“Cafe City”də bərbad xidmət – Bu yeməkləri yeməyin…
“Üstü qalsın”ın növbəti buraxılışı üçün uzun müddətdir sosial şəbəkələrdə tənqid olunan “Cafe City”ə üz tutdum. Bu restoranlar şəbəkəsi paytaxt Bakının bir çox yerində fəaliyyət göstərir. Ən məşhur filial isə Fəvvarələr Meydanında yerləşir. Elə mən də bunu nəzərə alaraq həmin restorana üz tutdum.
İlk olaraq onu qeyd edim ki, restoranla bağlı əksər şikayətlər yeməklərə aiddir. Məkana daxil olan kimi açıq havada yaradılan dizayn və aura xoşuma gəldi. Ancaq hava soyuq olduğuna görə içəridə oturmalı oldum. Qapıdan girən kimi məni qarşılayan boz rəngli divarlar bir az öncə yaranan xoş auraya mənfi təsir göstərdi. Yekə çılçıraqların asılı olduğu pilləkənlərlə yuxarı qalxdım. Restoranın ikinci mərtəbəsinin təmirə bağlandığını öyrəndim. Birinci mərtəbədə şəkillərdən yaradılan kitabxana stendinin yanındakı masaya əyləşdim. Üzü saqqallı, boz və qara zolaqlı, səliqəli geyimdə olan ofisiant menyunu təqdim etdi.
Menyunu vərəqləyə-vərəqləyə bir restoranda boz rəngə bu qədər üstünlük verilməsinin yaxşı olmadığını düşünürdüm. Düzdür, məkanın içi klassik üslubda dizayn edilmişdi. Ancaq bu dizayn qəhvəyi rənglə daha yaxşı ahəng yarada bilərdi. Divarlardan asılan köhnə, tozlu süni yarpaqlar isə xoş görüntü əks etdirmirdi. Bunun yerinə təbii yarpaqları olan sarmaşıqlar və ya retro əşyalar istifadə oluna bilərdi.
Gələk menyuya… Menyu keyfiyyətli olmasından əlavə, həm də cəlbedici idi. Çünki hər yeməyin xüsusi olaraq şəkli çəkilmiş, tərkibi yazılmış və qiyməti göstərilmişdi. Onu da qəbul edirəm ki, bu menyuda həqiqətən də yemək çeşidləri fərqli və çox idi. Bəlkə də elə buna görə yemək seçmək vaxtımı apardı. Nəhayət, ofisianta kartoflu draniklərin olduğu hisə verilmiş qızıl balıq salatı, toyuqlu “faxitas” və “tempura krevetlər” sifariş verdim. Yeməyi gözləyərkən bəzi restoran işçilərinin ucadan gülüb, danışmasının şahidi oldum. Düşünürəm ki, bu hal mənimlə yanaşı digər müştəriləri də narahat edirdi.
Sifarişdən 10 dəqiqə sonra salat təqdim olundu. Hisə verilmiş qızıl balıq, pomidor, qırmızı soğan, kahı, tartar sousu və kartoflu draniklərdən ibarət olan salatın qiyməti 16.50 AZN-dir. Salat tərkibindəki qızıl balığa görə bir qədər bahalı idi. Lakin yemək heç cəlbedici görünmürdü. İlk olaraq kartoflu draniklərin dadına baxdım.
Qızardılmış draniklər yumuşaq və soyuq idi. Yəqin ki, sadəcə qızdırılaraq mənə təqdim edilmişdi. Çünki soyuyub-qızdırılan kartofun dadı fərqli olur. Dadsız, duzsuz və soyuq draniklərin ardınca kahı salatının dadına baxdım. Bir-iki qaşıq sonra anladım ki, bu salatda istifadə olunan tərəvəzlər də təzə deyil. Məsələn, bir kahıya hər hansı sous vurduqda belə təzəliyi hiss olunur. Mən salatdan bu dadı ala bilmədim. Salatın məni niyə cəlb etmədiyinin səbəbini yavaş-yavaş başa düşürdüm. Dəfələrlə yediyim qızıl balığın dadını isə bu salatdan almaq mümkün deyildi. Sousunu da bəyənmədiyim üçün salatı yarımçıq qoymalı oldum.
Salatdan dərhal sonra başqa bir ofisiant toyuqlu “faxitas”ı gətirdi. Əslində bu yemək Meksika mətbəxinə aiddir və bir çox restoranlarda tavada bişə-bişə təqdim olunur. Lakin “Cafe City” mənə “faxitas”ı boşqabda servis etdi. Toyuq filesi, soğan, bolqar bibəri, lavaş, oreqano, xama, şirin çili sousunun olduğu yeməyin qiyməti 11.50 AZN-dir. Yemək isti və təzə idi. Ancaq doğranmış toyuq parçaları tam bişməmişdi. Bu, çox hiss olunurdu. İkinci məsələ budur ki, əslində bu yeməkdə daha çox rəngli bibərlər üstünlük təşkil etməli idi. Lakin şəkildən də gördüyü kimi yeməkdə bibərdən az istifadə olunmuşdu. “Faxitas” həm də iri-iri doğranmış soğanların çox olduğu bir yemək növüdür. Lakin bu restoranda təqdim edilən yeməkdə soğan azlıq təşkil edirdi. Aşpazın yeməkdə ədviyyatdan həddən artıq çox istifadə etməsi onun boğazımda ilişib qalmasına səbəb oldu. Dünyada bu yeməyin yanında mütləq limon və əlavə olaraq acı sous da verilir. Lakin “Cafe City” sadəcə xamayla kifayətlənmişdi.
Sonda tempura krevetlərinin dadına baxdım. Sözün düzü, yediyim yeməklər sırasında ən çox razı qaldığım krevetlər oldu. Çünki həm dadı həm də yanındakı sousu keyfiyyətli idi. 6 hissə krevet və sousun qiyməti isə 16.50 AZN-dir.
Yekun nəticə olaraq deyə bilərəm ki, mərkəzdə yerləşən əksər restoranlardan baha olan “Cafe City”də əsas yemək və salatın dadından razı qalmadım. Yəqin ki, yeməkləri və dizaynı ilə zövqümü oxşamayan bu restorana yenidən getmərəm.
Sonda mənə xidmət edən ofisiantdan hesabı istədim. Hesab bir su, bir meyvə şirəsi və yuxarıda sadaladıqlarım daxil olmaqla 49,10 AZN təşkil etdi. Restoran servis haqqı tələb etmədiyi üçün hesab kitabçasının arasına 4.00 AZN qoydum.