Dilimiz uğrunda çarpışırıq biz,
Ancaq təmizlənmir yenə dilimiz.
Eyni kəlmələrdən usanır hər gün,
Çəkir şələsini çox artıq sözün.
Yazan yazıbdırsa tək kağız üstə,
Onu pozmaq üçün bir pozan istə.
Bir də damarından axsın əsil qan,
Belə kəlmələri pozmaq çox asan.
Amma dilimizdə sözlər var, çətin,
Pozasan dilindən həmin sözləri.
Kəsib ayağını öz sözlərinin,
Başa çıxarmısan min-min sözləri.
Qələm yerə düşür tez əlimizdən,
Nə qədər əlləşdik, vuruşduq düzü.
Çıxara bilmədik heç dilimzdən,
Ana sözümüzü çıxaran sözü?!
Biz ana dedikmi anaya bir an,
Yox, onun yerinə yad sözü tutduq.
Yaman danışırıq ona qayğıdan,
Onun adını da yaman unutduq.
Bir uşaq tap görüm bir ata desin,
Amma öz sözünə özü gülməsin.
Yox, çubuq çəksən də o ata deməz,
Dələr qulağını yenə ögey səs.
Uşaqda nə günah?
Onun gözündə,
Böyük haqlı olar!
Öyrənər ondan.
Söylə, demədinmi sənin özün də,
Ataya ata yox, nə bilim, filan.
Sözdə böyükləri özgələşən dil,
Özünü dil sanır, xəyala bir bax?!
Gəlin yad sözləri varaqdan deyil,
Dildən təmizləyək, dildən biz ancaq!
Atif İslamzadə,
AMEA, Folklor İnstitutunun elmi işçisi
29.09.1989