İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov, Vəcihə Səmədovanın nəvəsi Aqşin Mirfeyzullazadə çıxış ediblər. Onlar görkəmli rəssamın yaradıcılığının milli təsviri sənətdə tutduğu mühüm mövqedən və bu sərginin Azərbaycan incəsənəti üçün daşıdığı vacib əhəmiyyətdən danışıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbyacan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və eləcə də, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alıb. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Azərbaycanın ilk peşəkar qadın rəngkarı, özünəməxsus dəst-xəttə malik Vəcihə Səmədovanın geniş mövzu dairəsini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur. Ekspozisiyaya daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti canlanır. Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş kompozisiyaları nümayiş etdirir.
Rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir. Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir.
1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kür sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Multimedia vasitələrindən istifadə edilən sərgidə qeyd edilən tablo vizuallaşdırılmış maraqlı təqdimatla nümayiş etdirilir.
Sərginin xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Sənətkarın sevimli ömür-gün yoldaşı Lətif Feyzullayev tərəfindən fırçaya alınmış füsunkar obrazı, eyni zamanda onun şəxsiyyəti və yaradıcı dünyası haqqında video-sorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır.
Sərgi 25 noyabr 2024-cü il tarixinədək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.