AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Seçkili orqanda təmsil olunmağı ictimai iş kimi dəyərləndirirəm"

  • + A
  • - A
  • 28-11-2023, 17:39

    "Seçkili orqanda təmsil olunmağı ictimai iş kimi dəyərləndirirəm"

    Millət vəkili Ülviyyə Həmzəyevanın AzadMedia.az-a müsahibəsi


    - Ülviyyə xanım, parlamentdə gənc yaşlarınızdan təmsil olunursuz. Bu o deməkdir ki, parlament təcrübəniz də çoxdur. Hətta sosial mediada da çox aktivsiz. Həm də Naxçıvandan Bakıya gedib-gəlirsiz. Məsafənin uzunluğu sizi yormur ki?

    - Bilirsiniz, mən parlamentdə təmsil olunmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşam. Seçkili orqanda təmsil olunmağı ictimai iş kimi dəyərləndirirəm. Ali məclisə seçilməmişdən öncə də tələbəlik illərindən ictimai sahədə olmuşam. Tələbə elmi cəmiyyətində fəaliyyət göstərmişəm, tələbəlik illərindən ailəmin və Ulu Öndərin Naxçıvanda Yeni Azərbaycan Partiyasını qurduğu dövrdə babamın üzv olduğu Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Bütün fəaliyyətim dövründə hər zaman insanların məni tanıdıqları kimi qalmağa çalışmışam. Dəyişməyi sevmirəm. Millət vəkili seçildikdən sonra məsuliyyətimin artdığını hiss etdim. Çünki insanlar onlar üçün nəsə edə biləcəyim qənaətində idilər və mən də onları məyus edə bilməzdim. Dövlətimizin sosial yönümlü iqtisadi siyasətinin insanlarımızı lazımi qayğıyla əhatə etdiyi kimi, mən də fəaliyyətimi əlimdən gələn qədər insanlara yardım etmək istiqamətində qurmuşam. Nə qədər bacarmışam bunu mən deyə bilmərəm.
    Sosial media məsələsinə gəlincə, bu sirr deyil ki artıq uşaqdan tutmuş nənə babalara qədər hər kəs sosial medianı izləyir. İctimai sahədə fəaliyyət göstərən biri üçün bu əvəzolunmaz ünsiyyət vasitəsidir. İnsanların sizin fəaliyyətinizə olan münasibətini öyrənmək, onların fikir və rəylərini nəzərə alaraq fəaliyyətinizdə diqqətə almaq və.s. üçün çox önəmli vasitədir.
    Bəzən ayda 5-6 dəfə paytaxta uçmalı oluram. Təbii ki fiziki olaraq biraz yorucudur. Əvvəllər bəzən bilet sarıdan çətinlik çəkirdim lakin bu məsələ artıq həllini tapıb. Ümumiyyətlə heç bir yol çətinliksiz olmur və bu kimi çətinlikləri bu yola çıxarkən əvvəlcədən görürdüm. Demək olar ki, artıq yorulmuram, bəlkə də vərdiş halına gəldiyi üçündür.

    - Sizcə, millət vəkili necə olmalıdır? Sosial mediada aktivlikdən çəkinməlidirmi yoxsa yox?

    - Əslində belə suallar çox aktualdır. Bu suallar hər bir peşə və vəzifə sahibinə ünvanlana bilər. Burda iki nüans var. Birincisi insanların səni görmək istədikləri kimi olmaqdır ki, bunu etməyə çalışsan cəmiyyətin ancaq bir qisminə bəlkə faydalı ola bilərsən çünki insanların istəkləri çoxdur və müxtəlifdir. Təsəvvür edin, yüz minlərlə insan və hər birinin fərqli dünyagörüşü və təbii ki fərqli baxış bucağı. İkincisi isə cəmiyyətə faydalı olmaq üçün insanlarla empatiya quraraq onların duyğu, istək və tələblərini anlamağa çalışmaq. Düşünürəm ki, emosional olaraq çox yorucu və bəzən hətta sağlamlıq üçün təhlükəli də olsa empatiya qurmaq daha vacibdir.
    “Sosial mediadan çəkinməli ya yox” sualı artıq aktuallığını itirib deyə bilərik. Bunu 15-20 il əvvəl bəlkə də düşünmək olardı. Lakin dəyişən dünyanın tələblərinə artıq istəsək də istəməsək də cavab verməliyik. Dünya çox sürətlə dəyişir və artıq uzunmüddətli planlar qurmaq, uzaq gələcək haqqında fikirlər yürütmək belə çətinləşib. Dəyişimlərə hər zaman hazır olmaq və insanlara fayda verə biləcək istənilən vasitələrdən istifadə etmək artıq zərurətdir. Sosial media da artıq həyatımıza daxil olmuş və düzgün istifadə edildiyi təqdirdə faydalı bir alətə çevrilib. İnsanlar biri- birilərini tanıyır, məmurunu, siyasətçisini, sənətçisini yaxından izləyir və fəaliyyətini qiymətləndirir. Əgər faydalı iş görürsənsə niyə çəkinməlisən?

    - Siz həm də rəssamsız. Parlamentdə ilk rəssam xanımsız. Parlament siyasət meydanıdır. Rəssamlıq isə yaradıcı sahədir. Bunları bir arada idarə etmək çətin deyil ki?

    - Parlamentə istər keçmişdə, istərsə də müasir dövrümüzdə bir çox peşə sahibləri təmsil olunmuşlar. Hər işə yaradıcı yanaşma əslində işi sadələşdirir, faydalılıq əmsalını artırır və unikal həll yollarının tapılmasına kömək edir. Rəssamlar da öz sənətləri vasitəsi ilə özünü ifadə etmək istəyi, gözəlliyə olan sevgi, istedadın inkişaf etdirilməsi, maddi-mənəvi ehtiyacların qarşılanması, məna axtarışı kimi bir çox xüsusiyyətlər yüksək inkişaf etmişdir deyə bilərəm. Bunlara vətənpərvərlik, insanlara faydalı olmaq hissi də əlavə olunduqda vəzifəmin öhdəsindən lazımınca gələ bilməyim üçün geniş imkanlar açılır. Bunu bir dəfə də demişəm ki hər sənət siyasidir əslində. Çünki yaşadığın dövlətin öz idarəetmə prinsipləri var və hər kəs də öz fəaliyyətini bu prisiplərə uyğun qurur. Təbii ki, sənət adamlarının dünyaya baxış bucağı fərqli ola bilər. Onlar bunu öz əsərlərində obrazlı və bəzən də ancaq özlərinin və sənəti dərk edən əsl sənətsevərlərin görə biləcəyi, duya biləcəyi şəkildə ifadə edirlər. Sənətimə hər zaman vaxt ayırmağa çalışıram. Yollara sərf olunan zamana hərdən buna görə heyfslənirəm. Ancaq sənətkara təb gəldisə necə olur olsun onu ifadə edəcək. Nə yalan deyim bəzən olur ki, hər hansı rəsmi tədbirdə də kiçik kağız parçasında də olsa əsər işləmişəm. Bu biraz da məndən asılı deyil.

    - Peşəkar rəssam olaraq sizcə bu gün bu sahədə vəziyyət necədir? İnsanların rəsm əsərlərinə maraq göstərməsi hansı səviyyədədir?

    - Əvvəla istərdim ki peşəkar rəssam anlayışına biraz aydınlıq gətirək. Peşəkar rəssam anlayışı bütün dünyada vaxtının əsas hissəsini rəsm çəkməyə həsr edən, güzəranını yalnız yaratdığı əsərlər ilə təmin edən rəssamlara aiddir. Əgər profesionallıq nöqteyi nəzərdən baxsaq bu zaman rəssamın qazandığı texniki bilik və bacarıqları nəzərdə tutula bilər. Hazırda ölkəmizdə yalnız rəsm əsərləri yaradaraq satan və bununla dolanan çox az sayda rəssam var. Ümumiyyətlə, istənilən incəsənət sahəsinə maddi dəstək olmadıqda inkişaf etməsi və tanınması qeyri- mümkün kimi görünür. Bəlkə də Van Qoqun qardaşı ona maddi dəstək olmasaydı biz onun bu qədər əsərini görməyəcəkdik və bəlkə də Van Qoq rəssam olmayacaqdı. Ölkəmizdə kifayət qədər professional rəssam var və deyə bilərəm ki onların yaradıcılıqları rəngarəngdir, unikaldır. Müstəqillik əldə etdikdən sonra dünyaya sürətlə inteqrasiya etməyimiz, dövlətimizin dəstəyi ilə xaricdə keçirilən sərgilərin çoxalması, internet və digər resurslara çıxış əldə edən rəssamlarımızın mövzu, janr və üslublarında böyük dəyişikliklər baş verdi. Xüsusilə sovet dövründə fəaliyyət göstərmiş rəssamların yaradıcılıqlarında bir çox dəyişikliklər baş verdi deyə bilərəm. Sənətşünaslarımızdan bunları tədqiq etmələrini çox istəyirəm. İnsanlarımız sənətə hər zaman maraq göstəriblər. İndi də keçirilən sərgilərdə publikanın marağını görmək olur. Lakin bu da bir reallıqdır ki artıq internet əsrindəyik və rəqəmsal rəsm əsərləri yaradan süni intellekt proqramları istənilən mövzuda və mürəkkəblikdə rəsm əsəri ortaya çıxara bilir. Xüsusilə gənc nəslin bu sahəyə marağı çoxdur və artmaqda davam edir. Bu da bir növ onlarda rəssamların yaratdıqları əsərlərə marağı azaldır. O ki qaldı əsl sənətsevərlərə, onlar proqramların və maşınların çap etdikləri rəsmlərdə insan emosiyalarını, rəssamın kətana toxunuşlarını hiss etmədikləri üçün yenə də böyük həvəslə sərgilərə gəlirlər və rəssamları bu sənəti davam etməyə həvəsləndirirlər.

    - Hətta müsahibələrinizin birində demisiz ki, babam “qadından rəssam olmaz” deyirdi. Siczə, babanız fikirlərində nə dərəcədə haqlı olub? Qadından rəssam olarmı, olmazmı?

    - Əslində bu sözün kökü tarixən qadınların hansısa sənət ustasının yanına gedib öyrənmək imkanlarının olmamasından qaynaqlanır. Dünyada qadına seçki hüququ belə demək olar ki 19 cu əsrin ortalarından verilməyə başlayıb. Təsəvür etmək belə çətindir ki hər hansı gənc qız vəya qadın kişi rəssamın yanına rəsm öyrənməyə getsin. Yəni rəssamların əksəriyətinin kişi olması yalnız buna görədi. Onlar rahatlıqla istədikləri peşəni öyrənə bilirdilər. Demokratiyanın inkişafı qadınlara kişilərlə bərabərlik gətirdi. Və son 100 ildə yüzlərlə qadın rəssam yetişdi və hətda əsərləri milyonlarla dollara satılanlar da var. Sənətkarın nə cinsi, nə dini, nə milliyəti qətiyyən önəmli deyil. Əsas olan bədii ifadə gücüdür.

    - Siz Naxçıvandan seçilən deputatsız. Həm də orada yaşayırsız. Bu gün Naxçıvanda ümumi vəziyyət necədi? Dəyişikliklər Naxçıvanı necə dəyişib? Vətəndaşlar yenilikləri necə qəbul edir?

    - Naxçıvan da bütün bölgələrimiz kimi Azərbaycanın bir hissəsidir. Dövlətimizin qəbul etdiyi bütün qanunlar burda da tətbiq olunur. Ölkə başçısı cənab İlham Əliyevin xalqımızın rifahının yüksəldilməsi istiqamətində apardığı uğurlu siyasəti nəticəsində bütün bölgələrimiz kimi Naxçıvanımız da günü gündən çiçəklənir. Bilirsiniz ki Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” -nı imzalamışdır. Bu proqram Naxçıvanın gələcək dövr üçün inkişafına böyük töhvələr verəcək. Proqramda nəzərdə tutulan layihələrin həyata keçirimısindən sonra əhalinin rifahı və ümumiyyətlə bölgənin siması əsaslı dəyişəcəkdir. Artıq bir çox işlərə başlanmışdır və əhali bunu hiss edir. İnsan psixologiyasının istənilən dəyişikliyə qarşı ilkin reaksiyası neqativdir və bu yaxşılığa doğru olsa belə. Bunu aşmağın yolu dəyişiklikləri insanlara doğru izah etməklə, onların bu işdə iştirakını təmin etməkdən keçir. Belə olduğu halda insanlar həvəslə bu işə qoşulur və daha böyük uğurlara nail olunur. Cəban Prezidentin tez-tez xalqa müraciət edərək ölkənin üzləşdiyi problemlər, onların həlli üçün aldığı qərarlar və təbii ki əldə olunmuş uğurlu nəticələri bölüşməsi xalqımızda gələcəyə inam, fəxarət hissləri oyadır. Naxçıvanda yaşayan insanlarımız hər zaman ölkə rəhbərinin yanındadır və islahatları daima dəstəkləyirlər.
    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR