AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubad İbadoğlu Azərbaycanın MSŞT-dən çıxmasının pərdəarxasını danışdı - MÜSAHİBƏ

  • + A
  • - A
  • 18-03-2017, 10:04

    Qubad İbadoğlu Azərbaycanın MSŞT-dən çıxmasının pərdəarxasını danışdı - MÜSAHİBƏ













    “Hökuməti nümayəndələri həmin iclasa hazır bəyanatla gəlmişdilər”

    Dünyanın iqtisadi mərkəzi olan Nyu-Yorkdan yenicə dönən Qubad İbadoğlu FED-in son qərarından, dollar-manat münasibətlərindəki durumdan, Azərbaycanın MSŞT-dən çıxarılmasından və Boqotada keçirilən iclasın detallarından danışıb.

    "Yeni Müsavat" qəzetində dərc olunan həmin müsahibəni təqdim edirik.

    - Qubad bəy, ABŞ-dan yenicə dönmüsünüz. Bu, işgüzar səfər idimi? ABŞ-da hansı görüşlər keçirdiniz?

    - Əsasən ABŞ-ın Nyu-York şəhərində oldum. Orada dayanmaq məqsədim həm də öncədən planlaşdırılmış görüşlərimi keçirmək idi. Bildiyiniz kimi, Nyu-York ABŞ-ın həm maliyyə, həm biznes, həm də siyasi mərkəzlərindən biridir. Bir çox beynəlxalq təşkilatlar öz qərargahlarını Nyu-Yorkda yerləşdiriblər. Mən də fürsətdən istifadə edərək bəzi beynəlxalq təşkilatlarda və universitetlərdə görüşlər keçirdim. Təbii Resursların İdarə Olunması İnstitutunda, Açıq Cəmiyyət İnstitutunda, Kolumbiya universitetində görüşlərim oldu. Bir çox yerli ekspertlərlə, analitiklərlə də Azərbaycan məsələsi ilə bağlı görüşlərim və müzakirələrim oldu.

    - FED-in qərarını Nyu-Yorkdan izləmək imkanınız oldu. Dünya birjalarının buna reaksiyasını müşahidə etdiniz. Budəfəki prosesi necə dəyərləndirirsiniz?

    - Bu, gözlənilən bir qərar idi. Reaksiya da adekvat oldu. Hər zaman belə qərarlara ilkin reaksiya ilə sonrakı reaksiya arasında fərq olur. Bu dəfə də xüsusi sürprizlərlə qarşılaşmadıq. İstənilən halda FED-in uçot dərəcələrini artırması ABŞ-ın bölgədən kənarda olan valyutasının ölkəyə gətirilməsinə, ABŞ valyutasının baha satılmasına xidmət edən bir qərardır. Təbii ki, bu qərarın Azərbaycana da müəyyən təsirləri var. Ancaq birbaşa təsirlərdən danışmaq mümkün deyil. Çünki ABŞ-la Azərbaycanın ticarət əlaqələri o qədər də geniş deyil. Eyni zamanda ABŞ-ın Azərbaycanda Azərbaycanın ABŞ-da investisiya imkanları geniş deyil. Bunun əsas səbəblərindən biri ABŞ-ın Azərbaycandan çox uzaqda yerləşməsi ilə bağlıdır. Birləşmiş Ştatların qiymətli kağızlar bazarında da Azərbaycan mənşəli sərmayələr o qədər də çox deyil. Ona görə də birbaşa təsirlərdən danışmaq tezdir. Ancaq nəzərə alsaq ki, Dövlət Neft Fondunun əsas aktivləri dollarla saxlanılır, təbii ki, dolların möhkəmlənməsi bütövlükdə DNF-in valyuta səbətində məzənnə fərqi ilə gəlirlərin artmasına gətirib çıxarır. Bu baxımdan FED-in qərarının hətta müsbət təsirlərindən də danışmaq mümkündür. Birmənalı şəkildə neqativ kontekstdə qiymətləndirmək də doğru olmaz.

    - ABŞ-da dolların məzənnəsi ilə bağlı iki fikir var: FED bahalı dolların, ABŞ hökuməti isə ucuz dolların və ixracın stimullaşdırılmasının tərəfdarıdır. Sizcə, dollar qarşıdakı dövrdə bahalaşa bilərmi?

    - Birləşmiş Ştatlar unikal bir ölkədir. Orada ikifikirlilik həm iqtisadiyyatda, həm biznesdə, həm də siyasətdə inkişafın əsas hərəkətverici qüvvəsindən biridir. Mən ABŞ-da olarkən də bu ölkənin televiziyalarında müxtəlif məsələlərlə bağlı geniş debatların şahidi oldum. Orada gördüm ki, hər iki tərəfin özünün müəyyən əsaslandırmaları var. Ümumiyyətlə, makroiqtisadiyyatda bir-birinə zidd olan müxtəlif nəzəriyyələr olsa da onların hər birinin arqumentlərini biz müəyyən dövrdə haqlı hesab edə bilərik. Əgər söhbət uzunmüddətli dövrdən gedirsə, təbii ki, dolların bahalaşmasından danışmağa dəyməz. Ancaq hazırki dövrdə iqtisadiyyatda kifayət qədər müsbət təmayüllər hiss olunur. O cümlədən, məşğulluq və inflyasiya ilə bağlı göstəricilər iqtisadi siyasətdə başlıca indiqatorlar sayıldığı üçün qısamüddətli dövrdə olsa da ABŞ dollarının bahalaşmasını gözləməliyik.

    “Qiymətləndirmə hesabatından görünürdü ki, Azərbaycan bu tədbirlər planını tam şəkildə yerinə yetirməyib”

    - Qubad bəy, siz MSŞT-nın Boqotada keçirilən 36-cı toplantısının iştirakçısı idiniz və orada baş verənləri yerindəcə izləmək imkanınız oldu. Nələr baş verdi Boqotada?

    - Cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycan həmin təşəbbüsdən çıxarılıb. Ancaq əslində elə deyil, Azərbaycan həmin təşəbbüsdə saxlanılmışdı və Azərbaycanın təşəbbüsdən çıxarılması ilə bağlı Boqotada keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin heç bir qərarı olmayıb. Beynəlxalq İdarə Heyətinin qərar qəbul etmək üçün müəyyən tələbləri və qaydaları var. Bu yalnız Azərbaycana deyil, digər ölkələrə də şamil olunur. Azərbaycan digər ölkələrlə müqayisədə bu qərarların, standartların işlənməsində daha yaxından iştirak edib. Çünki Azərbaycan MSŞT üzrə ilk 5 pilot ölkədən biri olub. Azərbaycan ilk olaraq bu Təşəbbüsdə tam hüquqlu üzv olub. Azərbaycan ilk dəfə olaraq MSŞT-nı BMT-nin 60 sessiyasının qətnaməsində müəllif ölkə olaraq təqdim edib. Bu da BMT-nin 63-cü sessiyasında qəbul olunub. Məsələ bundan ibarətdir ki, Azərbaycan bir vaxtlar MSŞT-nın əsas təbliğatçısı idi, Azərbaycandakı mövcud nəticələr digər ölkələrdə örnək kimi istifadə olunurdu. Bu baxımdan bu müəyyən bir dövrü əhatə elədi.

    Azərbaycanın MSŞT-dakı iştirakının ilk 10 illiyini belə qiymətləndirmək olar. Ancaq son 5 ərzində MSŞT-da Azərbaycanla bağlı kifayət qədər müzakirələr gedib. Mən həmin təşəbbüsdə 2013-cü ildə Beynəlxalq İdarə Heyətinə seçilmişəm. Bundan öncə də Azərbaycanla bağlı müzakirələr gedirdi. Aktiv müzakirələr isə 2014-cı ilin iyun ayından başladı. Həmin dövrdə Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinin kütləvi formada artdığı bir dövr idi. Bilirsiniz ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün 3 tərəfi var. Burada şirkətlərlə yanaşı hə də Azərbaycan vətəndaş cəmiyyəti, təşkilatlar da iştirak edir. Boqotada gözləntilərimiz bundan fərqli deyildi. Bilirdik ki, Azərbaycan Astana toplantısında qəbul olunmuş islahedici tədbirlər planını yerinə yetirməsə Boqotadakı müzakirə çox çətin keçəcək. Həqiqətən də elə oldu. Azərbaycanla bağlı müzakirələr kifayət qədər uzandı. Qərar vermək də asan olmadı. Azərbaycan məsələsinin uzanması da onu göstərdi ki, ciddi müzakirələr gedib və bunun da əhəmiyyətli rolu olub.

    Boqota toplantısında 4 ölkənin fəaliyyətinin dayandırılmasına qərar verildi. Bunlar Tacikistan, Qırğızıstan, Azərbaycan və Solomon adaları oldu. Ancaq digər ölkələrin, o cümlədən Nigeriya, Peru, Mavritaniya və Liberiyanın qiymətləndirmə hesabatını göstərdi ki, onlarda nəzərəçarpacaq dəyişikliklər var. O baxımdan onların statusunun aşağı salınması və ya fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı qərar qəbul olunmadı. Bu zaman onlara da müəyyən islahedici tədbirlər proqramı təqdim olundu. Azərbaycan bu qiymətləndirmə məsələsində hər zaman öndə olduğu üçün MSŞT üçün hər zaman bir eksperiment ölkə olub. Biz Boqotaya gedəndə Astana toplantısında Azərbaycana verilən islahedici tədbirlər planının yerinə yetirilməsi ilə bağı qiymətləndirmə hesabatı hazır idi. Orada da qeyd olunmuşdu ki, Azərbaycan bu tədbirlər planını tam şəkildə yerinə yetirməyib. Azərbaycanın fəaliyyətinin dayandırılması da gündəlikdə var idi, hökumət də bunu bilirdi. Boqotaya ezam olunan Azərbaycan hökuməti nümayəndələri ora hazır bəyanatla gəlmişdilər.

    “Azərbaycan hökumətinin qərarını tələsik və emosional bir qərar hesab edirəm”

    - Siz belə bir bəyanatın veriləcəyindən xəbərdar idinizmi?

    - Bəli, mən xəbərdar idim və çalışdım ki, müəyyən adamları məlumatlandırım. Bildirim ki, belə bir hal baş verərsə, Azərbaycan təşəbbüsdən çıxa bilər. Ancaq Azərbaycan analoji vəziyyəti 2015-ci ildə yaşamışdı. Orada Azərbaycanın statusunun aşağı salınması ilə bağlı qərar qəbul olundu. O zaman da hökumət bəyanat səsləndirmişdi ki, MSŞT-dan çıxa bilər. O zaman Azərbaycanın bu bəyanatı verməsi, lakin Təşəbbüsdən çıxmaması indiki halda da belə bir bəyanatın veriləcəyi ilə bağlı səsləndirilən fikirlərin təsir gücün aşağı saldı.

    Düzdür, rəsmi hökumət nümayəndələri belə bir bəyanatın olacağını açıqlamadılar. Onlar dedilər ki, bunu əvvəlcədən açıqlasaq, şantaj və təzyiq kimi qiymətləndirə bilərlər. Mən hökumət nümayəndələrinin Boqotaya belə bir bəyanatla gəlməsini təsdiq edə bilərəm. Lakin Təşəbbüsdən çıxarılan digər ölkələr belə bəyanatlar vermədilər. Azərbaycan hökumətinin qərarını mən tələsik və emosional bir qərar hesab edirəm. Bu, reallığı nəzərə alaraq verilən bir qərar deyil. Bu getdikcə böyüyən və genişlənən bir Təşəbbüsdür. Bura daxil olan ölkələrin sayı artır. Bu, bir inteqrasiya prosesidir və Azərbaycan bundan faydalana bilərdi. Bu, Azərbaycanın gələcəyi üçün də əhəmiyyətli məsələlərdən biridir. Yəqin ki, bir müddətdən sonra hökumət itkilərini hesablamağa başlayacaq.

    Azərbaycanın çox ciddi investisiya imkanları var. Xüsusilə də , “Şahdəniz 2" yatağının işlənməsi ilə bağlı , eyni zamanda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq investisiya cəlb etmək Azərbaycan üçün əvvəlki kimi asan olmayacaq. Çünki bu layihələrə cəlb olunan investorlar da Azərbaycan MSŞT-dan çıxmaq qərarından məmnun deyil. Onların Azərbaycana münasibətində müəyyən dəyişikliklər baş verəcək. MSŞT-nın tələbləri həm də korrupsiya indeksi, yaxşı idarəetmə, açıq büdcə tələbləri ilə bağlı idi. Hesab edirəm ki, bundan sonra təbii resursların idarə edilməsi prosesi pisləşəcək və Azərbaycanın həm kredit, həm də investisiya göstəricilərinin də pisləşəcəyini proqnozlaşdırmaq olar. Azərbaycana gələn investorların, xüsusən də mədən sənayesi ilə bağlı sahələrə yatırım etmək istəyənlərin qərar verməsində Azərbaycanın MSŞT-da qalıb-qalmaması əhəmiyyətli rol oynayırdı, bundan sonra da oynayacaq.

    Vətəndaş cəmiyyəti üçün də bu bir platforma idi. Düzdür, bu platforma əvvəlki kimi geniş istifadə oluna bilmirdi, imkanlar məhdud idi. Ancaq QHT-lərin həm hökumət ilə, həm də şirkətlərin nümayəndələri bu məsələ ətrafında müzakirə aparmaq imkanımız var idi. O platformanın da imkanları itirildi. MSŞT Beynəlxalq İdarə Heyəti də Azərbaycan kimi təcrübəyə malik olan, uzunmüddətli dövrdə MSŞT tələblərini tətbiq edən, bu mənada digər ölkələr arasında fərqlənən bir üzvünü itirdi.

    “Təbii ki, dolların möhkəmlənməsi bütövlükdə DNF-in valyuta səbətində məzənnə fərqi ilə gəlirlərin artmasına gətirib çıxarır”

    - Ermənistanın MSŞT-ya üzvlüyə qəbul olunmasını necə dəyərləndirirsiniz?

    - Azərbaycan hökumət olaraq bunun əleyhinə olmadı. Əvvəldən də görünürdü ki, Azərbaycanın belə bir niyyəti olmayıb. Sadəcə, hökumət bundan istifadə edərək Ermənistanla bağlı siyasətini MSŞT-ya üzv olan ölkələrə çatdırmaq imkanlarını da düzgün olaraq dəyərləndirdi. Əvvəlcədən, MSŞT-ın İdarə Heyəti üzvlərinə Azərbaycan hökumətinin müraciət məktubları göndərilmişdi. Azərbaycan hökuməti bu müzakirədən əvvəl də eyni müraciəti payladı. Mən də bu prosesə qoşuldum. MSŞT İdarə Heyətində üzvlük məsələsi çox texniki xarakter daşıyır. Demək olar ki, Ermənistan yeganə ölkədir ki, üzvlüyə qəbul olunması geniş müzakirə olundu. Çünki bu ölkə Azərbaycan ərazilərini işğal edib və həmin ərazilərdə mədən sənayesi ilə məşğuldur. Bu dəfə də Beynəlxalq İdarə Heyətinin üzvləri Ermənistanın üzvlüyə qəbul olunmasının əleyhinə çıxış etdilər. Bildirdilər ki, bu ölkə şərtlə qəbul olunmalıdır. Ermənistan öhdəlik götürməlidir ki, işğal etdiyi ərazilərdə mədən sənayesinin hasilat göstəricilərini hesabata daxil etməyəcəklər. Beynəlxalq İdarə Heyətinin sədri də elan etdi ki, bu məsələlər nəzərə alınır. Biz bununla bağlı məktub hazırlayacağıq, bu məktub həm Ermənistan hökumətinə, həm də Beynəlxalq İdarə Heyəti üzvlərinə təqdim edəcəyik. O baxımdan Ermənistanın qəbulu ağır keçdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR