabrandan idi. Mən ağdamlı olduğumdan həmişə deyirdi ki, “siz tərəfə gedirəm. Torpaqları işğaldan azad edib, sənin ata evinə gedəcəm”. Babək mənim üçün başqa bir dünyanın insanı idi. Məhz onu sevdiyimə görə, nə qədər elçilərə “yox” cavabı vermişəm. Bir-birimizə qismət olmadıq. Allah taleyimizi bir-birimizə yazmadı. Həmişə deyirdim ki, çox xoşbəxtəm, qarşıma o cür oğlan çıxıb. Qızlar var ki, ya narkomanı ya da oğrunu sevir. Fəxrlə deyirəm ki, şükür Allaha, nə yaxşı, elə sevdiyim insan olub. Onun ailəsi də çox gözəl insanlardır. Babək ilk dəfə müayinə edəndə çox aqressiv cavab versəm də, o mənə bir kəlmə belə artıq söz deməmişdi. Sonralar deyirdi ki, mənə elə vurulubmuş ki, ağrılarını belə unudubmuş. Hətta, düz bir il o məni izləməklə məşğul olub. Hara gedib-gəldiyimdən tutmuş, ətrafımın kimlərdən ibarət olduğuna qədər araşdırıb. Mənə həmişə deyirdi ki, “sən mənim kişi qeyrətlimsən”.