"Ali Baş Komandan doğru olanı nədirsə, onu da edib" - Generalların işdən çıxarılmasına reaksiya
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hərbi idarəetmə sistemi ilə bağlı olan iki generallar - Vahid Əliyev və Məhərrəm Əliyevlə bağlı verilən qərara öz münasibətini açıqlayıb
"Baş verənlər gündəlik idarəetmənin bir normal prosesidir və ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi o, məhz dünən bu məsələnin təsdiq edilıməsini vacib sayıb. Özü də, belə mühüm dövləti qərarlar bir günün içində deyil, uzunmüddətli müşahidə və təhlillər əsasında qəbul edilir.
Məsələnin məğzinə keçməzdən əvvəl, onu xüsusi olaraq vurğulamaq istərdim ki, dünən Prezidentin təsdiq etdiyi struktur dəyişikliyini bizdən daha çox bizim düşmənlərimiz olan erməni mətbuatı öz olmayan ağılları ilə fantaziyalara əsaslanaraq özünəməxsus şəkildə "təhlil" ediblər. Bu sarsaqların "analitik təhlillərinə" diqqət edəndə, az qala adamın havası çatmır. Məsələdən tam bixəbər olan ermənilər az qala öz daşnaq təfəkkürləri ilə Azərbaycan adlı dövlətin sanki hansısa təhlükələrlə üz-üzə qalmasından, məhv olma dərəcəsinə çatmasından ağızları köpüklənə-köpüklənə danışır və dezinformasiyalar tirajlıyırlar. Və düşmənə əlavə imkanlar yaratmamaq üçün hesab etdim ki, xüsusən hərbi sahə ilə bağlı olan iki generalın rəhbərlik etdikləri xidmətlərlə bağlı Ali Baş Komandanın qərarını bir qədər öz bilgilərimlə açıqlayım.
Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətini mətbuatda və hərbyönümlü tədbirlərdə ən çox tənqid edən yoldaşlardan biri bəndəniz olub. Və ədalət naminə deyim ki, yazdıqlarımızdan və açıqladığımız məsələlərdən bir çoxuna hörmətli Vahid Əliyevin özü və xidmətin digər generalları olduqca sağlam reaksiya göstərirdilər. Amma, xidmətin fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar da mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi. Və onun dünən qəbul etdiyi qərarda bunu hiss eləmək mümkündür. Hərbçi dili ilə yazacağam. Hər bir Komandir istəyir ki, onun güclü Qərargahı olsun. Ağıllı və savadlı, bacarıqlı, əqidəsi və mənəvi cəhətləri sağlam olan komanda istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olur. Lakin, hörmətli Vahid Əliyevin son vaxtlar onu narahat edən sağlamlığı ona tam şəkildə imkan vermirdi ki, öz vəzifə borclarını layiqincə yerinə yetirsin. Və sözsüz ki, Ali Baş Komandana ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı gündəlik ən operativ və dəqiq xəbərləri məruzə edən şəxslərdən biri də, məhz bu vəzifənin daşıyıcısı olan şəxs olmalıdır. Təəssüf ki, son zamanlar ölkə başçısı bu sahədə lazımı şəkildə ətraflı bilgilər almaqda çətinlik çəkdiyinə görə, o bu sahəni canlandırmaq üçün belə bir qərar verib. Hesab edirəm ki, ölkəsinin indiki şəraitdə müharibə vəziyyətində olmasını gecə-gündüz bilən bir şəxs kimi Ali Baş Komandan doğru olanı nədirsə, onu da edib. Yeri gəlmişkən bu yerdə bir vacib məqamı da qeyd edim ki, yazdıqlarımı harasa yozmaq əsla lazım deyil. Mənim heç bir siyasi mənsubiyyətim olmadığına görə, yazdıqlarımı da çox istərdim ki, Vətənini, Dövlətini və Xalqını düşünən və sevən bir əsgərin fikirləri kimi qəbul edəsiniz.
Dünən verilən qərarın mürəkkəbi qurumamış artıq bəziləri başlayıblar öz fantaziya və nağıllarını işə salmağa. Biri yazır ki, Vahid Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun işlərinə müdaxilə etdiyinə görə vəzifədən uzaqlaşdırılıb. Digəri yazır ki, onu hansısa cəsus qalmaqalına görə vəzifədən uzaqlaşdırıblar. Nə olur olsun, Ali Baş Komandan indiki məqamda qəbul etdiyi qərarla ölkənin müdafiə və təhlükəsizlik məsələlərini daha da gücləndirmək üçün lazım olan qərarını verib. Azərbaycan adlı gəminin bütövlükdə dünyanın təlatümlü okeanında, sağında və solunda əlində güclü silahları olan "pirat və banditlərin" əhatəsindən sağ-salamat, bacarıqla və ustalıqla sahilə çıxartmaq vəzifəsi Ali Baş Komandan kimi cənab İlham Əliyevə həvalə olunub. Ona görə də, həm Vahid Əliyevin, həm hörmətli generallardan biri kimi tanıdığım Məhərrəm Əliyevin vəzifələrinin digər sahələrlə birləşdirilməsi və ya təkmilləşdirilməsini əsla harasa yozmaq məncə doğru deyil. Mən də o dəqiq fikirlə razıyam ki, idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Gəlin bu işdə Azərbaycanımıza xeyirlər və bol-bol uğurlar arzulayaq". (mia.az)