p
Toplantıya “Azərnəşr”, “Təhsil”, “Şərq-Qərb”, “TEAS Press”, “Hədəf Nəşrləri”, “Qanun”, “Parlaq imzalar”, “Altun kitab”, “Çapar Yayınları”, “Alatoran Yayınları”, “Libra”, “Çinar”, “Mimta Yayınları”, “Qədim Qala”, “Güvən” və digər nəşriyyatların 24 nəfər nümayəndəsi qatılıb.
Naşirlərlə fikir mübadiləsi zamanı Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dövlətin kitab sənayesi və kitab alışına hər zaman qayğı ilə yanaşdığını bildirib. Ölkədə elmi, elmi-kütləvi mövzularda zəngin məzmuna malik nəşrlərin sayının artmasının, həmçinin kitaba, mütaliəyə marağın inkişaf etdirilməsinin vacibliyindən bəhs edib. Daha sonra mövcud əməkdaşlıqlarla yanaşı, kitab sənayesi iştirakçılarının sahə ilə bağlı rəy və təklifləri dinlənilib.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın sədri Şəmil Sadiq dövlət qurumları ilə yerli nəşriyyat-poliqrafiya müəssisələri arasında bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, sahə ilə bağlı narahatlıq doğuran məsələləri və görülə biləcək işləri qeyd edib.
Eyni zamanda kitab sahəsi üzrə Qarabağda həyata keçirilən yenidənqurma layihələri ilə bağlı naşirlərin hər zaman dəstəyə hazır olduqlarını vurğulayıb.
“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov ötən il Nazirliyin sifarişi ilə nəşr olunan kitablara yerli və xarici oxucular tərəfindən böyük marağın olduğunu bildirib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi ilə bağlı naşirlərin görmək istədikləri məqamları qeyd edib.
“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov ölkə üzrə yayımlanan bütün nəşrlərə dair dəqiq statistik və təhlil xarakterli məlumatların ərsəyə gətirilməsində aidiyyəti qurumlarla yanaşı bilavasitə Nazirliyin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Görüşə qatılan digər nəşriyyat nümayəndələri dünya təcrübəsindən çıxış edərək ölkədə kitab sənayəsi iştirakçılarının (yazarlar, naşirlər, tərcüməçilər, redaktorlar və s.) yetişməsini və inkişafını hədəfləyən layihələrin hazırlanması, yerli yazarların yaradıcılığını stimullaşdıracaq ədəbi mükafatın təsis edilməsi, Azərbaycan ədəbi-mədəni irsinin dünyada tanıdılması işinə xidmət edəcək tərcümə proqramının həyat keçirilməsi və başqa mühüm məsələləri səsləndiriblər.
Görüşün sonunda A.Kərimli səsləndirilən bütün fikirlərin bir daha nəzərdən keçiriləcəyini və sahə üzrə fəaliyyətin nəşriyyatlarla sıx əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.