AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Milli İncəsənət Muzeyində “1920 -1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılışı

  • + A
  • - A
  • 31-05-2024, 18:25

    Azərbaycan Milli İncəsənət Muzeyində  “1920 -1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”  adlı yeni ekspozisiyanın açılışı

    5 iyun 2024-cü il tarixində saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılışı olacaq. Ekspozisiyada ümumilikdə 157 ədəd rəngkarlıq, qrafika, heykəltəraşlıq və keramika nümunələri təqdim edilir.
    1920-1980-ci illər Azərbaycan rəngkarlığı ekspozisiyası qeyd edilən tarixi dövrdə boyakarlıq sənətinin keçdiyi inkişaf yolunu müfəssəl şəkildə əks etdirir. XX əsrin əvvələrində təsviri sənətdə gedən gərgin yaradıcılıq axtarışları, bədii eksperimentlər burada 1920-1940-cı illər rəssamlar nəslinin görkəmli nümayəndələri Salam Salamzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların yaradıcılığı ilə təmsil olunur.
    Daha sonrakı mərhələlər mövzu və üslub müxtəlifliyi ilə seçilən ayrı-ayrı tanınmış Azərbaycan rəssamlarının təsviri sənətimizin qızıl fonduna daxil olan əsərləri vasitəsilə izlənilir. Maral Rəhmanzadənin milli koloritli mənzərə rəsmləri və Azərbaycan qadın obrazları, Xalidə Səfərovanın zəngin və parlaq rəng palitrasına malik mənzərələri, Səttar Bəhlulzadənin doğma yurdun tərənnümunə həsr olunmuş peyzaj və natürmortları, Kamil Xanlarovun lirik-emosional xarakterli, mükəmməl koloritə malik mənzərə lövhələri, Toğrul Nərimanbəyov və Nadir Əbdürrəhmanovun obrazların ifadəliliyi, dekorativ motivlərin zənginliyi ilə seçilən tabloları, Böyükağa Mirzəzadənin sadə zəhmət insanlarını təsvir edən, bədii həllin gözəlliyi ilə fərqlənən tematik əsərləri Azərbaycan rəngkarlığının dolğun təəssüratını yaradır. Ekspozisiyanı Tahir Salahovun neftçi obrazlarının əks olunduğu sərt üslubun romantikası ilə yaddaqalan, sevimli Abşeron mövzusunu əks etdirən əsərləri tamamlayır. Burada, həmçinin ekspozisiya mövzuları ilə səsləşən, müəllifləri görkəmli heykəltəraşlar Mirəli Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira Hüseynova, Xanlar Əhmədov olan əsərlər yer alır.
    1920-1980-ci illər Azərbaycan qrafikası ekspozisiyasını milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş Bəhruz Kəngərli, Əzim Əzimzadə, Ələkbər Rzaquliyev, Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Sənan Qurbanov kimi özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Ekspozisiyada ilk dəfə olaraq Bəhruz Kəngərlinin portret, mənzərə eskiz və rəsmlərindən ibarət albomlar yer alıb. Vitrində sərgilənən albomların bütün səhifələri elektron formatda, sensorlu ekran (touchscreen) vasitəsilə təqdim olunur. Maraqlı məqamlardan biri Bəhruz Kəngərlinin natürmortunda əks olunmuş keramik mürəkkəbqabının əyani olaraq nümayişidir. Ekspozisiyada XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan, Yelena Orbeliani, Zivər Məmmədova, Həyat Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev, Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov kimi tanınmış müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da sərgilənir.
    Ekspozisiya interaktiv xarakter daşıyır. Hər bir zalda tamaşaçılar QR kod vasitəsilə aid olduqları yaş qrupunu qeyd edib bəyəndikləri əsərə səs verə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR