Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na himayəçilikdə ittiham edildi
Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun əməkdaşları rüşvət almaqda və cinayətlərə göz yummaqda günahlandırıldı
“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.
Hər səhər, təxminən saat 5.00-dan – 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…
Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”.
Bu iddia ilə haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev çıxış edib. Eynulla Fətullayev agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu facebookda paylaşaraq, altından aşağıdakı cümləni yazıb: “Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı!”
“Yeni Müsavat”ın əməkdaşı Qida Təhlükəsizliyi Agentliyinin, onun rəhbəri Qoşqar Təhməzlinin ünvanına səslənən korrupsiya ittihamlarına münasibət öyrənməyə çalışıb. Lakin QTA-dan ittihamlara susmaqla cavab veriblər.
Ümumiyyətlə, bu agentlik fəaliyyətdə olduğu dövrdə mətbuatla əlaqələr olduqca bərbad durumdadır, sorğular bir qayda olaraq cavabsız buraxılır.
Azərbaycanda “leş mafiyası”nın fəaliyyəti haqda isə illərdir ki, yazılar dərc edilir. 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayana qədər dövlət qurumları həmin yazılara reaksiya verir, ölmüş, murdar heyvan ətlərinin satışı ilə məşğul olanlar barəsində pis-yaxşı tədbirlər görürdü. QTA isə belə hallara qarşı sistemli, kəsərli tədbirlərin görülməsi zərurətindən yaranmışdı. Agentlik baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni həyata keçirməklə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə cavabdehdir. Həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xeyli müddətdir agentlik fəaliyyətdədir, amma gördüyü iş, qidaların təhlükəsizliyi üçün atdığı addımlar nəzərə çarpmır. “Leş mafiyası” QTA yaradılandan əvvəl hansı qaydada işləyirdisə, indi də həmin qaydada fəaliyyətdədir. Yəni qara bazara leş ət daşınması dayandırılmayıb. Ortada qara bazarda satılan leş ətlərdən QTA-ya pay çatması iddiası da var!
“Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…” iddiası çox ciddidir, agentliyin korrupsiyaya bulaşması ümumilikdə prezident səviyyəsində vətəndaşların qida təhlükəsizliyinin təmini ilə bağlı qərarına kölgə salır. Qeyd edək ki, illərdir rayonlardan Bakıya at, eşşək, hətta caynaqlı quşların, heyvanların ətləri gətirilərək digər heyvanların, quşların əti adı altında, yarımfabrikat şəklində satışının təşkilini dayandırmaq mümkün olmur.
2017-ci ilin fevralında prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün fərman imzalayıb. 2018-ci ildə fəaliyyətə başlayan agentlik ötən dönəmdə qeyri-şəffaf idarə edilib, mediadan gizli fəaliyyətdə olub. Agentliyin fəaliyyətindəki məxfiliyin “leş mafiyası” üzvlərinin xeyrinə olması da göz qabağındadır. Ötən 1 ildən artıq müddətdə QTA-nın “leş mafiyası”na qarşı təsirli tədbirləri olmayıb. Bu isə haqlı olaraq QTA-nın korrupsiya ittihamlarına tuş gətirib. Əgər gizlədiləsi bir iş yoxdursa, QTA gördüyü tədbirlərlə bağlı mətbuata niyə açıqlama verməsin? Niyə QTA-nın saytında təhlükəli qida və zəhərlənmələr haqda məlumatlar yerləşdirilməsin? Axı 1 il bu işlərin görülməsi üçün kifayət qədər böyük bir zaman kəsiyidir. Ölkə başçısı mətbuata açıqlamalar verdiyi bir vaxtda agentlik rəhbəri mediadan niyə gizlənir? Qoşqar Təhməzlinin ictimaiyyətdən gizlətmək istədiyi, gizli saxlamağa çalışdığı məsələlər korrupsiya ittihamları ilə bağlı ola bilərmi?
Suallar açıqdır və Qoşqar Təhməzli cavab verəcəyi təqdirdə ictimailəşdirməyə hazırıq.
QTA-ya yönəlik korrupsiya və rüşvət ittihamları, “leş mafiyası” ilə əlaqələri haqda iddialarla bağlı “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.
Qida üzrə ekspert Eyyub Hüseynov
Eyyub Hüseynov deyir ki, QTA yaradıldığı ilk gündən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edib:“Məktubda QTA-ya 20 illik təcrübəsi olan təşkilatımızın əlindən gələn köməyi əsirgəməyəcəyimizi bildirdim. QTA-nın əsasnaməsi mükəmməldir, ambisiozdur. Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən sənəddir. Bu gün Azərbaycanda HAPP sisteminə balıq və balıq məhsulları, kürü və fındıq qoşula bilib. Azərbaycanda bu gün çox sayda məhsullar istehsal olunur. Amma hələ də HAPP sisteminə qoşulmayıb. QTA bu məsələləri həll etməli idi. Mən yazdığım məktubda QTA-da şəffaflığın təmin olunması üçün ictimai təşkilatların təmsil olunmasını təklif etdim. Bu QTA-nın əsasnaməsində də qeyd olunub ki, kollegiya təşkil olunmalı, kollegiyada ictimai təşkilatlar ola bilər. Əgər şəffaf işləyirlərsə, ictimai təşkilatlar QTA-da təmsil olunmalıdır. Bunu qəbul etmədilər. Qoşqar Təhməzli ilə beynəlxalq konfranslardan birində görüşdük. O dedi ki, ictimai təşkilatlarla işləmək istəmir. Yəni şəffaflığa qarşıdırlar. Ölkə prezidentinin çox gözəl bir təşəbbüsü olan QTA-nın bu gün korrupsiya və rüşvətdə adının hallanması çox pis, neqativ haldır. Əgər bu ittihamlar doğrudursa, olduqca xoşagəlməz haldır. Dövlətin, hökumətin xalqa yönəlik addımları belə xoş olmayan şəkil almamalıdır. Şəffaflıq olmayan yerdə bu və digər qurumun fəaliyyəti ancaq neqativ çalarlarda ifadə olunacaq. Qoşqar Təhməzli ictimaiyyət qarşısına çıxıb hesabat verməlidir. Bunu onun təyin edildiyi vəzifə, ona göstərilən yüksək etimad tələb edir”.
Eyyub Hüseynov deyir ki, “leş mafiyası” ilə bağlı ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyi görüb: “QTA ictimaiyyətdən gizlənmək əvəzinə ictimaiyyətlə işləməli, sıx təmasda olmalıdır. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Kollegiya yaradıb, orada KİV və ictimaiyyət nümayəndələrinin təmsil olunması vacibdir. Əks halda, bu cür pis nəticələr olacaq”.
AİB sədri deyir ki, “leş mafiyası”nın fəaliyyəti bu gün də davam edir: “Rayonlarda, kəndlərdə heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Leş əti Bakıda satanlarla yanaşı, onu alanlar da məsuliyyətə cəlb olunmalıdır”.
E.Hüseynov bildirir ki, həmin murdar heyvanların ətlərini kolbasa, sosiska istehsalçılarının alması da istisna deyil:“QTA-nın 1003 qaynar xətti var. Həmin xəttə xoşagəlməz hal barədə vətəndaş Aydın Əliyev yanımdan müraciət etdi. QTA-dan verilən cavablar səmərəsizdir. Şəffaflıq təmin olunmasa, QTA-nın fəaliyyətində dönüş olmayacaq”.