AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq antikorrupsiya mübarizəsinə Azərbaycanın növbəti töhfəsi

  • + A
  • - A
  • 13-07-2023, 19:16

    Beynəlxalq antikorrupsiya mübarizəsinə Azərbaycanın növbəti töhfəsi

    Prezident İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılır, dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından olmaqla onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidenti, eyni zamanda Şərqi Avropa regionu üzrə koordinatorudur.
    Ölkəmiz tərəfindən həmin region üzrə antikorrupsiya qurumları IAACA-nın işinə cəlb olunur, digər dövlətlərin antikorrupsiya orqanları və beynəlxalq şəbəkələrlə əməkdaşlıq edilir, eyni zamanda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dəstək göstərilir, tədris, maarifləndirmə və digər birgə tədbirlər təşkil olunur.
    İyulun 13-də Azərbaycan tərəfinin təşəbbüsü ilə IAACA tərəfindən EPAC/EACN (Korrupsiyaya qarşı Avropa Tərəfdaşları / Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi) ilə birgə "Sərhədsiz korrupsiya: onunla mübarizədə əməkdaşlıq” mövzusunda beynəlxalq vebinar keçirilib.
    Tədbirə böyük maraq göstərilərək 60 ölkədən 850-ə yaxın nümayəndə qeydiyyatdan keçib, o cümlədən Avropa, Asiya, Amerika və Afrika qitələrinin müstəqil antikorrupsiya qurumlarının, prokurorluq, istintaq xidmətlərinin, ədliyyə, daxili işlər nazirliklərinin, ombudsman ofislərinin və digər aidiyyəti qurumların məsul şəxsləri, Avropa İttifaqı, Avropol və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
    Vebinarın açılışında IAACA-nın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, EPAC/EACN-ın vitse-prezidentinin müavini Trayan Barlici, Litvanın Xüsusi İstintaq Xidmətinin direktor müavini Eqidiyus Radzaviçyus və IAACA-nın Baş katibi Kennet Vonq çıxış ediblər.
    BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən olan korrupsiyaya qarşı qlobal mübarizədə səylərin birləşdirilməsinin, antikorrupsiya qurumlarının əməkdaşlığının önəmini qeyd edən ədliyyə naziri Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizəyə dair kompleks tədbirlərin görüldüyünü, bu sahədə fəal beynəlxalq əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq 2006-cı ildən fəaliyyət göstərən Assosiasiyanın işinə dəyərli töhfələr verdiyini bildirib.
    F.Məmmədov IAACA-nın işinə dünyada ilk antikorrupsiya qurumlarından olan Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının (ICAC) dəstəyini qeyd edib. Həmçinin Avropa məkanında korrupsiyaya qarşı mübarizədə məlumat və təcrübə mübadiləsinin aparılmasını təşviq edən EPAC/EACN-ın, habelə Şərqi Avropa regionunda ilk belə qurumlardan olan Litvanın Xüsusi İstintaq Xidmətinin (STT) fəaliyyətinə toxunaraq ölkəmizin bu mühüm təşkilatlarla səmərəli əməkdaşlığını vurğulayıb.
    Vebinarın müasir çağırışlar, yeni tendensiyalar, innovasiyalar və müsbət təcrübələrlə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini, korrupsiyaya qarşı qlobal mübarizədə töhfəsini qeyd edib.
    Sonra IAACA-nın koordinatoru, Avropa Şurası Cinayət işləri üzrə əməkdaşlıq Komitəsinin sədr müavini, Azərbaycanın Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilovun moderatorluğu ilə davam edən vebinarda ICAC-ın (Honkonq), STT-nin (Litva) və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Agentliyin (Rumıniya) ekspertləri antikorrupsiya treninqlərinin keçirilməsi təcrübəsi və bu sahədə birgə fəaliyyət, korrupsiyaya qarşı işlər üzrə beynəlxalq əməkdaşlıq, qlobal antikorrupsiya təcrübəsinin bölüşülməsi və ikitərəfli layihələrin həyata keçirilməsinə dair mövzular üzrə ətraflı təqdimatlarla çıxışlar ediblər.
    Çıxış edənlər Azərbaycan tərəfinin tədbirin təşkilində və beynəlxalq antikorrupsiya fəaliyyətində qlobal səylərini və töhfələrini qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.
    Ölkəmizin Ədliyyə Nazirliyinin və Baş Prokurorluğunun məsul əməkdaşlarının da qatıldığı tədbirdə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, interaktiv müzakirələr keçirilərək iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR