Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü tamam oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.
Hərbçilərimizin misilsiz fədakarlığı və şücaəti ilə otuz il düşmən işğalında qalan torpaqlarımız cəmi 44 gündə azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müharibədə millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Xalqımız hər il Anım Günündə hüzn və qüruru hissi ilə şəhidlərimizin əziz xatirəsini yad edir. İgid oğulların Vətən qarşısında böyük xidmətləri minnətdarlıqla anılır.
Sentyabrın 27-də mədəniyyət nazirinin müavinləri, aparat rəhbəri, struktur bölmələrin əməkdaşları, nazirliyin tabeliyində fəaliyyət göstərən aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Bakıda inşası davam etdirilən Zəfər parkının girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.