Oktyabrın 10-da Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib. Deyib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb.
Pedro David səmimi qəbula görə təşəkkürünü bildirib, telekanalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.