Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq təşkilatlar tərəfindən təqdir olunaraq ölkəmizin müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
ATƏT-in tövsiyəsi və təşəbbüsü ilə Tacikistanın nümayəndə heyəti ədliyyə, o cümlədən cəza-icra sistemində islahatların aparıldığını nəzərə alaraq Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə dekabrın 20-22-də ölkəmizdə səfərdə olub.
Prezident Aparatının, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət olan nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyub, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edib.
Səfər zamanı qonaqlar yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələrin və Bakı İstintaq təcridxanasının fəaliyyəti, məhkumlar və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, tibbi təminatı, islah prosesi və məşğulluğu ilə tanış olublar.
Ölkəmizdə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya institutunun tətbiqi təcrübəsinə maraq göstərilərək Probasiya Xidmətinin Elektron Monitorinq Mərkəzinin fasiləsiz fəaliyyəti, elektron nəzarət vasitələrinin, o cümlədən elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri əyani nümayiş etdirilib.
Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə məhkumların reinteqrasiyası və sosial reabilitasiya tədbirlərinə dair təcrübə mübadiləsi aparılıb. Ölkəmizdə ictimai iştirakçılığın geniş təşviqi, bu sahədə ayrıca Qanunun qəbulu barədə məlumat verilərək, vətəndaş cəmiyyətinin Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, o cümlədən İctimai Şura modeli qonaqlarda böyük maraq doğurub.
Səfər çərçivəsində ədliyyə nazirinin müavini Vilayət Zahirov ilə görüşən Tacikistanın nümayəndə heyəti respublikamızın hərtərəfli tərəqqisini, ədliyyə sistemində uğurlu islahatlar aparıldığını müşahidə etdiklərini vurğulayıb, tətbiq olunan yeniliklərlə tanışlıqdan yüksək təəssüratlarını bölüşərək nailiyyətləri təqdir edib, müsbət təcrübəmizdən ölkəsində aparılan islahatlar zamanı bəhrələnəcəklərini bildirib.
Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub. Ədliyyə sahəsində faydalı fikir və təcrübə mübadiləsi aparılaraq, maraq doğuran suallar ətraflı cavablandırılıb.
Qonaqlar nazirlikdə Vətən müharibəsi salnaməsinə və azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərinə, habelə ədliyyə tarixinə həsr olunan muzeylərlə tanış olublar. Tanışlıq zamanı ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalandığı və çoxsaylı insanların minaya düşərək ciddi xəsarət aldığı və ya həlak olduğu xüsusilə diqqətə çatdırılıb.