AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasında keçirilən G77 və Çin Sammitində çıxış edib

  • + A
  • - A
  • 16-09-2023, 13:57

    Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasında keçirilən G77 və Çin Sammitində çıxış edib

    Sentyabrın 15-də Kuba Respublikasında G77+Çin Sammitinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
    Sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin sədri, qeyd edib ki, G77 özünün 60-cı ildönümü ərəfəsində 2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Gündəliyinin həyata keçirilməsində həmrəyliyi, kollektiv səyləri və qarşılıqlı dəstəyi davam etdirən, qlobal problemlərin həllində inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin edən mühüm təşkilata çevrilib.
    Azərbaycanın G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, quruma verdiyi böyük əhəmiyyəti qeyd edən spiker Sahibə Qafarova, ölkəmizin bu təşkilatın işinə fəal töhfə verməyə hazır olduğunu bildirib.
    Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyətindən danışarkən spiker Sahibə Qafarova, ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd edib, BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycanın region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biri olduğunu iştirakçıların nəzərinə çatdırıb.
    Azərbaycan hökumətinin DİM məqsəd və hədəflərini milli inkişaf planlarına və strategiyalarına daxil etdiyini deyən parlamentin spikeri, elm, texnologiya və innovasiyaların inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm alətlər hesab olunduğunu bildirib.
    Sahibə Qafarova təmiz ətraf mühit və yaşıl inkişaf konsepsiyasının 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri olduğunu bildirib, Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməklə 2030-cu ilə qədər istixana qazlarının emissiyasının 35 faiz azaldılmasına nail olmaq üçün könüllü öhdəlik götürdüyünü diqqətə çatdırıb. O, bərpa olunan enerji üzrə bir sıra layihələrin icra olunduğunu, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji tutumunda payının 37 faizi ötəcəyi barədə məlumat verib.
    Milli Məclisin sədri Azərbaycanın İqlim Dəyişikliyi üzrə Konvensiyanın Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürdüyünü, ölkəmizin qlobal iqlim gündəliyinin həyata keçirilməsinə töhfə verməyə və öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
    Spiker deyib ki, G77 ölkələrinin inkişaf problemlərinin və prioritetlərinin oxşarlığı inkişaf məqsədlərinin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq və koordinasiya məsələsini daha da aktual edir. Dialoqun, həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxtərəfliliyin gücləndirilməsi hər zaman Azərbaycanın qlobal baxışının hərəkətverici qüvvəsi olub. O, qeyd edib ki, BMT Baş Assambleyasının COVID-19 üzrə xüsusi sessiyasının keçirilməsi, peyvəndlərə bərabər və universal çıxış haqqında BMT qətnamələrinin qəbul olunması Azərbaycanın əksər üzvləri inkişaf etməkdə olan ölkələrdən ibarət Qoşulmama Hərəkatında sədrliyinin mühüm nəticələrindən biridir. Ölkəmiz həmçinin 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edib.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasına dair təşəbbüslərdən sonra hazırda Qoşulmama Hərəkatının qadın platformasının yaradılması üzərində işləyir. Bu, inkişaf məqsədlərinin həyata keçirilməsinə qadınların, gənclərin və parlamentarilərin verdiyi töhfələrin təsdiqidir.
    Spiker deyib ki, 2023-cü ilin sonuna qədər Qoşulmama Hərəkatı – G77 Birgə Koordinasiya Komitəsinin işinin canlandırılması Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin daha bir mühüm mərhələsi ola bilər. Bu, artan qarşılıqlı dəstəyi, birgə səyləri və inkişaf etməkdə olan ölkələrin daha yaxşı qarşılıqlı fəaliyyətini təmin edə bilər.
    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ölkəmizdə keçirilmiş sammit səviyyəli görüşü çərçivəsində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan parlamentin spikeri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb. Azərbaycan ilk donor kimi hər iki Qlobal Çağırış üçün 1 milyon ABŞ dolları ayırıb. Beynəlxalq ictimaiyyətin bu çağırışlara dəstək verməsi isə adıçəkilən ölkələrin davamlı inkişafı üçün çox vacibdir.
    Sahibə Qafarova çıxışına davam edərək bildirib ki, rəsmi inkişaf yardımı Azərbaycanın beynəlxalq inkişaf gündəmini təşviq etmək, eləcə də qlobal miqyasda inkişaf çağırışlarını daha yaxşı həll etmək üçün istifadə etdiyi mexanizmlərdən biridir. Azərbaycan tərəfindən 130-dan çox ölkəyə edilən beynəlxalq yardım insan və institusional potensialın yaradılmasına, qabaqcıl təcrübə mübadiləsi yolu ilə yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafın dəstəklənməsinə yönəlib.
    Azərbaycanın 2018-2023-cü illər ərzində əsasən G77 Qrupuna daxil olan 83 ölkədən olan tələbələrə tam ali təhsil təqaüdü verdiyini deyən Sahibə Qafarova bildirib ki, ölkəmiz Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir.
    Azərbaycan parlamentinin rəhbəri diqqətə çatdırıb ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Azərbaycan 2020-ci ildə öz ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. İşğalın dağıdıcı təsirlərini nəzərə alsaq, biz kifayət qədər böyük problemlə üz-üzəyik, çünki 8 şəhər və yüzlərlə kəndi, habelə bütün infrastrukturu sıfırdan qurmaq lazımdır. Lakin Azərbaycan böyük addımlar atır və ərazilərin azad edilməsindən keçən qısa müddət ərzində keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar.
    Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini deyən Milli Məclisin sədri, bunun regionda uzunmüddətli sülh və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib. Ölkəmizin proseslərə səmimi yanaşması, sadiqlik nümayiş etdirməsi fonunda Ermənistan əvvəllər əldə edilmiş razılaşmaları pozur, Azərbaycan ərazilərində separatizmi dəstəkləməklə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. Bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni qurumun keçirdiyi qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.
    Parlamentin spikeri deyib ki, beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz.
    Spiker, çıxışında həmçinin G77-nin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq əməkdaşlıq vasitəsilə sülh və inkişafı təşviq edən mühüm platforma olduğunu deyib.
    Bu gün dünyamızın böyüməkdə davam edən ciddi problemlərlə üz-üzə qaldığını və ənənəvi çağırışlarla yanaşı, yenilərinin də ortaya çıxdığını iştirakçıların nəzərinə çatdırıb. Bu çağırışların öhdəsindən gəlməkdə yaranan çətinliklərin inkişaf yolunda əldə olunan irəliləyişləri ləngitdiyini və hətta geriləməyə gətirib çıxarmaqla mənfi təsirləri də artırdığını deyən spiker, bunun inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqi daha da artırdığına diqqəti çəkib.
    Çıxışında Dayanıqlı İnkişaf Məqsədlərini qlobal çağırışların öhdəsindən gəlmək üçün mühüm alət adlandıran Milli Məclisin sədri bu məsələdə arzuolunan nəticələrin əldə olunması üçün hərtərəfli yanaşmanın əhəmiyyətini qeyd edib, bunun üçün yalnız Dayanıqlı İnkişaf Məqsədlərinin hər hansı ölkənin milli inkişaf proqramları və ya strategiyalarına daxil edilməsinin kifayət etmədiyini bildirib, bu çərçivədə potensialın yaradılmasının dəstəklənməsi, bilik və bacarıqların, ən qabaqcıl təcrübənin bölüşülməsi yolu ilə səylərin birləşdirilməsini zəruri hesab edib.
    Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində elm, texnologiya və innovasiyanın mühüm roluna toxunan parlamentin spikeri qeyd edib ki, elm, texnologiya və innovasiyanın milli inkişaf planlarına inteqrasiyası bu imkanların inkişafında geniş əməkdaşlıq vasitəsilə təşviq edilməlidir.
    Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş və Liviyada baş vermiş təbii fəlakətlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost Mərakeş və Liviya xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR