Tarixçi-alim: “Ayna Sultanovanın heykəli götürülməlidir” – Səbəb
“O, onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var”
Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkında təmir işlərinə başlanılıb. Uzun müddət idi ki, bu park hasara alınmışdı. Lakin içəridə hansısa təmir işləri aparılmırdı.
Parkın ərazisinə daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilirdi ki, dövlət tərəfindən lazımi vəsait ayrılmadığı üçün parkda təmir işləri yubanır. Artıq bu vəsait ayrılıb və əsas mövzu parkın gələcək adı, Ayna Sultanovanın heykəlinin aqibəti məsələsidir.
Bu xüsusda sosial şəbəkələrdə məlumat yayılıb ki, təmir işlərindən sonra Ayna Sultanovanın heykəli götürüləcək. Sosial şəbəkələrdə məsələyə münasibət bildirən çoxluq hesab edir ki, əslində Ayna Sultanovanın şəhərin mərkəzində heykəli olmalı deyil. Çünki o, bugünkü dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında əli olan bolşeviklərdən biridir. Elə yeri gəlmişkən arayış verək ki, Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.
O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi. A. Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.
Parkda aparılan tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən modern.az saytına bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə icra hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.
Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib: “Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.
İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.
“Yeni Müsavat”a danışan tarixçi alim Dilavər Əzimli bildirib ki, Ayna Sultanovanın heykəli həmin parkdan birmənalı şəkildə götürülməlidir: “Ancaq bu heykəlləri götürüb, məhv etmək də olmaz. Avropa ölkələrində belə bir ənənə var ki, bu kimi heykəlləri götürürlər, ancaq məhv etmirlər. Onlar üçün ayrıca bir park yaradıb, orada saxlayırlar. İnsanlar da həmin parkı ziyarət edirlər və tarixlərini xatırlayırlar. Hələ Karl Marksın heykəli götürülən zaman mən məsələ qaldırmışdım ki, bu heykəlləri məhv etməyin, parka yığıb, tələbələri ora aparın. Bununla gənc nəsil həmin dövrü xatırlayar, xalqın başına nələr gəldiyini bilər. Biz istəsək də, istəməsək də belə bir dövr olub. Gənclər bu heykəllərə baxıb, həmin dövr haqqında bilgiləri araşdırsalar, gələcəyimiz üçün də faydalı olar. Bu, millətin oyanışı üçün olduqca önəmlidir. Sistemlər dəyişdikcə, özündən əvvəlki heykəlləri silib, atır. Bu da yanlışdır. Ənənəni dəyişdirmək lazımdır. Ən azından biz indiyə qədər cümhuriyyət parkı yaratmalı idik. Həmin parka xalqın qeyrətli oğullarının heykəli qoyulmalı idi. Nuru Paşanın, Məhəmməd Əmin Rəsulzadənin, Ənvər Paşanın və digərlərinin həmin parkda heykəli qoyulsaydı, daha yaxşı olardı”.
Tarixçi deyib ki, Ayna Sultanova və onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var: “Bu adamların da heykəlini qoyanda belə təbliğat qurmaq lazımdır. Görüntü başqa bir şeydir. Oxumaqdan əvvəl, görüntü ilə öyrənmək, görüntünü yaddaşa yazmaq daha effektivdir. Hazırkı parkdan Ayna Sultanovanın heykəli götürülməlidir. Onun adı da həmin parka verilməli deyil. Biz öz tariximizə qiymət verən zaman bütün tarixi şəxsiyyətlərə qiymət verməyi bacarmalıyıq. Ayna Sultanova bizim müstəqil dövlətçiliyimizə qarşı ən kəskin mövqe tutan, müstəqil dövlətimizi yıxan insanlardan biri olub. Sonda isə bolşeviklərin qurbanına çevrilib. Onun taleyi də elə gətirdi ki, axırda çox əzabla öldürüldü. Belə məlumat var ki, Ayna Sultanovanı öldürən zaman onu mismarlar vurulan otağa salıb, mismarların üzərinə çıxarıblar. Yəni əzabla öldürülən insanlardan biridir. Xalqımıza əzab verdi, özü də eyni cür öldürüldü. Bu insan tariximizdə müsbət şəxsiyyət kimi qalmayıb və qalmayacaq. Tarix hər kəsə qiymət verir. Tarix o adamları aşağılayır ki, həmin insanlar öz xalqlarını, dövlətlərini başqalarının ayağına veriblər. Ayna Sultanova da onlardan biri olub. Ona görə də adına park olmalı deyil, heykəli də həmin yerdən götürülməlidir”.