Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik müraciəti ünvanlayıb.
Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir.
Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir.
“Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”, – deyə təbrikdə vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.