
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvilinin aforizmlərdən ibarət "ANNAdan" və görkəmli klassikimiz Cəlil Məmmədquluzadənin külliyyatından seçmələrin gürcü dilinə tərcümə olunmuş kitablarının təqdimatı və imza günü keçirildi. Müəllifin sabiq iş yoldaşlarının, dostlarının, tələbələrinin, eləcə də kitabsevərlərin iştirak etdikləri tədbirin aparıcısı, yazıçı-publisist, şairə, tərcüməçi, pedaqoq, professor Rəsmiyyə Sabir Anna xanımla uzun illik dostluğunu vurğulamaqla həm də onun zəngin və çoxşaxəli yaradıcılığından söz açdı, onun ali insane xüsusiyyətlərindən bəhs etdi və ona olan sonsuz sevgidən ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər – kitabın naşiri, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Elçin İsgəndərzadə, kitabın redaktoru və ön söz müəllifi, Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət, Əməkdar jurnalist, müharibə veteran Əntiqə Qonaq, Əməkdar jurnalist, “Yeni təfəkkür” təzetinin baş redaktoru Şəmsiyyə Kərimova, şair, ədəbiyyatşünas, araşdırmaçı alım, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, şair, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədr müavini, AYB üzvü Sara Göyçəli, yazıçı və tərcüməçi, Güney Azərbaycandan olan soydaşımız Məsumə Şükürzadə, Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşları David Çikvaidze və Ana Şiolaşvili, yazıçı-publisist, AYB üzvü Nüşabə Məmmədli, ilk qadın hərbi komandir müavini, polis mayoru, şair Aidə Şirinova, yazar, pedaqoq Nəzakət Kərimova, AzTV-nin əməkdaşı Arzu Bayramlı, şairə Arzu Nehrəmli, tələbələri, doğmaları söz alaraq çıxışlarında Anna xanımın alicənablığından, yaşadığı mənalı və çoxlarına görk olacaq ömür yollarından, zəngin və məhsuldar yaradıcılığından, yüksək insane keyfiyyətlərindən, humanistliyindən, insanlara yaxşılıq etməkdən zövq almağından, dürüstlüyündən, təmizliyindən, gözütoxluğundan, ən başlıcası isə Azərbaycanı, xalqımızı qəlbən sevməyindən söz açdılar, müəllifə gül-çiçək dəstələri və xatirə hədiyyələri təqdim etdilər.

Məlumat üçün bildirək ki, yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvili gürcü əsillidir, Gürcüstanın Bolnisi rayonunun Ayorta (gürcülərlə azərbaycanlıların kompakt yaşadıqları azsaylı kəndlərdən biri) kəndində doğulub, rus dilli məktəbdə təhsil alıb, ömrünün üçdən birini Gürcüstanda, çox hissəsini isə Azərbaycanda yaşayır, Azərbaycan vətəndaşıdır, Qarabağlı balası ilə ailə qurub, həyat yoldaşı xidməti vəzifəsini yerinə yetirərkən Əfqanıstanda vəfat etdikdən sonra yeganə qız övladını təkbaşına böyüdüb, ona ali tibb təhsili verib, azərbaycanlı oğlana ərə köçürüb, iki qız nəvəsi var: Fəridə və Fatimə. Bir çox məsul vəzifələrdə çalışıb. Ən çox media sahəsində, həm də pedaqoji fəaliyyəti ilə tanınır. Rus filologiyası üzrə fəlsəfə doktoru, professordur. Gürcü və rus dillərindən çoxlu tərcümələri var. Cəlil Məmmədquluzadənin külliyyatından seçmələri, bir çox Azərbaycan klassiklərinin əsərlərini gürcü dilinə tərcümə edib kitablar şəklində nəşr etdirib. İstedadının bir yönü də şairlikdi. Nəsr və nəzmdə fərqli yazı stilinə malikdir. Gözəl şeirləri var, məna yüklü, axar, oxunaqlı və bəyənilən. Geriyə qoyduğu ömür illərində çox faydalı və görk olacaq məhsuldar yaradıcılığı ilə seçilir, həm də məsul vəzifələrdə vicdanla, dürüst, adil və qeyrətlə çalışıb. Rüşvətə nifrət edib, halal zəhmətə tapınıb, hər zaman məzlumun yanında olub, ədalətsizliklə barışmayıb, daim nadanlarla və vəzifəsindən sui-istifadə edənlərlə mübarizə aparıb. Sözü çəkinmədən üzə deyəndi, kimsənin arxasınca danışmaz. Sözünü və tənqidini vaxtında, üzə deyər. Tələbələrinə hər zaman bir valideyn münasibəti bəsləyib. Onlarla yaxın münasibət qurub, problemlərini öyrənib, həllinə kömək edib, daim onlarla əlaqə saxlayıb. Həm şad günlərində, həm də qəmli günlərində doğmaları kimi yanlarında olub.
Mən azərbaycanlıyam, azərbaycan xalqını çox sevirəm,- deyir. Azərbaycana, bu xalqın mədəniyyətinə, ədəbiyyatına, adət-ənənələrinə, məişət tərzinə çox maraq göstərməklə yanaşı, bunları sevir və məhəbbətlə, ürək coşqusu ilə təbliğ edir. Əks halda, tək Azərbaycan vətəndaşlığını daşımazdı . Əks halda, Gürcüstanda keçirilən media forumunda erməni jjurnalistin: “Siz məğlub xalq olduğunuz halda nədən hər gün deyib-gülür, şənlənir, bayram edirsiniz”,-sualına hazırcavablıqla və qürurla: “Biz hər səhər yuxudan qalxanda şükür edirik ki, nə yaxşı erməni doğulmamışıq. Şadyanalığımız da, bununla bağlıdır”, - sərrast cavabını verməzdi. Bu və bunun kimi o qədər misallar çəkə bilərəm ki... Bu ən azından böyük bir monoqrafiyanın, yaxudda bir kitabın materialıdır.
İnanıram ki, nəinki Gürcüstanda, Azərbaycanda daha çox dostu və sirdaşı var. Dostu isə heç kimsə kimsəyə hədiyyə verə bilməz. Bunu ancaq özün qazanmalısan. İnsanlığa bəslədiyin sonsuz və tükənməz sevgin ilə, sədaqətinlə, ədalətinlə, dürüstlüyünlə, ali insani keyfiyyətlərinlə, mərhəmətinlə, humanistliyinlə, vəfalı olmağınla...
Çox humanistdir. Təmənnasızdır. Etdiyi yaxşılığı heç vaxt dilə gətirməz. Təbiətcə sakit, nəzakətli, etik davranış qaydalarına maksimum əməl edən, nəcib bir xanım. Deyərdim ki, kübar, aristokrat. Mənəviyyatca çox zəngin, ədəbcə çox kamil. Zəngin təxəyyülə, dərin düşüncəyə, sanballı fikir və hikmətli ifadələrə malik bir insan. Xeyirxahlıq etməkdən xüsusilə zövq alan bir mərhəmətli ürək sahibi. İnsanları ilk görüşdən tanıyan, insan psixologiyasının bilicisi deyərdim. Adını eşitsəm də, fəaliyyətindən az-çox xəbərdar olsam da, onu yaxından tanıdığım on ilədək bir müddətdə gəldiyim qənaətlərimdi. Ondan yazılması o qədər cümlə, fikir var ki... Mən hələ ki, Anna xanımın xarakterinin kiçik bir bucağına işıq saça bildim. Aforizmləri oxuyandan sonra mənim hələ onun haqqında az yazdığıma əmin olacaqsız...
Əntiqə QONAQ,
Əməkdar jurnalist,
müharibə veteranı