İlham Əliyev: "Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir"
İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 55-ci kitabı çapdan çıxıb Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir.
Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu bizim üçün yeni bir prosesdir. Ancaq biz buna hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir.
AZƏRTAC xəbər verir ki, "İnkişaf məqsədimizdir” çoxcildliyinin 55-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2013-cü il fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 55-ci kitabındakı materiallar 2013-cü ilin fevralından aprelinədək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Baku” jurnalına müsahibəsinin mətni ilə başlanır. Nəşrdə dövlətimizin başçısının Xorvatiyaya, Monteneqroya rəsmi səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar, Monteneqronun "Pobjeda” qəzetinə müsahibəsinin mətni, habelə Serbiya, Gürcüstan prezidentlərinin Azərbaycana rəsmi səfərləri zamanı keçirilən tədbirlərlə bağlı informasiyalar toplanıb. Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Küveyt, İtaliya, İran, Avstriya, Rumıniya, Böyük Britaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Kanada, Türkiyə, Çin, İsveçrə və digər dövlətlərin, ATƏT, ISESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının, "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşlərinə və digər beynəlxalq tədbirlərdə iştirakına dair materiallar daxil olunub. Nəşrin 55-ci kitabında dövlətimizin başçısının Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafının təmin olunmasına, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri, həmçinin Azərbaycanın ilk "Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması mərasimində iştirakına dair informasiya yer alıb.
Bu kitabda, eyni zamanda, Prezidentin Bakının ev sahibliyi etdiyi "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) açılışında iştirakı, çıxışının mətni, forum iştirakçıları ilə apardığı mükalimə və müzakirələrə dair materiallar da verilib Bu cilddə, həmçinin Azərbaycan Prezidentinin Azərbaycan Ağsaqqallar Şurasının IV qurultayına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə müraciətləri, Böyük Britaniyanın nüfuzlu "The Business Year” jurnalına, "Rossiya-24” telekanalına müsahibələri yer alıb. Kitabda dövlətimizin başçısının Qəbələ rayonuna səfərinə, burada ictimaiyyət nümayəndələri ilə görüşünə, bölgədə, eləcə də paytaxtda infrastruktur obyektlərinin tikintisi ilə tanışlığına və açılış mərasimlərində iştirakına dair materiallar yerləşdirilib. Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri də daxil edilib. "Azərnəşr” tərəfindən buraxılan 55-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.