AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Korrupsiya qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq

  • + A
  • - A
  • 30-06-2022, 19:36

    Korrupsiya qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq

    Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. 2006-cı ildə BMT-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) həmtəsisçilərindən olan Azərbaycan onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidenti, eyni zamanda Şərqi Avropa regionu üzrə koordinatorudur.
    Ölkəmiz tərəfindən həmin region üzrə antikorrupsiya qurumları IAACA-nın işinə cəlb olunur, digər dövlətlərin antikorrupsiya orqanları və beynəlxalq şəbəkələrlə əməkdaşlıq edilir, eyni zamanda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dəstək göstərilir.

    Şərqi Avropa regionu üzrə korrupsiya ilə mübarizə çərçivəsində aktivlərin bərpası və qaytarılması məsələsinin aktuallığı nəzərə alınaraq bu sahədə təlimin keçirilməsi qərara alınıb.
    Bu məqsədlə iyunun 30-da Bakıda IAACA-nın xətti ilə “Korrupsiya ilə mübarizə çərçivəsində aktivlərin bərpası: yeni tendensiyalar və çağırışlar” mövzusunda hibrid formatda beynəlxalq regional seminar keçirilib.
    Seminarda IAACA-nın və digər beynəlxalq təşkilatların məsul şəxsləri, Azərbaycan, Türkiyə, Çin (Honkonq), Gürcüstan, Litva, Rumıniya, Belçika və digər dövlətlərdən 100-ə yaxın nümayəndə, o cümlədən antikorrupsiya qurumlarının əməkdaşları, hakimlər, prokurorlar, həmçinin ölkəmizin Ədliyyə, Daxili İşlər, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
    Tədbirin açılışında iştirak edən IAACA-nın vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov hazırkı seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, iştirakçı dövlətlərin aktivlərin qaytarılması sahəsində nailiyyətlərinin təşviqi korrupsiyaya qarşı daha effektiv mübarizəyə xidmət edir.
    Aktivlərin bərpası mövzusunun aktuallığına toxunan nazir beynəlxalq hesabatlara görə, korrupsiya nəticəsində əldə edilən beynəlxalq pul axınının həcminin ildə 1,6 trilyon ABŞ dollara qədər qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişafla bağlı 16-cı Məqsədində aktivlərin bərpası və qaytarılması işinin gücləndirilməsi tələb kimi müəyyən olunub. Bu sahədə həm beynəlxalq, həm də milli səviyyədə kifayət qədər təsirli hüquqi alətlər mövcuddur.
    Nazir ölkə Prezidenti cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı barışmaz mübarizə aparılaraq bu sahədə qanunvericilik və institusional tədbirləri, yeni qəbul olunmuş 5 illik Milli Fəaliyyət Planının əhəmiyyətini qeyd edib.
    Açılışda IAACA-nın Baş katibi xanım Salli Kvan çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, Assosiasiya tərəfindən korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin gücləndirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə regional koordinasiya mexanizminin yaradıldığını bildirib, aktivlərin bərpası sahəsində əməkdaşlığın korrupsiyaya qarşı mübarizədə maneələrin aradan qaldırılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, aktivlərin aşkar olunması və bərpası ümumi məqsədimizdir və bu baxımdan təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir.
    Avropada korrupsiyaya qarşı mübarizə aparan EPAC/EACN şəbəkələrinin prezidenti Jidrunas Bartkus isə video-müraciətində təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, aktivlərin bərpası ilə bağlı çağırışların bütün ölkələr üçün aktual olduğunu bildirib, bu sahədə Azərbaycanla birgə Tvinninq layihəsinin təşviqini qeyd edib.
    Sonra seminarda IAACA-nın koordinatoru, Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsini rəisi Adil Əbilov təqdimatla çıxış edərək aktivlərin bərpası üzrə beynəlxalq əməkdaşlıqdan bəhs edib.
    Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev bu sahədə Azərbaycanın təcrübəsindən danışaraq aktivlərin bərpası məsələsi ilə bağlı idarənin səmərəli fəaliyyətini qeyd edib, litvalı həmkarlarla birgə həyata keçirilən Avropa İttifaqının Tvinninq layihəsi barədə məlumat verib. Bildirib ki, aktivlərin bərpası sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir. Ötən il Belçika Krallığında onlayn formatda keçirilmiş aktivlərin bərpası üzrə Kemden qurumlararası şəbəkəsinin (CARIN) idarəetmə qrupunun ümumi illik yığıncağında Azərbaycanın şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunub və CARIN vasitəsilə bir sıra xarici ölkələrdən çirkli pulların yuyulması ilə əlaqədar aparılan cinayət işinin istintaqı çərçivəsində daxil olan sorğuların icrasına başlanılıb.
    Tədbirdə Türkiyə Ədliyyə Akademiyasının mühazirəçisi, hakim xanım Ruhşen Tüzün Yülek, ICAC-ın (Honkonq, Çin) baş məhkəmə mühasib-eksperti Allen Ng, Rumıniyanın Milli Antikorrupsiya qurumunun (DNA) baş müvəkkili xanım Silvia Florescu, Gürcüstan Baş Prokurorluğunun Antikorrupsiya idarəsinin Xüsusilə mühüm işlər üzrə müstəntiqi Laşa Tsatsua, Belçika Prokurorluğunun Əmlak üzərinə həbs və müsadirə üzrə mərkəzi idarəsinin (Belçikanın Aktivlərin bərpası üzrə ofisi) rəis müavini Volter Quirynen, Litvanın Xüsusi İstintaq Xidmətinin İstintaq əlaqələndirilməsi idarəsinin Monitorinq və əlaqələndirmə şöbəsinin rəisi, Azərbaycanda Rezident Tvinninq müşaviri Simonas Grebelis aktivlərin bərpası sahəsində təmsil etdikləri ölkələrin təcrübələri ilə bölüşüb, bu sahədə yeni tendensiyalar, qəbul olunmuş qanunlar, praktikada olan maraqlı işlər barədə məlumat veriblər.
    Sonda mövzu ətrafında faydalı müzakirələr aparılaraq iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR