AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NİYƏ BELƏ OLDU: Şuşa səfəri və 3 səfir... - GƏLİŞMƏ

  • + A
  • - A
  • 13-07-2021, 20:40

    NİYƏ BELƏ OLDU: Şuşa səfəri və 3 səfir... - GƏLİŞMƏ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə növbəti tanışlıq səfərində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyanın Bakıdakı səfirlərinin iştirak etməməsi Azərbaycan ictimaiyyətində qəzəb yaradıb, ictimai-siyasi dairələrdə geniş polemika mövzusuna çevrilib.

    Məlum olduğu kimi, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər. Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçirilib, həmçinin diplomatlar Füzuli Beynəlxalq Hava Limanı, Füzuli yarımstansiyası ilə tanış olub, daha sonra Şuşa şəhərinə yollanıblar.

    Qeyd edək ki, Qarabağ zəfərindən sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarına səfərləri təşkil olunub. Diplomatlar işğal dövründə erməni vandalizminin nəticələri və həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə tanış olublar. Ancaq bu səfərlərdə də ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirləri iştirak etməyiblər.

    ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələrinin Azərbaycan üçün hansı çətinlikləri və avantajları yarada biləcəyi haqda polemikalar gedir. Azərbaycan XİN-in bu məsələ ilə bağlı hər hansı bəyanat qəbul etməsinin zəruriliyindən də bəhs olunur. Hətta “səfirlər izahat üçün XİN-ə çağırılsın” təklifi var. Bəzi müşahidəçilərin fikrincə, əslində riyakarlıqlarının ifşası üçün bəlkə də növbəti dəfə Qarabağ səfərində iştirakdan imtina edilməsi yaxşı olub. Bu yanaşma müəllifləri hesab edirlər ki, Azərbaycan tərəfi də onların bu davranışlarından özlərinə qarşı istifadə edə bilər. Heç şübhəsiz ki, səfirlər özbaşına deyillər, onlar bu təlimatı paytaxtlarından alıblar və dolayısı ilə erməni separatizminə, Ermənistanın revanşist davranışlarına haqq qazandırmış olublar. Ermənistan İstintaq Komissiyasının sədri və qurumun nümayəndələrinin bugünlərdə Xankəndinə gələrək orada separatçıların rəhbəri Arayik Arutyunyanla görüşməsi, ardınca - 12 iyulda Nikol Paşinyanın köməkçisinin Qarabağa dörd günlük “işgüzar səfərə” yollanması da həmsədr ölkələrin oyunbazlığının məntiqi davamıdır. Bu ölkələrin səfirlərinin Şuşa ziyarətindən imtinası da erməni mediasında sevinclə qarşılanıb. 30 il ərzində tənzimlənmə ilə bağlı daşı daş üstə qoymayan həmsədr ölkələr “işğalçının, vandalların tərəfini tutursunuz” deyib, kampaniya aparmaq üçün də şans yaradıblar dövlətimizə, xalqımıza qarşı həqarət etməklə. Amma burada Rusiyanın davranışı maraqlıdır. Müharibə başlayan bir gündən öz loyallığını qoruyan rəsmi Moskva nədən bu dəfə belə bir addıma getdi? Qarabağa dair iki sənədə (10 noyabr 2020 və 11 yanvar 2021) imza atmış Putin bu cür hərəkətlərə görə qınanmalıdırmı? Yoxsa o, həmsədr ölkələrlə eyni addım atmaq məcburiyyətində qalıb? Bir çox ekspertlər səfirləri dərhal Azərbaycan dövlətindən və xalqından üzr istəməyə çağırır. Məsələn, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılış diplomatik etiketi pozan həmkarlarına bu məzmunda çağırış edib. Bəzi siyasi ekspertlərin fikrincə, səfirlər Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin imtinası əslində siyasi və diplomatik demarş kimi qiymətləndirilə bilər. Gözləyək, görək səfirlərin izahatı, hansısa bir açıqlaması, üzrü olacaqmı? “Yeni Müsavat” olaraq səfirliklərdən münasibət öyrənmək istəyimiz də nəticə vermədi. Danşmağa sözləri yoxdur, yoxsa izahat verməyi özlərinə sığışdırmırlar?

    Görünən budur ki, Azərbaycan müharibəni bitirdi, indi diplomatik cəbhədə belə gözlənilməz gedişlərə, “xain saldırılar”a hazır olmaq məcburiyyətindədir. Xatırladaq ki, bu ilin fevralında Almaniya səfiri diplomatik korpusun Ağdama səfəri zamanı ora getməkdən imtina etmişdi. Sonra ona təpkilərimiz oldu və izahat verildi ki, guya təhlükəsizlik məsələlərinə görə birgə səfər baş tutmayıb. Amma Almaniya səfirinin Şuşa səfərindən də kənarda dayanması məsələnin köklərinin dərin olduğunu deməyə əsas yaradır. İstənilən halda vəziyyəti öz xeyrimizə dəyişmək üçün Qərblə - xüsusilə də Avropa Birliyi və ABŞ-la daha ciddi işləməliyik. Ermənistana münasibətdə xaristian ölkələrinin maraqlarının üst-üstə düşməsi indinin acı gerçəyi deyil. Amma Azərbaycan tərəfi də bu fürsəti əldən verməyərək, lazımi diplomatik gedişlər üçün cavab haqqına sahibdir. Bu cür vəziyyətlərdə hansı addımın atılmasını zəruri bilirlər?

    Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, Minsk Qrupuna daxil olan və olmayan bəzi səfirlərin Şuşaya getməkdən imtinası əslində gözlənilən addım idi: “Bu dövlətlər 30 ildir erməni işğalını və erməni terrorunu dəstəkləyiblər, bununla bağlı xeyli gizli mesajları var. Onlar ermənilərin şantajından qorxaraq bu addımı atmaqdan imtina ediblər. Ermənistana göndərdikləri gizli dəstək mesajları açıqlanarsa, o halda nələrin baş verəcəyini təsəvvürə gətirmək mümkündür”. Millət vəkilinin sözlərinə görə, əslində bu, bizim xeyrimizə işləyən amil ola bilər: “Minsk Qrupu deyilən bir avantürist dəstəsinin qulağından tutub kənara atmamız üçün bundan əlverişli bəhanə ola bilərmi? Azərbaycanın ərazi bütövlüyünə qarşı bu demarşın təhlükəli tərəfi budur ki, onlar məhz erməni terrorunu dəstəklədiklərini nümayiş etdirmək üçün belə davranıblar. Rusiya səfirinin davranışı isə öz ölkəsinin imzasına olan saymazyanalıqdır. Hər halda, ”Ağa durur, Ağacan durur", biz səmimiyyətsizlərə qarşı bundan sonra səmimiyyət göstərəsi deyilik".

    Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov adları çəkilən səfirlərlə bağlı təşəbbüs irəli sürüb və onun bu fikirləri erməni mediasında da geniş tirajlanıb. “Minsk Qrupu tamamilə ölüb... 3 dövlətin səfiri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qalmalıdırlar. Onlar rəsmi qəbullara çağırılmamalı və hər hansı bir tədbirə dəvətləri rədd edilməlidir. Bu qaydanı pozan hər kəs mediada tənqid olunmalıdır”, diplomat bildirib. (Modern.az)

    Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələri bu ölkələrin Azərbaycanla münasibətlərdə qeyri-səmimiliyini nümayiş etdirir: “Bu addım onların bölgədə sülhün tez bir zamanda təmin olunmasında maraqlı olmadıqlarını söyləməyə əsas verir. Hər üç ölkə həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir və zaman-zaman sülhə nail olmaq üçün sözügedən təşkilatın fəaliyyətinin rolunun qabardılmasına, prosesdə aktiv iştirakına nail olmağa çalışırlar. Bu cür yanaşma ilə ATƏT prosesə hansı töhfəni verə bilər? Yoxsa onlar işğalçını - Ermənistanı dəstəkləyirlər? Əgər onlar səmimidirlərsə, gedib yerində ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycanın qısa müddətdə necə böyük quruculuq işlərinə başladığını görməli idilər”. C.Məmmədov qeyd etdi ki, burada bir vacib məqam da var: “Onlar Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə nail olacaq. Dövlətimiz Azərbaycanın narazılığını mütləq həmin dövlətlərin diqqətinə çatdırmalıdır. Eyni zamanda həmin dövlətlərlə əməkdaşlığın gücləndirilməsi, erməni yalanlarının ifşası istiqamətində siyasətini davam etdirməlidir”.

    Deputat Vüqar Bayramovun qənaətincə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da bunun Azərbaycanın haqq işinə və eləcə də işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuq işlərinə hər hansı təsirləri olmayacaq. “Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqelərdə olmasından asılı olmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu, yeni reallığın formalaşdırdığı həqiqətdir”, deputat əlavə edib.

    Politoloq Elçin Mirzəbəyli Rusiya, ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ölkəmizdəki diplomatik korpusun nümayəndələri ilə birlikdə Şuşaya səfərdən imtina etmələrindən qətiyyən təəccüblənmədiyini deyir: “Amma ömrünü başa vurmuş Minsk ”üçlüyü"nün təmsilçilərinin səfərdən imtina etmələrinə təəccüblənənlərin sadəlövhlüyünə təəccübləndim. Nə gözləyirdiniz ki? Bu sovet “üçlüyü” qədər dəyərsiz olan qrupa həmsədrlik edən dövlətlərin təmsilçiləri bundan öncə də eyni davranışı sərgiləmişdilər. Bu baxımdan onların Şuşaya getməmələri gözlənilən idi. Doğrudur, “üçlüyə” daxil olan dövlətlərin diplomatlarının səfərdən imtina etmələri görüntü olaraq, vahid mövqenin nümayişi kimi nəzərə çarpsa da, mahiyyət etibarilə bir-biri ilə fərqlənir. Məsələn, ABŞ və Fransanın regiondakı yeni reallıqlarla tam şəkildə barışmaq istəmədiklərini nümayiş etdirmələri Rusiyanın marağındadır. Çünki bu halda Moskva sülhdən başqa hər şeyə xidmət edən “sülhməramlıların” timsalında bölgədəki hərbi varlığının ömrünün uzadılması üçün yeni imkanlar qazanır. Digər tərəfdən, ola bilsin ki, Kreml Nikol Paşinyanın əleyhdarlarının ona qarşı irəli sürdükləri ittihamları qismən də olsa yumşaltmağa, formalaşacaq yeni hakimiyyətə vaxt qazandırmağa çalışır". E.Mirzəbəylinin fikrincə, paradoksal görünsə də, indiki şəraitdə Rusiya, Fransa və ABŞ arasında Ermənistan uğrunda gedən mübarizə müstəvisində Kremlin zorən həmrəylik nümayiş etdirməsi də mümkündür: “Moskva prosesin içərisində olmaqla onu istiqamətləndirməyə, konkret tərəf kimi görünməməyə və mahiyyət etibarilə heç bir təsir gücü olmayan manipulyasiyalarını davam etdirməklə, bölgədə nəzərdə tutulan layihələrin icrasına nail olmağa cəhd göstərə bilər. Rusiya problemin tamamilə və köklü şəkildə həllini, Azərbaycanın və müttəfiqlərinin mövqelərinin istisnasız olaraq qəbul olunmasını istəyirmi? Əlbəttə ki, istəmir. Moskvanın bölgədəki bütün proseslərdə şəriksiz dominant mövqeyini təmin etmək üçün ABŞ və Fransanın davranışlarından öz əlini gücləndirmək məqsədilə istifadə etməsi də mümkündür. Kreml bunu daha əvvəllər də edib”.

    Azərbaycana bəzi ölkələrin gözlənilən təzyiqləri başlanmışdır. ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi bu ölkələrin Azərbaycanın tarixi qələbəsinə münasibəti və birbaşa erməni havadarlığıdır.

    Bu sözləri isə Moderator.az-a Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib. Q.Çaxmaqlı bildirib ki, həm də gələcəkdə aparılacaq danışıqlarda mövqelərinin ifadəsi kimi qəbul edilməlidir: “Ermənistanın işğaldan azad olunmamış Xankəndi və digər ərazilərlə bağlı arzu etdikləri ”status" söhbətinin davam etdirilməsinə dəstək verməkdir. Ermənistan danışıqların Minsk Qrupu çərçivəsində aparılmasına çalışır və bu ölkələrdə diplomatik fəaliyyətini də bu yöndə qurmaqdadır. Status söhbətini daha sonrakı dövrə ertələməyi bəyan edən Rusiyanın da mövqeyində dəyişikliyin mənası odur ki, rusları məcbur edən bu dəyişikliklə Azərbaycana təzyiqlər daha ciddi xarakter daşıyacaqdır. Amma həm Rusiya, həm də digər Minsk Qrupuna daxil olan həmsədr ölkələrə açıq şəkildə bildirməyin vaxtı çatmışdır ki, heç bir statusdan söhbət getməyəcək... Azərbaycan bu olayı diplomatik sahəyə daşıyıb onların bu hərəkətinin arxasında duran cəhətləri deməlidir. Bəri başdan bu status söhbətinin olmayacağı da yenidən söylənməlidir. İctimaiyyət də bir şəkildə sözünü deməlidir, xalqın fikrinin ifadəsi də bilinməlidir".

    Yazı çapa hazırlananadək üç səfirin heç birindən izahat gəlmədi Şuşa səfərindən imtina ilə bağlı. Amma məlum oldu ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisi Qagik İsxanyanı 4 günlük Xankəndinə göndərməyə qərar verib, Azərbaycanın sərhəd bütövlüyünü pozmaq bahasına! Bu cəsarəti ona kim verib? Əlbəttə ki, həmsədr ölkələrin paytaxtları. Elə separatçılarla görüşə aparan Laçın yolunda dayanan da həmsədr ölkənin hərbçiləridir. Guya ki, İsxanyan Xankəndində görüşlər keçirəcək, apardığı araşdırmalarla bağlı geri döndükdən sonra baş nazirə hesabat verəcək. Azərbaycan ərazisindəki işlərin hesabatını Ermənistan niyə hazırlamalıdır, bəlkə həmsədr ölkələrin paytaxtlarında bilələr...

    Yəqin ki, rəsmi Bakının reaksiyası olacaq.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR