Prezident İlham Əliyevin Moskva səfəri yeni geosiyasi uğurlarla yadda qaldı.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri və oktyabrın 8-də keçirdiyi görüşlər qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. «Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır». Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində də hökumət üzvləri arasında çoxlu təmaslar qurulub.
Prezident Vladimir Putin isə bu görüşdə bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir: «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox- 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələrimiz var».
Prezidentlərin görüşündə bir sıra məsələlərlə yanaşı, energetika sahəsində - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi isiqamətində vəziyyət, Xəzərdə ekoloji durum və digər məsələlərə nəzər salınıb. Eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Bildirib ki, xüsusilə Azərbaycan - Rusiya arasında ticari-iqtisadi, investisiya, elmi-texniki -humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında da əlaqələr genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin milli dövlət maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Bu iki ölkənin əlaqələrindəki inkişaf digər sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahələrində də genişlənməkdədir. Bu gün Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakı şəhərində Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaradır.
Prezident İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyevin iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: «MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar».
Xalqımız üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, hayların da iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.
Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb. Bildirib ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində də keçiriləcək. Eyni zamanda, bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz 200-ə yaxın dövlətin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.
Həmçinin xalqımızın İkinci Dünya müharibəsində qəhrəmancasına iştirakından danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycan qələbənin əldə olunmasında sanballı töhfələr verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib : « Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur «Katyuşalar», «Yak-3» qırıcıları istehsal edilirdi.»
Dövlətimizin başçısı onu da xüsusi vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi zamanı cəbhəni yalnız neft və silahla təmin etmirdi, həm də Bakıda fəaliyyət göstərən 41 hərbi hospitalda 440 min yaralı müalicə alırdı: « 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. Xüsusilə 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar»
Bütün bunları iclasda həmkarlarına xatırladan Prezident İlham Əliyev bildirib ki, faşizm üzərindəki ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan onra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Əhliman Əliyev,
Sığdaş kənd bələdiyyəsinin sədri.