18-19 dekabr tarixlərində keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” Sarayında "Qarabağ incəsənət düşərgəsi" adlı rəssam və heykəltaraşların əsərlərindən ibarət sərgi təşkil olunub.
Sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş Qarabağa təşkil olunan səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb. Ekspozisiyada həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.
Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltəraşlıq nümunələri maraq doğurur.
Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar maddi mədəniyyət nümunələri kimi təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.
Sərgidə həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.