Xatun: "Fatimə ərini üstümə gətirmişdi" - MÜSAHİBƏ
Son günlər adı ancaq qalmaqallarda hallanan müğənni Xatun Əliyeva haqqında danışılanlara cavab verib.
Axşam.az-a verdiyi müsahibəni təqdim edirik:
- Son günlər adınız qalmaqallardan düşmür.
- Bu, mənim istəyimdən asılı deyil. Sülh sevən insanam. Amma sülh istəyirəmsə, demək müharibəyə hər zaman hazır olmalıyam. Belə şeylər olursa, demək gündəmdə varam. Onların yerini dar edirəm. Müğənnilər də, jurnalistlər də istəsək də, istəməsək də hərdən özümüz "qaşınırıq". Mən də sakit deyiləm, emosionalam, düz danışmağı sevirəm. Özümə hörmət edirəm.
- Amma siz də son günlər çoxuna söz atdınız...
- Aqresiv insan deyiləm. Neqativi də özümdən uzaqlaşdırıram. Hər gün yuxudan oyananda Pənaha (prodüseri Pənah - red.) zəng edirəm ki, bir adam tap bizi güldürsün. Münasibətləri düşmənçiliyə çevirmək lazım deyil. Onlara nə demişəm? Dedim, filankəs hegemonluq edir. Bu dəqiqə də hamının ağzına düşüb: "anam-anam mənim" kəlməsi. Bu kəlmə aləmi bir-birinə vurdu.
"ONU KƏNDARIMA BELƏ BURAXMARAM"
- Natavan Həbibi sizə kiminlə görüşməyi qadağan etmişdi? Çünki bu yaxınlarda Kərim Abbasov da açıqlama verdi ki, Aygün Kazımovanın ad gününə getdiyi üçün Natavan ondan küsüb.
- Natavanla heç vaxt qarşılaşmırıq. Anasına-bacısına böyük hörmətim var. Natavanla davamız olmayıb. Onun xasiyyəti var ki, yanındakıların üstünə qışqırır. Mən isə söz götürən deyiləm. Mənə deyə bilməz ki, filankəslə efirə çıxma, orda oturma. Bunu heç anam-atam da deyə bilməz. Balaş belə mənə maliyyə yatırıb, o belə söz deyə bilməz. Amma qarşımdakı düz olsa, üzr də istəyərəm. Mənəm-mənəm deyənlərdə şizofreniya xəstəliyi başlayır. Səhnəyə gələndə Röya ilə münaqişəm oldu. Amma Aygün Kazımovanın kölgəsində yer axtarmadım. Heç kimin qolunun altında gizlənib, duetlə məşhurlaşaraq efirə çıxmamışam. Kimsə məni Natavana qarşı doldurmamışdı. Şou-biznesə qoşulmuram. Bəzi insanlar var ki, onlarla münasibəti saxlayıram. İstəyərəm ki, sabah oğlumun toyunda gəlsinlər. Üç-beş insan məclisimdə ola bilər. Reytinqdə birinci olan bəzilərini kəndarıma belə buraxmaram. Çox sevirəm bu xasiyyətimi, insanlara yerini göstərməyi bacarıram. "Maşın" şouda da bunu göstərdim. İnsanların iç üzü ortaya çıxır.
- Xatunun bu iddialı danışmağı mərhum xalq artisti İlhamə Quliyevanı xatırlatdı...
- İlhamə xanıma Allah rəhmət eləsin. Ölünün ağına da, qarasına da heç nə danışmaram. Kimsə ölüyə şeir yazırsa, ondan heç nə gözləmirəm.
- Burada Elza Seyidcahana söz atırsınız...
- Ölümümüzü də sığortalamalıyıq. Elə yaşayaq ki, öləndən sonra bizə şeir qoşmasınlar. Bu, faciədir. İlhamə Quliyeva öləndə 7 gün evimdə işıq söndürmədim. "Yasin"in də oxumuşam, məzarını da ziyarət etmişəm. Heç kim də bilməyib. Ondan pislik görməmişəm. Lazım olanda, yerimdə də otuzdurub məni. Onun diqqətini qarşılıqsız qoymuşam, o da cavabımı verib. Nankorluq insanı həyatda ən yaralayan bir şeydir. Gərək səbirli olasan. Son günlər səbrli olmağa çalışıram. Bu aləmdə haqlı olanda belə, haqsız duruma düşürsən.
- "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında qonaq oldunuz və orada hamının bostanına bir daş atdınız.
- Oradakıların hamısı dostumdur. Hər zaman deyirəm, verilşinizdə kimsə haqqımda nəsə desə, silməyin. Aparıcı çalışmışam, ona görə də reytinq nədir bilirəm. Montaja nə var ki... Amma qalmaqal da lazımdır. Mən də orada hamını öz yerinə qoydum. Damla olsaydı onu birinci edərdim. Əgər kimisə saymıramsa, məni də saymasınlar. Şou-biznesdə mənim qədər nömrə dəyişən yoxdur. Üç gündən bir nömrə dəyişirəm. Ən yaxın rəfiqəm nömrə istəyir, götürüb onu satır. Yazıqlar olsun (gülür).
"HAMİLƏDİR, GETSİN BALALARI İLƏ MƏŞĞUL OLSUN"
- Rəqsanə İsmayılova ilə qalmaqalınız bir ildir ki, davam edir. Son günlər isə daha da alovlandı. Bu dəfə siz susdunuz, Rəqsanə danışdı.
- Ailə qurub, hamilədir... İnsanın həyatı gözəl olanda, gərək insanlara qarşı da gözəl niyyəti olsun. Təzə çıxmış müğənnilər var - Damla, Türkan, yaxşı qızlardır. Onlara dəstək olaq. Rəqsanəyə cavab vermirəm. Allah nə savabına görə ona bu şansı veribsə, balalarını böyütsün. Hamilə qadındır, qoşulmasın bu davaya. Çünki içində neqativ nəsə fikirləşəndə özünə qayıdır. Balalarına başı qarışsın.
"DEDİLƏR Kİ, BİZİ RƏQSANƏ DOLDURDU"
- Axı siz susan deyildiniz, indi nə oldu?
- Bizdə belə bir söhbət oldu... Toy danışıldı, beh verildi. Sonra bunlar geri çevrildi. Adamlar var ki, Xatun toyu oxumasın deyə, oradan pul da almazlar. Yenə mən 2 minimi alıram. Hər şey pul demək deyil. Gedib öz puluma Moskvada dostumun övladının toyunda da oxuyaram. Həmin toyda ev yiyəsi ilə Pənah danışıb. Onlar dedilər behi qaytarın, yoxsa Moskvaya yolunuzu bağlatdırarıq. Səs yazıları da var. Sonra da gəldi ki, Rəqsanə doldurdu bizi. Evdəkilər sizi toyda görmək istəyir. Həmin toyda ilk qonorar alan mən oldum. Rəqsanə məsələsinə görə, toya getmək istəmirdik. Amma behə görə getdik.
Məni heç vaxt hava limanından deport etməyiblər. Olsa da yüzünün başına gəlib, 101-ci də mən olaram. Rəqsanə köçüb ora. Bir ara Şəmkirə gəldi, sonra ordan Moskvaya köçdü. Bütün Moskva toyları onun olsun. Hamıya gözəl dualar edirəm ki, Allah mənə də qaytarsın. Orada bahalı toylar yazda olur. "Qayınana", "Qayınata" mahnıları da belə bahalı toylarda səslənir. Əcəb edib bu mahnıları oxudum. Efir mahnılarım başqa, toy repertuarım başqadır. Mən Rəhman Əliyev məktəbi keçmişəm. Peşəkarlardan dərs almışam. Psixoloq yanına getmişəm. Başqaları səhnəyə gəlib plastik əməliyyat etdirir, mən isə səhnəyə gəlməzdən əvvəl etdirmişəm. Bunu da ilk dəfə açıqlayıram. Nəsildə gözəl qız olmuşam. Amma efirdə bir az kobud görünürdüm. Əgər efirə çıxırsansa, özünə fikir verməlisən.
"İNDİ DAMLAYA ZÖVQSÜZ DEYİRLƏR..."
Bu gün Damla üçün zövqsüz deyirlər. Ona nə olub? Saçlar təbii, ağappaq, əsl milli qızdır. Özü də üzündən qadınlıq, təzəgəlinlik yağır, abırlı da geyinir. Damla bu gün bir nömrədir. İstəsəniz də, istəməsəniz də belədir. Deyirəm, altına da imzamı atıram.
- Rəqqasə Fatimə Fətəliyeva ilə də aranızda bir qalmaqal yaşandı.
- Hamının arasında dava ola bilər, normaldır. Bu söhbət bağlandı.
- Söhbəti açdınız, amma heç biriniz əsl səbəbi demədiniz. Əsl səbəb isə sizin xına evi açmağınız, Fatimənin paxıllıq etməsi göstərildi.
- Hərə öz işinin başındadır. Bu gün Rüfət Axundov, Lamiyə Ələkbərova həm onla, həm də mənlə dostdur. Heç vaxt onlara demərəm ki, onunla danışmayın, mənlə dostluq edin. Bəzi bizim yaxın dostlarımız var idi, onlara da danışmamışam əsl səbəbi. Yığıb özümə haqq qazandırmadım. Məni heç kim qorumasın, kiminsə qanadı altında yazıq kimi dayanmadım. Bəzi yerdə susmaq, bəzi yerdə danışmaq lazımdır.
- Amma qalmaqal haqqında ilk danışan siz oldunuz, qarşı tərəf susdu. Hətta efirdə dediniz ki, Fatimə məni təkrarlayır.
- Səhv bilirsiniz... Orada biz danışırdıq, yalandan elə bir söz-söhbət saldıq. Balaş onun işçisi olmayıb, salonunda yer kirayə götürüb. Hətta Tolik mənə zəng etdi ki, eşitdim Fatiməni döymüsən gəl efirdə danış. Tolikə də gedib özü deyib. Mən o şeylərə getmədim. Efirə çıxmasam da, insanların nazını çəkirəm. Məni sevən efirə çıxmasam da, məni toyuna çağırıb, 100 manat çörəkpulu verəcəklər. Fatimə də zəhmətkeş xanımdır.
"FATİMƏ ÜSTÜMƏ ƏRİNİ GƏTİRDİ"
- Fatimə ilə bundan əvvəl də küsülü idiniz.
- Onun günahı idi, Könül Kərimova, Lamiyə Ələkbərova Tolikin ad günündə bizi barışdırdı. Çox böyük səhv etmişdi. İkincidə də onu parodiya etmişdim, küsmüşdü. Üçüncü də Balaşla özü etdi. Otuzdurdum ki, mənə dava yaraşmaz. Siz özünüzə yaraşdırırsınızsa, özünüz bilin. Qardaşım olsa da səhvini də deyirəm. Bir insanla münasibət qura bilərəm, səhvini bir, iki dəfə deyərəm. Üçüncü dəfə niyə deyim ki? Qadın qadınla dava etsəydi... Sizinlə dava edib, üstünüzə kişi gətirsəydik bağışlayardınız?
- Bildiyimiz qədəri ilə sizə qarşı Fatimə belə hərəkət edib. Siz də onu döymüsünüz.
- Döyməyi boynuma almadım ki... (gülür) Bu isə o deməkdir ki, baltanı qoydun və münasibəti kəsdin. "Maşın" şouda Elşad Xose ilə dava edəndə də onun üstünə kişi gətirmədim. Söhbəti özüm həll etmək iqtidarındayam. İstər avtoritet, istərsə də polis yolu ilə. Sabah dava etsəm, oturub deyəcəm gəl üz-üzə söhbət edək. Hər adamın onu etməyə cürəti çatmır. Bu götürüb ərini mənim üstümə gətirir. Sabah mənim oğlum sənin üstünə gəlsə, onu vurmalısan, başqa yolu yoxdur. Uşağımı davaya salıramsa, qarşı tərəf onu vurmalıdır. "Panyatka" söhbəti var, olmaz.
Məsələ belə oldu. Bibim nəvəsinin toyu idi, onu çağırdım. Dedim min yox, 500 verəcəm razılaşdı. Bir gün qalmış dedi gəlmirəm. Dava buradan başladı. Balaş ona deyib ki, Xatun əsəbidir, üstünə getmə, bir-iki gün keçsin danışarsan. Bir də qapı açıldı ki, əri mənim üstümə gəlir. Orada bir şey olmamışdı ki, ərini mənim üstümə gətirdin. Bu tərəfdən isə qızı üstümə gəldi. Nə edəcəkdim, öpüb gözümün üstünə qoyacaqdım? Yenə də uşağa bir söz demirəm, ona qarşı həssasam. Deyirlər ki, qızı ilə niyə dalaşmısan? Deyirəm, qızı üstümə gəldi. Başladı ki, "mən sənə xala demişəm". Nə cavab verməli idim?
"HEÇ KİMİN KUKLASI OLA BİLMƏRƏM"
- Amma hər şeyin səbəbi xına evi göstərilirdi...
- Sağ olsunlar. Bütün ailəm adından onlara təşəkkür edirəm ki, bizi qəşəng reklam etdilər. İndi Toliklə aramız soyuqdur. Bu da xına məsələsinə görə oldu. Heç kim məni köləsi edə bilməz. Heç kim əmr verə bilməz ki, get otur filan verilişdə bunu danış. Heç kimin kuklası olmaram. Onda özümü kəsərəm. Elə xasiyyətim olduğu üçün çox adamdan qaçıram. Balaşın uşaqları nəvəm kimidir. Bütün günü ya onlarla, ya kinoteatrda, ya da qulağımda musiqi bulvarda gəzirəm.
"RƏQSANƏ BÖYÜK DANIŞMASIN..."
- Fatimədən sonra acığa gözəllik salonu və xına evi açmısınız?
- Kim acığa iş görsə, xeyir tapmaz. Bunların heç birinin planını qurmamışdım. Allah elə gətirdi ki, hamısı oldu. Böyük danışmaqdan qorxuram. Bu gün Rəqsanənin həyatı yaxşıdırsa, böyük danışmasın. Özünə yazığı gəlməsə də, balalarına gəlsin.
"MƏN OLAN YERƏ ELŞAD XOSE GƏLMƏSİN"
- "Maşın" şoudan sonra haqqınızda bir çox söz-öshbət çıxdı.
- İlk dəfə Murad Dadaşovla orada tanış oldum. Məndə belə istedad var, özümü istətməyi bacarıram. Mən də parodiyalarla onun simpatiyasını qazandım. Mənim orada yaxın dostum yox idi. Orada heç bir plan qurmurdum. Bizim bütün günü danışıqlarımıza qulaq asırdılar. Onlar gözəl bilir ki, kim sadədir, kim dünya malı üçün nələr edər. Elşad Xose ilə böyük davamız oldu. Mənim üçün o adam bitib. Mənimlə onun heç bir işi olmaz. Barışıq, qarşılaşmaq mümkün deyil. O, Oksana kimi adamı itirdi. Oksana ona görə mənlə dalaşdı. Amma bir həftə keçmədi qırğın qopdu, bıçaqlanmaya kimi davaları gedib çatdı. Allah etdi bunların hamısını. Bəndə yüz oyundan çıxır. Mən olan yerə Elşad gəlməsin. Amma Vüsalə Əlizadəni çox sevdim. Bir-iki adamlar var idi ki, onları harda görsəm, qaçıram. Onları öpmək belə istəmirəm. Yaşlı arvaddır gedib biabırçı hərəkətlər edir. Onu necə evimə buraxım, eyni verilişə çıxım? Savadsızlıq, zövqsüzlük, nə gündədir.
"TALIB SİNİRLƏRİMİ POZURDU..."
- Bir də xəbər yayıldı ki, Talıb Tale maşından əlinizi çəkmək üçün sizə 3 min manat təklif edib.
- Kaş verərdi... İlkin Misgərli ilə Talıbın arasında bu danışıq olmuşdu. O plan da alınmadı. Ağlıma da gəlməzdi ki, ikinciyə kimi gələrdim. Vüsalə 10 saat oyaq qala bildi və getdi. "Maşın" şoudan sonra 3 ay müalicə aldım, uzanıqlı qaldım. Bütün günü yeyirdik, qeybət edirdik. Talıb da əvvəl pul dedi. Sona yaxın isə gördü ki, dözə bilmirəm, dedi pul yoxdur. Əvvəl 5 min dedi, 10 min versəydi razılaşardım.
- Yenidən şouya dəvət alsanız gedərsiniz?
- Buradan hamıya deyirəm, Xatun "Maşın" şouda ancaq oxumağa gedər. Bundan sonra heç vaxt getmərəm. Murad Dadaşov və "M group"un ağlı böyükdür. Murad Dadaşov ağıllı adamdı, hamını idarə edir. Əlbəttə, meyxanaçı Samirəni başdı başına qoysaydı, nələr edərdi. Bəs, ona müdaxilə etməlidir axı. Bahalı nəyəsə görə kim şəxsiyyətini itirər? Maşın Talıbın halal xoşu olsun. Mən güclüyəm, amma xəstə oldum. Ona görə dözə bilmədim. Kim oradan bihörmət çıxıb sa, Muradın günahı deyil. Talıb kişi kimi oynadı. Pənahla Talıb dost idi. Mənə demişdi ki, ona toxunma. Əgər Pənah olmasaydı, sinirlərimi pozurdu, güclü rəqib idi, onu oradan çıxarardım. Bütün günü hovuzda üzürdü, heç kimə qoşulmadı. Biz torba tikəndə bizə qulaq asmırdı. Yaxşı ki maşını udmadım. Amma o qədər hədiyyələr verdilər ki... Bir milyonluq reytinq verdi o şou mənə. Bu da bir qismət idi. Getmək istəmirdim, 3 gün qalmış paltar yığdım.
"SEVDİYİM İNSAN VAR..."
- Aparıcısı olduğunuz "Zarafat-zarafat"dan niyə getdiniz?
- Çatdırmırdım. Amma indi bütün yaradıcı heyətlə münasibətim əladır. Mənim üçün böyük təcrübə idi aparıcılıq etmək. İndi bu, mənim verilişdə özümü aparmağıma təsir edir. Görürəm proqram süni keçir, başlayıram başqa cür davranmağa. Elə bilirəm öz verilişimdir. Canlı yayımdır, görürəm aparıcı yatır, başlayıram oyun çıxarmağa. Kim mənə yaxşılıq edib, onların köləsiyəm.
- Son günlər Xatunun xarici görünüşündə də çox dəyişikliklər var. Daha baxımlı olub, tez-tez görünüşündə dəyişikliklər edir və çəki atıb. Deyirlər, qadının həyatında sevgi olanda özünə daha çox baxır.
- Qadının həyatında eşq olmalıdır. Beş, 12 oktava səsin ola bilər. Amma əgər həvəsin yoxdursa, sən məhv olmusan. Məni bəsləyən, güldürən bu aləmdən uzaq olan insanlarım var. Şou-aləmindən kənar insanam. Toya gedirəmsə, bilirəm ki, iki adamı öpəcəm. Kiməsə yaltaqlansam, ölərəm. Özümün gözündən düşərəm. Onda da adam bambılılıq edər. Afaq Bəşirqızının nəvəsinin məclisinə getdim, pul yazdırdım, iki adamla görüşüb gəldim. O yerdə ki, pul yazdırıram orada mahnı oxumuram, canım mənim. Sevənlərim çoxdur, amma ən əsası sevməyimdir. Həyatımda sevdiyim insan var, onu da sevirəm. "İkimizin" mahnısını da onun üçün oxumuşam.
"EVLİ KİŞİ İLƏ GÖRÜŞMƏRƏM"
- İkinci dəfə ərə getməyi düşünürsüz?
- 21 yaşında oğlum var, onu tək böyütmüşəm. Oğlum mənim yanımda atasından başqa kişi görməyib. İndi şou-biznesdəkilər uşağını yanında aparıb, onla-bunla görüşürlər. Oğlumu anamın sayəsində elə böyütmüşəm ki... Biri çıxıb efirdə ailə mövzusundan danışır, amma özü ev dağıdıb. Qurana əl basaram ki, heç kimin evini dağıtmamışam. Evli kişi ilə görüşmərəm. Evli kişi ilə görüşən qadın özünə hörmət etmir. Görüşməməlidir... Onun ailəsi var. Kişilər ən çox arvadlarını istəyirlər. Kişinin çürük konfeti olsa, aparıb arvadına verəcək. Çünki arvad qeyrətdir, sevgili yox. Həmişə oğlum deyirdi ki, nə istəsən edəcəm, ancaq mənim yanımda ol. Ərə gedib, ikinci uşağım olsaydı, Adil bəlkə də mənə bu qədər hörmət etməzdi. Çünki elələrini görmüşəm. İkinci ərə gedib, uşaq doğan ana var ki, övladı deyir, "ana, sənin səviyyən yoxdur?". Mənim oğlum bunu mənə deyə bilməz. Atam ali savadlı insandır, mənə Xatun xanım deyir. Analıq rütbəm o səviyyədədirsə, məndən nə gözləyərsən? 41 yaşım var, o səviyyədə deyiləm. Birdən Adilə haqsızlıq edirəm, götürüb yazıram ki, bağışla. Mənim kəndarından keçdiyim yerlər var. Pul ayırıram, aparıb bacım uşaqlarını, övladımı orada gəzdirirəm. Hər şeyi onlara göstərirəm ki, xəbərləri olsun.
- Şou-biznesdə övladını gizlədən iki insan var. Biri siz, digəri Xumar Qədimova...
- Oğlum yanımda böyüyüb. Onun təhsili ilə anam məşğul olub. Evdə köməkçim var, anam ona da narazıçılıq edir. Adili anam saxladığı üçün onu daha çox sevir. Demişəm ki, oturduğun yerdə müğənni söhbəti gedirsə, telefonu götür oradan çıx. İndi uşaqlar var ki, deyir varlı kişi olsaydı anamı saxlayardı. Oğlum efir, sosial şəbəkədə görünmək istəsəydi, razılaşardım.
"TÜNZALƏNİN EVLİ ADAMLA..."
- Tünzalə Ağayeva ilə küsülü olmağınıza səbəb Rəhman Əliyevdir?
- Bəli... Tünzalə düz deyir, mənim haqqımda heç nə deyə bilməz. Lazım olsa, onun haqqında hər şey deyə bilərəm. Rəhman Əliyevin layihəsi Tünzalə, mən və Damla olub. Üçümüzün də bu yerdə olmasının səbəbkarı odur. 12 mahnı ilə səhnəyə gələn iki insan olub. Tünzalənin bütün taleyini bilirəm. Necə ailə qurub, evli adamla necə... Hər şeyi bilirəm. Kiminsə həyatda ən böyük arzusu tuşla çimək olubsa, "quruşka" ilə çimibsə, günühkar mən deyiləm. Onun keçmiş həyat yoldaşı məni səhnəyə hazırlayıb, işimə can qoyub. Tünzaləni gözəl parodiya edirəm. Rəhman, Tünzalə mən bir yerdə yaşamışıq. Çünki Rəhman bütün günü ondan danışırdı. Tünzalənin oxuduğu Quran ayəsi deyil ki... Hər oxuduğunu bəyənməliyəm? Əvvəl səmimi idi, indi yox. Bu gün "Qayınana", "Qayınata" mahnılarını oxuyuram, əcəb də edirəm. Mənə pul lazımdır. Hamı mənə "kaşelok" kimi baxır.