Dekabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün "Gənclər Paytaxtı" Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə islam ölkələrində oyun texnologiyası sahəsində birgə əməkdaşlığı və inkişafı təşviq etmək üçün “Oyun texnologiyaları üzrə sammit" (G-HUB) keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu sənayenin imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün bu istiqamətdə atılan mühüm addım olduğunu diqqətə çatdırıb.
Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssisləri “G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri, “Local Game Jam” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonra tədbir islam ölkələrində oyun sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan panel müzakirəsi ilə davam edib.
Sammitin iştirakçıları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, dünyada oyun sənayesinin aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin “Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin nümayəndələrinin iştirakı “G-HUB” sammitinin ekosistem üçün əhəmiyyətini önə çıxarıb.
Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.