Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən qıcıqlanan İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlər üçün silah və texnika daşınıb.
İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili isə cmə xütbəsində Azərbaycanı hədələyən çıxış edib. O, Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.
İran-Azərbaycan gərginliyini şərh edən politoloq Zərdüşt Əlizadə Modern.az-a deyib ki, bu ölkələrin hər biri öz maraqlarına xidmət edən siyasət yürüdür. Politoloqun fikrincə, İran öz addımlarına, Azərbaycan isə ayrılıqda öz siyasətinə bəraət qazandırmağa çalışır:
“Tərəflər arasında həqiqətən ziddiyyətlər var. Amma bu, düşündüyümüz qədər də dərin deyil. İran-Azərbaycan gərginliyinin hər hansı münaqişəyə və ya ciddi toqquşmalara səbəb olacağını düşünmürəm. Yaşananlar adi diplomatik anlaşılmazlıq, itələşmədir. Bunun yavaş-yavaş yoluna düşəcəyi istisna deyil”.
İran və Azərbaycan arasındakı gərginlikdə erməni izinin ehtimallarına gəlincə, Zərdüşt Əlizadə Ermənistanın belə böyük təsir imkanlarına malik ölkə olduğunu düşünmür:
“Ermənistan elə əhəmiyyətli dövlət deyil ki, İran kimi böyük ölkənin siyasətinə təsir edə bilsin. Əksinə, İranın Ermənistanda öz marağı var. Düşünürəm ki, bölgədəki addımlarında İran Ermənistanın maraqlarını nəzərə almır, ancaq öz maraqlarından çıxış edir. Bu maraqlar labüd olaraq, bəzi hallarda kəsişir, bəzi hallarda isə toqquşur. Toqquşma olanda siyasi qığılcım yaranır və bu qığılcımlara da çox soyuqqanlı yanaşmaq lazımdır”.
Z.Əlizadə onu da əlavə edib ki, Azərbaycan-İran əlaqələri ölkəmizin Ermənistanla münasibətlərindən asılı deyil:
“Rəsmi Tehran və Bakı arasındakı münasibətlərə Azərbaycanın çoxşaxəli siyasəti təsir edir. Ona görə belə düşünmək olar ki, əsas təhlükə sovuşub. Yeni gerçəklik və yeni mənzərə yaranana qədər dalğalar davam edəcək”.