17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu 4 universitetinə qəbul olundu (MÜSAHİBƏ)
Azərbaycanlı məktəbli yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, "Dünya tarixi” və "2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb. İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.
Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın "Kolqeyd", Çexiyanın "Çarles" universitetlərində və Sinqapurun "Yale-NUS Kolleci"ndə də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
İlkin Bayramlının Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- İlkin, özün haqqında bir az məlumat ver...
- 17 yaşım var. 93 saylı orta məktəbin XI sinfində təhsil alıram. 2016 və 2017-ci illərdə məktəblərarası fənn olimpiadalarında iştirak etmişəm. 2016-cı ildə finalçı olmuşam, 2017-ci ildə isə gümüş medal qazanmışam. Bu il isə ən böyük nailiyyətim Harvard Universitetinə qəbul olmağım oldu. 2 il bundan öncə ingilis dilini öyrənməyə başladım və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşıma məqsəd qoydum. İlk növbədə xarici universitetlərə imtahan verməli idim. İELTS imtahanı verib, maksimum 9 baldan 8 bal topladım, SAT üzrə 1600 baldan 1500-ünü yığdım. SAT-ın fənn imtahanları var ki, orada riyaziyyat üzrə 800 sualdan 800-nə, tarix üzrə 800 sualdan 750-nə doğru cavab yazdım. Gərək test imtahanlarında müəyyən nəticələriniz olsun ki, universitetlərə sənəd göndərə biləsiniz. Harvard Universiteti də daxil olmaqla, o təbəqədə olan universitetlərə tələb olunanlar bunlar idi.
- Başqa hansı uğurların var?
- Bu yay həmçinin ABŞ-da Yale Universitetinin təşkil etdiyi "Yale Young Global Scholars" proqramına qəbul oldum. Kifayət qədər rəqabətli bir proqram idi və Azərbaycandan yeganə iştirakçı mən idim. Orada dünyanın qabaqcıl mütəxəssislərindən dərs aldıq. Bu proqramın həyatımda rolu böyük oldu. Daha fərqli bir mühit, fərqli təhsil şəraiti gördüm. Ordan gəldikdən sonra da öyrəndiklərimi, gördüklərimi öz şəxsi həyatımda tətbiq etməyə başladım.
- Oradan gələndən sonra həyatında hansı yeniliklər etdin?
- İlk dəfə orada araşdırma sahəsi ilə tanış oldum. "XIX əsr Hindistanda təhsil sisteminin siyasi cihad olaraq işlədilməsi" mövzusunda ilk dəfə araşdırma apardım. Araşdırma sahəsi məni özünə o qədər cəlb etdi ki, Azərbaycana gəldikdən sonra "Politicon" saytında qeydiyyatdan keçib məqalələr yerləşdirməyə başladım. Orada 5 yayımlanmış işim var. Bunlardan 3-ü analitik məqalədir: Myanmadakı insan hüquqları problemləri haqqında 2 yazı, Bakı-Tbilisi-Qars dəmiryolu və onun Azərbaycan üçün geosiyasi əhəmiyyəti; bundan əlavə də 2 elmi esse...
- Dünyanın nüfuzlu 4 ali məktəbində tam təqaüdlə təhsil almaq şansı qazanmısan. Seçimini etmisənmi?
- Bəli. Harvard Universitetində oxumaq istəyirəm
- Hansı ixtisas üzrə?
- İqtisadiyyat.
- Məktəbi bitirən hər bir abituriyentə müəyyən mənada istiqamət verən olur, bəs səni yönləndirən kim olub?
- Sırf özüm araşdırmışam. İşin ən çətin hissəsi də elə bu olub. Azərbaycandan bu vaxta qədər belə universitetlərdə çox az insan təhsil alıb. Öncədən oraya gedən tanışlarım da yox idi ki, bu barədə mənə yol göstərsin. Düzdür, Türkiyədə, Belçikada oxuyan dostlarım var, amma sırf Amerika universitetlərində təhsil alan, o barədə məlumatı olan tanışım yox idi.
- Ailəndən necə xaricdə təhsil alan olub və ya varmı?
- Atam ABŞ-ın Oklahoma Universitetində kurs keçib.
- Xaricə təhsil almağa gedən gənclərimizin əksəriyyəti həyatlarına orada davam edirlər. Bəs sənin Harvardı bitirdikdən sonra planların nədir?
- Azərbaycana qayıtmaq fikrindəyəm. Müəyyən müddət ABŞ-da yaşamışam. Düzdür, ABŞ inkişaf səviyyəsinə görə Azərbaycandan çox-çox öndədir. Bu da təsadüfi deyil. ABŞ 300 ilin müstəqil dövlətidir, biz isə sadəcə 27 ildir müstəqillik qazanmışıq. Müəyyən qədər iş təcrübəsi əldə etdikdən, onlarda bank, maliyyə sisteminin necə işlədiyini öyrəndikdən sonra ölkəmizə qayıtmaq fikrim var. Çünki qayıtmamaq üçün elə də böyük bir səbəb görmürəm.
- İlkin, boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda məktəb dərslərindən əlavə iqtisadiyyat, tarix üzrə əlavə kitablar oxuyuram. Əsasən, orta əsrlər Avropa tarixi, o dövrün mədəniyyəti, sərəncam və fərmanlarları mənə maraqlı gəlir. Onların orjinalını internetdən tapıb oxuyuram. Yəni, vaxtım əsasən bunlara gedir. Bundan başqa gitarada həvəskar səviyyədə ifa etməyi bacarıram.