Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçirilib.
Konsert başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov çıxış edib.
Musiqili gecədə Naxçıvanın incəsənət nümayəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərlik etdiyi orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir. Nazim Quliyevin “Nəqşicahan” baletindən “Uvertüra” ilə başlayan gecədə Süleyman Ələsgərov, Səid Rüstəmov, Ramiz Mirişli, Ələkbər Tağıyev, Hacı Xanməmmədov, Həsən Rzayev, Firəngiz Babayeva kimi görkəmli bəstəkarların əsərləri, həmçinin xalq mahnıları səsləndirilib. Konsert zamanı Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin muxtariyyətin 100 illiyinə həsr etdiyi “Yurdum mənim” əsəri ilk dəfə ifa edilib.
Azərbaycan Respublikasının Əməkdar artistləri – Vilayət İsmayılov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri – Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidov (kamança), Respublika və beynəlxalq müsabiqələr laureatları – Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayev tərəfindən təqdim olunan əsərlər alqışlarla qarşılanıb. Konsert proqramı Xalq artisti Gülyanaq Məmmədova və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudovun ifasında “Naxçıvan şikəstəsi” ilə sona çatıb.
Qeyd edək ki, konsert Mədəniyyət kanalında yayımlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.