AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aktyor ölmür?

  • + A
  • - A
  • 15-12-2023, 21:34

    Aktyor ölmür?


    Bunun hansı xəyalpərəst uydurub? Niyə ölmür ki? Ölür, özü də ən birinci mənən. Bilirsən nə vaxt? Boş zala oynayanda, tamaşaçısının gül-çiçək dəstələri o yana dursun, adicə alqışını duymayanda, kulisdə rejissorun arxalarınca etdiyi “Bacarmırlar da, əllərindən ancaq bu gəlir” qeybətini eşidəndə. Hə-hə, bir də hər yaxşı tamaşaya “mənimdir!” deyib sinəsini qabağa verən rejissordan üz gizləyəndə, hansısa texniki büdrəmədə belə dodaqlarını çeynəyə-çeynəyə aktyorunu hədəf göstərib, zərbələri ona tuşlayan rəhbərliyin tənəsini eşidəndə. Adını fəxri təltif siyahısında, afişaların yuxarı sırasında görməyəndə, küçədə-meydanda tanınmayanda. “Teatr qarderobdan başlayır” riyakarlığında boğulduğumuz bütün zamanlarda məvacibi qəpik-quruş, soyuducu boş, əyni nimdaş, mənzili soyuq, ruhu tənha, arzuları qapqara olanda… Siyahını uzadıb, ardını da yazım?!.
    Eh, onsuz da xeyri yoxdur. Çünki həm də dünyanın bütün pisliklərini kulisdə unudub, səhnəyə yaradılışın ən məsudu kimi çıxıb, oradan yalnız öləndə düşmək kimi müqəddəs arzulu bəxtəvərlərdi (bəlkə də bədbəxtlər) aktyorlar. Vallah, bu, belədir. Bir anlıq yaddaşınızı işə salın və ən yaxşı tanıdığınız, hətta ən istedadsız saydığınız bir ifaçını düşünün. Onların hər birinin içində bir yaratmaq eşqi (fərqi yoxdur necə) və onunla yaşamaq kimi bir amal var. Vəssalam. Yəqin elə buna görə də amerikalı aktyor, ssenarist Lourens Barret aktyoru qardan heykəllər düzəldən insanlara bənzədir və onları bu mənada dünyanın ən məsumu sayır.
    ...Ötən həftə yolumu Şuşa Dövlət Musiqili Dram Teatrından saldım. Iki aktyorun birgə işi olan “Aktyor əbədiyyətə qovuşanda” adlı səhnə aktını izləməyə getmişdim.
    Bütün texniki parametrləri, səhnə həlli və oyun üslubu baxımından tamaşa mənə görə orijinal, təsirli, maraqlı və bir aktyorun rejissura cəhdi baxımından cəsarətli idi. Yəni bəzi “rejissor diplomlu”lar qədər hay-həşir qoparmadan aktyor, Əməkdar artist Nazir Rüstəmov özü və tərəf-müqabili, həmkarı, istedadlı və səhnədə də həyatda olduğu kimi zərif və məsum Bahar Həmzəyevaya öz potensialını nümayiş üçün yetəri qədər meydan vermişdi.
    Indi isə gələk əsər və onun səhnə ifadəsinə.
    Psixoloji dram janrında olan birhissəli tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın eyniadlı əsəri əsasında hazırlanıb. Deyəsən yaradıcı heyət indi onu başqa adla – “Ölməz sevgi” kimi təqdim edəcək. Hər halda, hər iki ad uğurludur. Amma və lakin bu iş kütləvi tamaşaçı üçün deyil. Niyə? Çünki burada bir aktyor ömrünün ağır, hüznlü, xiffət dolu yolu var və onu yalnız bu yük çiyinlərində iki dünya arasında qalanlar – yəni məhz aktyorlar gözəl anlaya bilərlər. Sözsüz ki, bir də sənətin mahiyyətini duyan həssas tamaşaçılar...
    Xorvat yazıçısı bir aktrisa, onun rol, səhnə, sənət arzularını, eləcə də bir rejissorun, daha doğrusu, nə vaxtsa təhsilini başlamadan bitirən, istedad və peşəkarlığını qayğılara qurban verən bir rejissorun – qısacası sənətdə və həyatda səadəti sadəcə səhnədə tapan ikilinin xəyal ilə gerçəklik arasındakı oyununu təqdim edir.
    Müəllifin sənət ilə, bir teatr aktrisasının, bir aşiq, özü də tapınacaq qədər aşiq kişinin hiss və həyəcanlarını, itirmək qorxusu ilə qovuşmaq kimi əlçatmaz xülyasını ustalıqla verməsi ədəbi materialı orijinal edən bəlkə də yüz səbəbdən biridir. Yəqin ilk səbəb də müəllifin həyat yoldaşının da aktrisa olmasıdır.
    Onu deyirdim, axı. İki personajın rol aldığı səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nazir Rüstəmovdur.
    Səhnə tərtibatı çox sadə, adi teatr səhnəsini xatırladıq. Səhnənin ortasında qurulan kiçik səhnə, “zadnik”i xatırladan qara örtüyə asılmış ağ-qara qadın şəkilləri, üzərinə qrafin və iki qədəhin qoyulduğu jurnal masası və iki stul var. Yanda kabinet təəssüratı yaratmaq üçün asılqana keçirilmiş kişi pencəyi və “kəpənək”. Yerdə hazırlıq prosesini göstərən yarımçıq çərçivə və yanında usta alətləri.
    Həzin musiqi səslənir və bu zaman zərif, səliqəli geyinmiş bir qadın tamaşaçılardan teatrın rəhbəri Toması (Tom- N. Rüstəmov) soruşa-soruşa var-gəl edir. Bu dəm kulisdən orta yaşlı bir kişi sevinc qarışıq həyəcanla ona tərəf gəlir və məşhur aktrisa Yevaya (B. Həmzəyeva) özünü təqdim edir.
    Mübahisə, mübadilə, müzakirə, mühakimə, mülahizə və daha bir neçə bu kimi məlum və naməlum münasibətlər burulğanında biz “Aktyor əbədiyyətə qovuşanda...” ilə başlayan yeni tamaşa, aktrisa üzərində qurulan iki nəfərlik oyun və bu oyun üçün mübarizə aparan kişini görürük. Həyatda və sənətdə məğlub Tom gec də olsa Yevanı qazanmaq istəyir. Amma çifayda. Yeva xəstədir və məşq yarımçıq qalır. Buna bir səbəb də qadının yubileyi münasibətilə onların da ana dediyi əsas teatrdan təklif alması olur və o yenə də - 60 yaşında da şöhrətin arxasınca sürünür. Amma, bu da çox çəkmir və əsəbləri dözmür, daha doğrusu, ruhu onu bu balaca səhnəyə səsləyir və o, son monoloqunu, yəni “Qu quşunun son rəqsi”ni bu səhnədə edir. Özü də yarımçıq. Beləcə Yeva üçün əsər yazan və bütün həyatı boyu bu arzu ilə yaşayan Tom özünü əbədi tənhalığa qərq edir...
    Tamaşa boyu ən xoşuma gələn və ən yerinə düşən keçidlər arasında hər iki qəhrəmanın dilindən səslənən monoloqdur. Özü də bu monoloq yalnız Yevanın deyil, bütün teatr dünyasının, aktyorluğu sənət yolu, alın “yazısı” seçənlərin taleyi, aqibəti, bir növ həqiqəti kimi üsyan edir: “Aktyor əbədiyyətə qovuşanda yalnız bir insan ömrü deyil, onun ətrafındakı bütün kölgələr yox olur. Heç vaxt oynamadığı, oynaya bilmədiyi qəhrəmanlar da ölür. Hətta onun tamaşaçıları özləri də bilmədən yox olurlar. Aktyor öləndə heç vaxt yanmayan projektorlar da sönür. Heç vaxt qoyulmayan tamaşalar da ölür. Aktyor əbədiyyətə qovuşanda onun oynadığı bütün rollar da ölür...”
    Bir saatlıq tamaşa boyu məqam-məqam darıxdırıcı, bir növ boşluq, daha doğrusu, o boşluğu doldurmaq üçün düşünülmüş (tapılmamış) keçidlər olsa da ümumilikdə tamaşaçını həyəcanlandıran dinamik oyun da var idi.
    Quruluşçu tamaşanın musiqi tərtibatında da xorvat bəstəkarların yaradıcılığına müraciət etmişdi. Beləcə xorvat pianoçu Maksim Mrvicanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin əsərləri təsirli məqamların, bəraət və etirafların, mühakimələrdən öz həqiqətinə sığınan hər iki qəhrəmanın bir-biri və həyata münasibətlərini anlamağa kömək edirdi.
    Ölüm, bir insanın başqa bir insan həyatına buraxdığı faciəli nəticənin yükü ilə bitən səhnə aktı qəhrəman və onun ideyası uğrunda qurban getməsi haqqında həzin etiraf da sayıla bilər.
    Həmidə Nizamiqızı











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR