AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brüssel ərəfəsi mənzərə... - NƏ BAŞ VERİR?

  • + A
  • - A
  • 30-08-2022, 09:30

    Brüssel ərəfəsi mənzərə... - NƏ BAŞ VERİR?


    Sabah - avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında kritik görüş gözlənilir. Niyə “kritik”? Ona görə ki, bu formatda indiyədək reallaşan 3 görüşə rəsmi İrəvan bir qayda olaraq, götürdüyü yazılı və şifahi öhdəliklərdən yayınmaq üçün vaxt qazanmaq vasitəsi kimi baxıb. Lakin Laçın dəhlizi ətrafında baş verənlər, o sırada “Qisas” əməliyyatı göstərdi ki, Bakının səbri tükənir. Ermənistan rəhbərliyi konkret bildirməlidir: o, bölgədə daimi sülh istəyir, yoxsa...

    Maraqlıdır ki, məhz Brüssel görüşü ərəfəsi ABŞ ölü qurum olan ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib, ondan bir gün sonra isə Birləşmiş Ştatlar və Fransanın ölkəmizdəki səfirləri mədəniyyət paytaxtımız Şuşaya getməkdən növbəti dəfə imtina ediblər. Bu da dərhal suallar yaradıb. Çünki söhbət Bakıya qarşı 2 gündə faktiki 2 demarşdan gedir. Odur ki, cavab gecikə bilməzdi.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin avqustun 27-də ölkəmizdə akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti tərəfindən Şuşaya təşkil edilmiş səfəri zamanı verdiyi bəyanatda qeyd olunduğu kimi, ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərməklə ərazi bütövlüyümüzə qarşı hörmətsizlik ediblər.

    “Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.

    Bunu da H.Hacıyev söyləyib və xüsusi vurğulayıb ki, Azərbaycan üçün Minsk Qrupu mövcud deyil və bu təsisat artıq keçmişdir, tarixdə qalıb.

    *****

    Avqustun 28-də isə ABŞ-ın Azərbaycandakı səfirliyindən H.Hacıyevin bəyanatına “dişsiz” bir cavab gəlib. Səfirliyin sözçüsü “Amerikanın Səsi”nin sorğusuna cavabında deyib: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.

    Göründüyü kimi, bu, cavabdan çox yeni suallar doğuran bir mövqedir. Əvvəla, “Şuşaya səfər dəvəti niyə rədd edilib” sualı yenə açıq qalıb. İkincisi, “Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər edilib” nə demək, məgər Şuşa, Hadrut, ümumiyyətlə, keçmiş DQMV Azərbaycan ərazisi deyil? Axı 44 günlük müharibədən sonra səfirlik nümayəndələrinin ayağı o yerlərə dəyməyib.

    O ki qaldı Azərbaycanın müstəqilliyi və suverenliyinin ən böyük dəstəkçisinin ABŞ olması iddiasına, əfsus ki, əməldə bunu görmürük. Hər halda, amerikalı səfirin erməni dəyirmanına su tökərək Şuşaya getməkdən imtinası əsla müstəqilliyimizə və suverenliyimizə dəstəyin təzahürü deyil. Həmçinin ilin-günün bu vaxtında üzdəniraq Minsk Qrupuna sanki Azərbaycanın acığına yeni həmsədr təyinatı. Hətta Rusiya ölkəmizin suverenliyi və ərazi bütövlüyünə daha sayğılıdır, nəinki ABŞ. Çünki onun Bakıdakı səfiri Mixail Boçarnikov ötən ay Şuşada olub, Şuşa qalasından şəkil paylaşıb, rəsmi Moskva isə reallıqdan çıxış edərək, Minsk Qrupundan çıxıb.

    Məlumdur ki, Hikmət Hacıyev Şuşada Azərbaycan və Ermənistan rəhbərləri arasında 31 avqustda Brüsseldə olacaq görüşlə bağlı rəsmi Bakının gözləntiləri barədə də danışıb. Sitat: “Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”.

    H.Hacıyev onu da xatırladıb ki, Bakının İrəvana sülh təşəbbüsü masa üzərində əbədi qalmayacaq. Bu isə Şuşa Bəyannaməsinin imzalandığı bir şəhərdən İrəvana “Sülh istəmirsənsə, yenə müharibə alacaqsan” mesajıdır. Özü də təkcə İrəvana yox, eyni zamanda onun havadarlarına, ipini əlində oynadanlara...

    *****

    Diqqətçəkicidir ki, Ermənistanda bölgə ətrafında proseslərin hara apardığını aç-çox dərk edənlər də var. Onlar ABŞ-ın Minsk Qrupu məsələsində israrını, yaxud Bakıdakı səfirin Şuşaya getməməsini toy-bayram kimi qəbul eləməyin tərəfdarı deyillər. Əksinə.

    “Minsk Qrupu Ermənistan üçün məqbul platformadan daha çox təhlükədir”.

    “Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb.

    “ABŞ, Rusiya, Türkiyə və İran öz milli maraqlarını rəhbər tutur və bu təbiidir. Təbii olmayan kimin maraqlarını bizim rəhbər tutduğumuzu bilməməyimizdir. Rusiyaya Qafqazda qalmaq üçün ”artsax" məsələsinin donmuş halda mövcudluğu lazımdır ki, Qərb bu məsələdən istifadə edib Qafqaza girməsin, oradan da Orta Asiya və Şimali Qafqaza. İrana lazımdır ki, Qərb və İsrail onun şimalını işğal etməsin. Eyni zamanda Tehran Azərbaycanın güclənməsini istəmir, çünki bunu öz ərazi bütövlüyünə təhlükə sayır".

    Türkiyəyə gəlincə, S.Danielyan düşünür ki, Ankara da Qərbin Qafqazdakı fəaliyyətini cilovlamaq niyyəti güdür: “Lakin bunun üçün Rusiya və İrandan böyük qiymət tələb edir və bu da bizim hesabımıza nəzərdə tutulur. ABŞ və İngiltərəyə platforma qismində güclü Azərbaycan lazımdır ki, oradan Orta Asiyaya daxil olsun, habelə Rusiyada İslam və türkçülük zəminində təlatümlər törətsin. Bundan ötrü ”artsax" məsələsi qəti olaraq Azərbaycanın xeyrinə həll edilməlidir. Habelə Sünik (Qərbi Zəngəzur - red.) məsələsi həll olunmalıdır ki, ardınca Rusiya və İranın dağılması prosesi başlasın. Beynəlxalq ictimaiyyət deyəndə ki, Azərbaycanla Ermənistan arasında yekun və davamlı sülh bərqərar olmalıdır, məhz bunu nəzərdə tuturlar".

    Erməni politoloq bu fonda Minsk Qrupunu İrəvan üçün təhdid hesab edir. “Minsk Qrupu - bu bir-birini istisna edən maraqların toqquşduğu alətdir. İndi beynəlxalq hüquq yoxdur, beynəlxalq birlik və beynəlxalq düzən də yoxdur. İndi qaydasız döyüşlərdə olduğu kimi hər şey mümkündür. Bu şərtlər altında Minsk Qrupu kimə gərəkdir, anlamıram. Bu, əslində bizə məqbul platformadan daha çox təhlükədir”, - deyə o, fikrini tamamlayıb.

    Belədirsə, o zaman Ermənistan məntiqlə Brüssel formatına daha ciddi yanaşmalıdır. Yanaşacaqmı? Sabah suala xeyli dərəcədə aydınlıq gəlməlidir...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR